Xədicəxanım 2014-cü ildə İran İslam Respublkasının Tehran şəhərində, Əl-Mustafa universitetində “İslam maarifi, islamda əhkam” islam şəriəti üzrə onlayn təhsil alıb.
Hazırda "Hüseyn Aşiqləri" ziyarət şirkətində qadın rəhbəridir.
Ailəlidir. 2 övladı - bir qızı, bir oğulu övladı var; hər ikisi də ailəlidir.
Xədicəxanımın poeziyaya da böyük marağı var, bir çox şeir və qəzəllərin müəllifidir.
Biz də Xədicəxanıma işlərində və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq.
Məlahət SAHİBQIZL,
AYB-nin və AJB-nin üzvü, "Borçalı" nəşriyyatının redaktoru
ZiM.Az
MAŞTAĞA KƏNDİNİN İGİD ASLANI
Şəhidlik hər kəsə qismət olmayır,
Şəhidin izni var, icazəsi var.
Allahın nəzəri altda yaşayır,
Şəhidlik möhürün Zəhra imzalar.
Maştağa kəndinin igid Aslanı,
Ayrılıb dostlardan cəbhəyə getdi.
Öpüb üz-gözündən kiçik Altayı,
Ata, anasına əmanət etdi.
"Altayı kişi tək çalış böyüt sən!",
Vəsiyyət eylədi öz xanımına.
"Ölərsəm şəhidəm, qalsam qaziyəm",
Son sözü bu oldu can atasına.
Hər işə gedərkən ətir vurarmış,
O gündə O, həmin ətri vurmuşdu.
Qoxusu başqaydı sanki o günü,
Elə bil Cənnətdən ətir saçmışdı.
Son döyüş öncəsi son zəngi gəldi,
"Anacan, sən bizi çoxlu dua et!"
Bu sözü ananın qəlbini dəldi,
Ya Rəbb, balaların Sən dadına yet!.
O gecə sübhədək yatmadı ana,
Az qaldı ürəyi bir an dayana.
Qələbə duası yolladı ona,
Yaman nigarandı, yatarmı ana?
O gecə yağış da möhkəm yağırdı,
Sanki asiman da matəm içində.
"Aslanım, can oğlum!" Ana çağırdı.
Dilində duası, Quran əlində.
Oğlunla fəxr eylə şəhid anası,
Sağalmaz sinəndə bala yarası.
Şəhidlik zirvəsi o qədər uca,
Bu ada layiqdi Zəhra balası.
ANA
Apar məni körpəliyə, ay ana,
Qorxuram ürəyim qəm, dərddən yana.
Nə olar yenidən laylay deyəsən,
Qanadı qırılmış körpə balana.
Apar məni körpəliyə ay ana,
Razıyam tək dizim qana boyana.
Xoşbəxt nağıllar de, gözəl səsinlə,
Həyat yollarında azıb qalana.
Apar məni körpəliyə ay ana,
Saf, məsum illərin gözəl çağına.
Səadət axtarım, qayıdım geri,
Zəhra qurban ülvi ana adina.
***
İstədim anacan bir şeir yazım,
Hər ötən günümü sənə anlatım.
Axıdım hər sətrə göz yaşlarımı,
Sənsiz ötüb keçən hər bir anımı.
Necə axtarmışam səni gecələr,
Necə açılıbdı sənsiz səhərim.
Nədəndir ay ana üzündə kədər?
Param-parçadır bir bax ürəyim.
Gecələr üstümü örtən əllərin,
Səhərlər telimi darayır Ana.
Hələ də yadımda o son sözlərin,
Yoxluğun qəlbimi ağrıdır Ana!
İl keçdi gözlərim yenə axtarır,
Bir gecə qonaq gəl evinə Ana.
Məzarın üstündə balan ağlayır,
Nə olar səsinə bir səs ver Ana!
***
Sübh çağı.. Yatmayıb, oyaqdır ana,
Oğlu yuxusunda söyləmiş ona:
Düşmənin gülləsi önümdən keçdi,
De, hansı duanı oxudun ana?
Ağlama gözəlim, ağlama ana,
Dua et ordumuz zəfər qazana.
Əsgərin düşməni ot kimi biçir,
De, hansı duanı oxudun ana?
Mələklər ordusun düzüb yan-yana,
Tanrı da köməkdir Azərbaycana.
Ölərsə şəhidlik zirvəsin seçir,
De, hansı duanı oxudun ana?
***
Sən olan dünyada nədən qorxum ki..?,
Can verir nəfəsin, nədən solum ki..?
Gizlicə arada küssəm də Səndən,
Gülürsə gözlərim nədən dolum ki..?
Qorxmuram yağışdan, qorxmuram qardan,
Həyatın ən çətin sınaqlarından,
Qoruyur varlığın, saf məhəbbətin,
Gözlə görünməyən hər cür bəladan.
Qoymadın kədəri yaxına gələ,
Həsrət ayrılıqla bəxtimə gülə.
Kimsəyə ümid yox, ağlasam əgər,
O isti əllərin göz yaşım silə...
Görəsən hardadır indi səadət?
Görəsən hardadır indi səadət?
Görən məndən uzaq neçin gəzir o?
Neçin özgələrə olur o qonaq?
Bəlkə varlığımı tamam ǝzir o,
Özgə qapısını edincǝ soraq.
Görəsən hardadır indi səadət?
Niyə dağ çəkdirir sınıq qəlbimə?
Əlini biryolluq üzübmü məndən?
Soyuq qış gününü yazıb bəxtimə,
Günəşli baharı alıb əlimdən.
Görəsən hardadır indi səadət?
Niyə tələsdirir illəri görən?
Çiçəkli dağlarda elə bil azıb.
Bəlkə xoşbəxtliyi alıb əlimdən,
Özümə bir soyuq məzar da qazıb.
***
Dünyanı ki, dərk edəmmədim mən
Hər zövqü-səfa verəndə dünya,
Kim agah ola yəqin bu röya,
Hər sonda gələn əzəldü aya.
Dünyanı ki, dərk edəmmədim mən.
Bu həqqi-yəqindi olma naçar,
Bu aləmü eşq deyildü bazar,
Bu cǝngü cidada tapdım azar.
Dünyanı ki, dərk edəmmədim mən.
Zəhr olsa əgər sifati ziba,
Yox bir savabı günahı dərya,
Zəhra edəcək bu sirrə məna,
Dünyanı ki, dərk edəmmədim mən.
Balaca qızcığazın böyük dərdi...
Oxuma, oxuma, artıq qızcığaz,
İndi bir dünyadır oxumaq olmaz.
Sorma məndən bu dünyanın sirrini,
Bir qızcığaz aciz qalıb suala.
Hər tərəfdə ölüm, vəhşət qoxusu,
Çətin belə bu dünyadan iz qala.
Toplar atəş açır Təkbir səsiylə,
Ölən, öldürən də Allah çağırır.
Nə bir rəhm eləyən, nə mərhəmət var,
Göylər də bəşərçün lənət yağdırır.
Demə xoş gələcək gözləyir bizi,
Artıq alışmışıq zülmət dünyaya.
Çörək, suyumuz da dönübdür qana,
İndi bəhanə yox, hər şey bǝhaya.
Zəhra, gəlinciklə oyna düşünmə,
Hər yanda təhlükə, hər tərəf azar.
Əldən gedə-gedə azad günlərin,
Hələ böyüməmiş qazılır məzar.
Oxuma, oxuma, artıq qızcığaz,
İndi bir dünyadır oxumaq olmaz.
***
Xoşbəxtliyi nə xoş dadsa insanlar,
Göz yaşı tökməsə körpə fidanlar.
Uşaqlar gülərsə yaşayar dünya,
Hər cocuk qəlbində böyük arzular.
Səfalət içində ağrı, acına,
Oynayan dünyanın ehtiyacına.
Niyyəti, arzusu bir quru çörək,
Bir də xoş kəlmənin o möhtacına.
Dünyada nə vaxtsa olar ədalət,
İnsanlıq qəlbində sevgi, məhəbbət.
Ağlamaz bir daha səfil, tifillər,
Zülm edən kəslərə lənət, həp lənət!
Məsumə sevinər o vaxt, o zaman,
Qurusun bu çaylar göz yaşlarından.
Rəhmini bizlərdən əskik etmə
Sən, Sən, ey uca Tanrım, böyük Yaradan.
***
Aydın səma, mavi dəniz, bir də biz,
İlk görüş qəlbimə yazıb gözəl iz.
Ağ, sakit dalğalar, ay bədirlənmiş,
Həyəcan, sevgidən donub əlimiz.
Ləpələr kükrəyib dəydikcə dizə,
Səni qısqanmışdım o gün dənizə.
Sevdalı könlümün dindirib telin,
Danışdı baxışlar, baxdıq göz - gözə.
Bir ümid işığı yandı qəlbimdə,
Sandım isidərsən məni sevgində.
Ruhuma axacaq o xoşbəxtliyi,
Axtardım sahildə, sübhün şehində.
Gözlər yolumuzu o sakit dəniz,
Sahil də, dəniz də darıxır bizsiz.
Dalğalar da coşub gəlmir sahilə,
Qorxur ki, pozular, itǝr izimiz.
***
Nədənsə bu dünya çox qəribədir,
Sevəni sevməyir yüz yol ağladır.
Qaçsam da qüssənin, qəmin əlindən,
Hər gələn bəlaya məni uğradır.
Nədənsə bu dünya çox qəribədir,
Ağardır saçımı bax dənə dənə.
Gözlərin yaşından şəlalə qurub,
Naxışlar vurubdur insan ömrünə.
Nədənsə bu dünya çox qəribədir,
Qəhr olur arzular, diləklər heyhat.
Boğduqca qəlbimdə nakam sevgini
Anladım onda ki, nədir bu həyat.
Nədənsə bu dünya çox qəribədir,
Məsumluq gözəldi, mənəm Məsumə,
Qəlbimin evində tək Allah yaşar,
Odur rəvac verən mənim eşqimə.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.