Bu yaxınlarda “Ədəbiyyat” qəzetində Nizaməddin Şəmsizadənin “Duyğuların həsrəti” adlı şirin hüzn və qərib nostalji qoxuyan yazısını oxudum. Yazıda bəlkə də daha çox ədəbi diqqətsizlik ucbatından biryolluq ucqarda qalan, amma vaxtında ədəbiyyatda böyük gözləntilər doğuran, Yaradanın hazırda da hər dəfə bolluca ümidlər yağdırdığı həmin ucqarda öz təqaüdçü ömrünü yaşayan şairdən danışılırdı. Açığı, çox mütəəssir oldum və Nizaməddin müəllimə bu arazbarı yazıya görə Sınıq körpünün bəri üzündən təbərrük təşəkkürlər göndərirəm.
Əlbəttə, bunlar öz yasəmənli və yanıb-yaxılma yerində. Çünki bəzən də yazar təkcə ucqarda yaşadığı halda unudulmur. Mərkəzdə yaşadığı halda da diqqətdən kənarda qalır; haqqında o qədər yazılmır, Səməd Qaraçöp demiş, televizorda göstərmirlər, təltiflər qapısını döymür. Bir növ unudulmaz Məmməd Arazın:
Bəsimdir hər səhər təltif yerinə
qapımda küləyin əsibdir, vətən! –
misralarının cövhər cazibəsindəcə yaşayır. Üstəlik də iqtidar partiyalarının bəzi üdüləyib-tökən üzvləritək, hətta teatral tədbirlərə də dəvət almır. Vilayət onu təkcə seçki vaxtları xatırlayır. Və sairə… Baxmayaraq ki, o, bunların heç birinin ölüsü deyil, amma hətta “duyğular imperiyası”nda da çox şeyin bir cığal cızığı da var axı.
Bu yerdə bir az da arazbarı uzaqlara getmək lazım gəlir…
…Bir dəfə bir təsadüfi görüşdə rəhmətlik Alxan Binnətoğlunun yanında ürşəninnən-üröyşünnən Rəşid pəhləvana oxşayan bir nəfər gördüm. Sağ üzündə yanıq izi var idi. Kimliyini soruşdum. Alxan müəllim dedi ki, bu, mühərrir Əziz Dəlivəllidir. Təbii ki, Əziz müəllimin adını eşitmişdim. Amma üzünü görməmişdim. İnternetin də də hələ anfas-profilli şəkillərlə dolu vaxtlarına bir xeyli qalırdı. Etiraf edim ki, ədəbiyyat tariximizlə bağlı bu “mühərrir” sözündən indinin özündə də çox xoşum gəlir: məsələn, mühərrir Mirzə Cəlil. Alxan müəllim sanki ürəyimi oxumuşdu. Axı o, Əziz müəllimin ədəbi diapazonu geniş olduğuna görə, redaktor da deyə bilərdi, şair də, tərcüməçi də.
Sonralar Əziz müəllimi yaxından tanıdım. Amma elə əvvəllər də, indi altmış illik yubileyi ərəfəsində də eyni ədəbi çevrədəyik: Gürcüstan Yazıçılar Birliyinin tərkibindəki anadilli bölməmizin iki dərgisi – “Körük” və ikidilli “Sxivi”-“Şəfəq” dərgiləri bizi eyni baharıstan bağlarla bağlayır. Bölmə yeni-yeni qurulanda bu əmanətdar ədəbiyyata xatir yolda can qoyan Allahverdi Təhləli deyəndə ki, nə preambula, nə də postfaktum Əzizsiz keçməyəcək, mən də çox razı qaldım…
Burası da var ki, Əziz müəllim indi iki dərgimizin birində baş redaktorun müavini kimi getsə də baş redaktorluğu da çoxdan haqq eləyib; təcrübəsi də daha artıqdır: əmək fəaliyyətinə az qala hamımızın Haqqa hidayət təmizkar təcrübə keçdiyimiz hörmətli “Gürcüstan” qəzetində başlamış, uzun müddət “Sözün işığı” qəzetinə rəhbərlik etmişdir. Elmi dərəcəsi də var. Müxtəsəri, həmişə sözün işığında yaşamaqdadır!
Arada-sırada qədim-qayım Tiflisi də sözün işığına çıxaran Əziz müəllim cəmi bir dəfə yaşayış yerimdə – dünyanın qızıl çıxan qəsəbəsi olan Kazretidəki mənzilimizdə qonaq olub…
…Doqquz ilin söhbətidir. Nasaz vaxtıma düşmüşdü: Rafiq Hümmət, Tapdıq Yolçu, Cambul Məmmədli, Mirzə Məmmədoğlu və Əziz müəllim yastığım yüngül olsun deyə məni görməyə gəlmişdilər. Yemək-içməyə qədər də özləri ilə gətirmişdilər. Dünyanın ucqar deyilən yerində xata bir ha olmur. Xatalıtək, qəsəbədə işıq da keçmişdi. Şam yandırmışdıq. Yadımdadır. Əziz müəllim iri cüssəli olduğundan bir tərəfə çəkilib oturmuşdu ki, işığın qabağını kəsməsin. Sonra ad günündən söz düşdü və belə məlum oldu ki, yaxında Əziz müəllimin ad günüdür. Sən demə, həmin yaxın gün də oktyabrın 14-ü imiş. Unudulmaz Məmməd Arazın tarixi olduğundan bu tarixi az qala əyyami-qədimdən əzbərləmişdim və ürəkləndim ki, həyat bu cür xoş zərurət və təsadüflərlə doludur: yəni xoş halına o şairin ki, hətta ad günü də başqa bir şairi də xatırladır!
Bu da yadımdadır ki, trombum aşağı düşsün deyə, ədəbi məkanımız ədəbi Gürcüstan olan dostlar mənə gürcü mətbəxinə məxsus dğemali – alçadan hazırlanmış ədviyyə içizdirdilər. Bu turşməzə alça mayesinin doğrudan da xeyri dəydi. Maraqlıdır ki, ərəbcədən çevirmədə “ədviyyə” sözü dava-dərman anlamını da verir. Əziz müəllimgil tərəflərdə dğemalini elə məharətlə, elə ustalıqla hazırlayırlar ki, hətta gürcü qardaşlarımızdan həsəd aparanlar da olur. Deyirəm, ay Əziz müəllim, kaş Yetim Gürcünün zamanında yaşayaydıq və bu dğemalidən bircə qab ona da ərməğan edəydik; bəlkə onun da dərdinə dərman olardı…
Bayırdakı soyuq səbəbindən qonaqları elə pəjmürdə pəncərədəncə yola saldım. Əziz müəllim damağında siqaret öz maşınının faralarının işığında mənə birdən-birə gəzərgi yanar dağı xatırlatdı. Üzündəki yanıq izinə gəlincə, bu qoca dünyanın işləri belədir ki, adamlar bəzən şairlərin könüllərindəki sınıqlardan artıq, qollarındakı sınıqlardan söz açırlar, duyğularındakı yaralardan çox, ayaqlarındakı yaralardan danışırlar. Təəəssüf ki, iç yanıqları da, üz yanıqları da eyni oxşar filhəqiqət minvalla bərqərar və biqərardır…
İndi-indi ağlıma gəlir ki, bəlkə elə Səməd Qaraçöp də içimizdəki, daxili dünyamızdakı yanıqlar səbəbindən öz “Yaylaq havası”nı elə Əziz müəllim üçün, sənin üçün, mənim üçün yazmışdır:
Elə bil bu yerin altı yanıqdır,
Odundan-suyundan yanıqdı bu yer.
Bu yerin çiçəyi-otu yanıqdı,
Görkəmdən-suyumdan yanıqdı bu yer…
…çıxdığı torpağı yandırır şeir.
Əziz müəllim əsərlərini həm ana dilimizdə, həm də rusca yazır. Bu da onun orta məktəbi rus dilində bitirdiyindən irəli gəlir. Əgər bu günlərdə onun “Bu pəlmə ömrümü sərsəm, pələsəng…” misrası ilə başlayan şeirini oxumasaydım, bəlkə də haqqında çizgilərini çoxdan çəkməkdə olduğum yazı içimdə yenə də yana-yana, közərə-közərə, yanıq-yanıq gələn ilə qalacaqdı. Çünki həm Əziz müəllimin özü o qədər təvazökardır, həm də mənim arada-sırada bəzi yanar dağlar daxil yazıları sonralara saxlamaq istəklərim də olur.
Pəlmə – tutqun, yarıişıq mənalarını verir. Amma Əziz müəllimin yanında insan özünü tamnurlu, tamişıqlı hiss edir. Onun ana dilimizdəki həlim, səmimi şeirlərindən dolayı, rusca qələmə aldığı “Жизнь в закате”, “Май”, “Словно сам не свой”, “Тбилиси” maraqla oxuduğum şeirlərindəndir.
Yazılı ədəbiyyatımızda aşıq şeiri tərzi deyilən bir tərz var. Əziz müəllimin əksər yazılarına bu sehrli, şirin və səmimi tərzin çalarları hopub. Amma hər yazıda mütləq bir də bir “Yanıq Kərəmi” əlaməti var.
…Unudulmaz Mahmud Kaşğari bəzən adamlara Türküstan hüznü dolu: – Köküng kim? – sualını verirmiş.
Əziz Dəlivəllinin kökü-gövdəsi, kökü-budağı – gürcücədən və ruscadan gözəl tərcümələri də daxil – Sözdür!
…Haydı, Sözün sönməz işığına doğru!
Həm də könüllü!
İBRAHİMXƏLİL
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.