"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı
Türkiyədə bir vaxtlar Əhməd bəy Ağaoğlunun adını daşımış küçənin yenidən bərpasına dair
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan,
baş nazir Binəli Yıldırım və
Ankara Bələdiyyə Başkanı Melih Gökçekə
bu gün müraciət ünvanlayıb.
Müraciəti təqdim edirik:
Hörmətli Tayyib bəy!
Müraciətimizə bir az tarixdən başlamaq istəyirik. 1918-ci ildə Azərbaycanın istiqlalının əldə olunmasında müasir Türkiyənin siyasi varisi olan Osmanlı dövlətinin oynadığı rol olduqca böyükdür. Bu barədə geniş izahata ehtiyac yoxdur. Çanakkale mücadilesində, Türkiyənin istiqlal savaşında da Azərbaycan xalqının göstərdiyi dəstəyin də tarixdə örnəyi çox azdır. Bu barədə müxtəlif tarix kitablarında, Türkiyə və Azərbaycan alimlərinin monoqrafiyalarında kifayət qədər faktlar var. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu kimi Azərbaycan türkləri Türkiyənin istiqlal savaşının əsas öncüllərindən, həm də ideoloqlarındandır.
Bu gün erməni işğalı altında olan Şuşada 1869-cu ildə doğulan, Fransanın Sarbon Universitetində ali hüquq təhsili alan Əhməd bəy Ağaoğlu Türkiyənin ictimai-siyasi həyatında böyük rol oynayıb, 1914-cu ildə Afyondan millət vəkili seçilib. Atatürkün yaxın silahdaşı kimi azadlıq savaşında əsas ideoloqlardan biri olub. 1923-cü ildə Qarsdan millət vəkili seçilib. Bir müddət Türkiyənin ümumi mətbuat müdiri vəzifəsində çalışıb, çoxsaylı qəzetlər, dərgilər çap edib. Milli qeyrət və fəaliyyətinə görə Maltada sürgün həyatı yaşayıb. Ə.Ağaoğlu Türkiyənin rəsmi dövlət qəzeti "Hakimiyyəti-milliyə”nin baş redaktoru kimi ideoloji savaş aparıb. Atatürkün rəhbərliyi ilə Ana Yasanın yazılmasında yaxından iştirak edib. Bu gün də Türkiyənin Ana Yasasının əsas sütunu olan "Hakimiyyət millətə məxsusdur” prinsipinin əsas müəlliflərindəndir. Ə.Ağaoğlu Türkiyənin ilk hüquq professorudur. Vaxtı ilə onun yazdığı kitablardan Türkiyə ali məktəblərində bu gün də istifadə olunur. Ə.Ağaoğlu bu gün də dünyaya həqiqətləri çatdıran Anadolu Agentliyinin təsisçisi və ilk qurucusudur.
Hörmətli Tayyib bəy!
Ə.Ağaoğlu barədə bu qısa xatırlatmanı ona görə etdik ki, 1939-cu ildə ölümündən sonra Türkiyədə onun adıəbədiləşdirilib.
Çankaya ətrafındakı küçələrdən biri Ə.Ağaoğlunun adını daşıyıb, lakin 1970-ci illərdən sonra küçənin adı dəyişdirilərək Vyana adlandırılıb.
Əhməd bəyin övladları, Türkiyənin ilk qadın hüquqşünası Sürəyya Ağaoğlu, Türkiyənin ticarət və sənaye naziri, bir müddət baş nazirin müavini kimi çalışan və bu gün də adı hörmətlə çəkilən Samed Ağaoğlu dəfələrlə hakimiyyət orqanlarına ədalətin bərpa olunması üçün müraciət etsələr də nəticəsi olmayıb. Bu barədə Sürəyya Ağaoğlu "Bir ömür böylə keçdi” memuarında ətraflı yazıb, baş nazir, Cümhuriyyət Xalq Partiyası sədri Bülənt Ecevitə, Ankara Bələdiyyə başkanı Vedat Dalokoya yazdığı və aldığı məktubları dərc edib.
Hörmətli Tayyib bəy!
İnanırıq ki, Sizin göstərişiniz sayəsində həqiqət bərpa olunacaq, Türkiyə və Azərbaycan Cümhuriyyətlərinin qurulmasında əvəzsiz rol oynayan mütəfəkkir Əhməd bəy Ağaoğlunun adı yenidən əbədiləşdiriləcək.
Hörmətlə
Qənirə Paşayeva
Millət vəkili, ABAİ-nin sədri
Akif Aşırlı
"Şərq” qəzetinin baş redaktoru.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.