DƏLLƏR KƏNDİ

DƏLLƏR KƏNDİ DƏLLƏR KƏNDİ DƏLLƏR KƏNDİ DƏLLƏR - Qədim Borçalı mahalının Bolulus (in­diki Bolnisi) rayonunda kənd adıdır. Öncədən qeyd edək ki, qədim Borçalı mahalında Dəllər adında iki kənd vardır. Bu kənd­­lərdən birinin adı - Baş­keçid rayonundakı Dağ Dəlləri kən­di, hələlik öz tarixi adını daşısa da, Bolnisi rayonundakı Aran Dəl­ləri kən­din­in «bəxti» gətir­məmiş, «gür­cü qardaşlarımız» onun tarixi adı­nı dəyişib «Mu­şevani» qoy­muşlar. Beləliklə də, kən­din tarixi adı yadlaşdırılmışdır.

Rayon mərkə­zin­dən 14 km günbatarda, Maşaver çayının sağ sahilində, dəniz səviyyəsindən 750 m yüksəklikdə yer­ləşən Aran Dəllər kəndində 1870-ci ildə 7 ailədə 47 nəfər; 1918-ci ildə 198 nəfər; 1926-cı ildə 53 ailədə 314 nəfər; 2002-ci ildə 290 ailədə 1194 nəfər (607 kişi, 587 qadın), 2006-cı ildə 246 ailədə 1200 nəfər nəfər yaşayıb. (Bax: Ş.Məmmədli. Gürcüstan Azərbaycanlıları. Tbilisi, 2002, səh. 14.) Ha­zırda bu kənddə 1250 nə­fər­dən çox soy­daşımız ya­şayır.

Kənddə 1931-ci ildən Azərbaycan məktəbi fəaliyyət göstərir.

Onu da qeyd edək ki, Dəllər orta məktəbinin inkişafında kəndin yetirməsi, Əmək veteranı Təhməz Abbasovun zəhməti danılmazdır. O, 1959-cu ildə Marneuli rayonunda iki illik Pedoqoji Texnikumu bitirdikdən sonra doğma kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimimi və müdir kimi fəaliyyətə başlamış, 1964-cü ildə ibtidai məktəbi 8 illiyə çevirmiş və direktor təyin olunmuşdur. T.Abbasov 1967-ci ildə Bakıda indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirdikdən sonra kəndindəki məktəbin orta məktəbə çevrilməsinə çalışmış, bilavasitə onun təşəbbüsü və tələbkarlığı sayəsində 1975-ci ildə təzə üçmərtəbəli məktəb binası tikilib istifadəyə verilmiş və nəhayət ki, 8 illik məktəb orta məktəbə çevrilmişdir.

Daha sonralar isə Dəllər orta məktəbinə tanınmış təhsil işçisi Əlixan Yəhyaoğlu (Məmmədov) rəhbərlik edib.
O, 1984-cü ildən 1999-cu ilədək Muşevan orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində çalışıb. Uzun illər təhsil sahədəki xidmətlərinə görə 2001-ci ildə Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.
Hazırda o, Bolnisi Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və "Ümid" qəzetinin redaktorudur.

El ağsaqqalları Təhməz Abbasov, Hüseyn İmanoğlu, Alı Sa­rıoğlu, Yəh­ya Məmmədoğlu, Səməd Süleymanoğlu, Vəkil Sa­rıyev, Əl­mə­dəd Muxtarov, tanınmış təhsil işçisi, "Şərəf" ordenli şair-jurnalist Əlixan Yəhyaoğlu, tanınmış el sənətkarları - Aşıq Kövrək Murad, Aşıq Əhəd, Aşıq Əli, Aşıq Ba­fə­li, Zurnaçı Söyün, tanınmış jurnalistlər İb­rahim­xəlil Tamıyev, İradə Kövrək, xey­riyyəçi Eldəniz Yəhyaoğlu, alimlər Əlican Sarı­yev, Şamo İsrafilov və b. bu kəndin ye­­tir­­­mələridirlər.



Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.
Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.
Yaxında 10–11-ci əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb.
Pir deyilən yerdəki qəbirüstü daşda kaman, saz çalıb-oxuyan aşıq təsviri diqqəti çəkir.

Dəllər adlı kəndlər, yəni Aran Dəllər və Dağ Dəllər ta­rixi mənbələrdə hələ 1728-ci ildə qey­də alın­­mışdır.
Bun­dan baş­qa, Marneuli rayonundakı Ha­cıisə­kənddə - Dəli­əh­­mədli, Dəliha­sannı, Də­libaşlar, Yuxa­rı Sa­­ral kəndində - Də­li­bay­ram­­lı, Ambarlı - Amba­rovka kən­din­də - Dəliyənli, Bol­nisi rayonundakı Kolagir kən­dində Dəl­­lər və s. nəsil ad­ları möv­cud­dur.
Dəllər to­ponimik adla­rının tə­şəkkül tap­dığı sözlər əsasında düzələn kənd adlarına Azər­baycanda da rast gəlirik.
O cümlədən, Ağsu və Saatlı ra­yon­larında Dəlilər adlı kənd­lər, Şəmkir rayonunda Dəlilər adlı şə­hər tipli qəsəbə, Dəlilər Cəyir, Dəlilər Cırdaxan adlı kənd­lər, Zərdab rayo­nunda Dəli Quşçu adlı kənd və Go­ran­­boy ra­yonunda Dəli­məm­mədli adlı şəhər tipli qəsəbə vardır.

Həmçinin, bu qrup toponimlərə Qərbi Azərbaycanın (in­diki Ermənistanın) sabiq İrəvan quberniyasının Yeni Bayazid (Novobayazid) qəzasında Dəllər, Ağcaqala nahiyəsində Dəli­lər (1590-cu ildən qeyd olunub), Kami nahiyəsində və Alek­san­dropol qəzasında Dəlilər (1728-ci ildə qeydə alınıb) və sabiq İrəvan qəzasında Böyük Dəllər adlı kəndlər ol­muş­dur.

Yuxarıda adları qeyd olunan kənd adlarına nəzər saldıq­da aydın olur ki, həmin kənd adları «tele» adlı etnonim əsa­sın­­da formalaşmışdır.
Tarixdən məlumdur ki, türkköklü qə­dim tayfalardan biri də «tele» tayfaları olmuşdur.
Bu tayfa xal­­qımızın etnogenezisində yaxından iştirak etmişdir.
Bunu həmin tayfa adı əsasında düzələn toponimik vahidlər və on­ların müxtəlif bölgələrdə yayılması da təsdiq edir.
Belə ki, dəli etnonimi «tele» şəklində hunların bir tirəsinin adı ki­mi mə­lumdur.

Tarixi mənbələrin verdiyi məlumata görə, «te­le­lər» qədim zamanlarda Balxaş gölü ətrafında yaşamış və hun tayfa birləşmələrinə daxil olmuşdur.
«Tele» tayfası VI əsrin ortalarında Dağıstana qədər uzanan türk xaqanlığının tərki­bi­nə daxil olmuş və əsas etibarilə Xəzər dənizi sahil­lərində məs­kən salmışdır. Mənbələrə əsasən söyləmək olar ki, era­mızın VI-VII əsrlərində «tele» tayfası Azərbaycanda və onun hüdudlarında oturaq həyat keçirməyə başlamışlar.

Dilimizin sonrakı inkişaf prosesində «tele» sözü «dele» və ya «dəli» kimi formalaşmış və sonralar ona «-lər» şə­kil­çisi artırılmışdır.
Deməli, dəli etnonimi «tele» sözü əsa­sında tə­şəkkül tapmışdır.

Belə ki, «dəli» sözü əvvəllər dili­mizdə həm tayfa adı, həm də «igid, cəngavər, qoçaq, cəsur, çılğın, qəhrəman, döyüşçü» mənalarında işlənmişdir.
Ümu­milikdə isə, «dəli» tayfası «igid və cəngavər» tayfa məzmu­nunu bil­di­rir.

Heç təsadüfi deyil ki, mədəniyyətimizin ensik­lo­­pediyası hesab olunan «Kitabi-Dədə Qorqud» das­tan­larında - Dəli Dom­r­ul, Dəli Dondar, Dəli Qoçar, «Ko­roğ­lu» dasta­nında - Də­li Koroğlu, Dəli Həsən, Koroğlunun dəliləri, «dəli nərə çək­­mək» kimi antroponomik və leksik vahidlər forma­laş­mış­dır.

Bu da «tele» tayfasının döyüşkən və cəngavər türk tay­fası olmasına dəlalət edir.
«Dəli» sözünü Nəsimi də hə­min mə­nada işlətmişdir: «Düşdü yenə dəli könül gözlə­rinin xə­yali­nə» və s.

Onu da qeyd edək ki, hələ orta əsrlərdən də əvvəl mövcud olmuş Aran Dəlləri qədim Borçalının Bağ bölgəsindədir, cənub tərəf­dən me­şələrlə örtülü dağa söykənib, sanki həmin dağ­dan güc alır...
Dağ Dəlləri isə, qədim Borçalının Dağ böl­gəsində Başkeçid na­hi­yə­sinin düzənliyində yerləşir, əksər vaxtlar çən-çiçkin altında olsa da, həmişə saf və tə­miz ha­vada ağır-ağır nəfəs alır… Bu kəndlər ara­sındakı mə­­­sa­­fə coğ­­­­­rafi miqyasla təxminən 15-20 kilometr olar.
Hər iki kən­din ab-havası, sanki, Koroğlunun Çənlibelini xatırla­dır...

Qədim Borçalı mahalında, Dəllər kəndlərinin yaxınlığında, hələ orta əsrlərdən bəri Dəllər toponimii ilə ilgili daha iki oronim - dağ adları da indiyədək xal­qın yaddaşında yaşa­maq­dadır.
Bunlardan biri çox yüksək olmayan Yumru çalda (dağ­­da) yerləşən, möhtəşəm qaladır.
Orta əsrlərdən üzü bəri bu qala Koroğlu qalası adı ilə xalqın yaddaşında yaşamaq­dadır.
İkinci oronim isə, Dəliklidaş adla­nır. Dəllər kəndlərini Koroğlu qalasının və Dəliklidaşı xatır­layanda, həmin anda, istər istəməz «Koroğlu» dasta­nın­dan bir epizod yada düşür.
Dastanının «Qulun qaçması» qolunda Koroğlu de­yir:

Bir qul qaçırmışam Ərəbistana,
Arayın, axtarın, tapın, gətirin.
Girmiş olsa, Dəliklidaşa,
Fərhadı aparın çapın gətirin.


Dəliklidaş coğrafi miqyasına görə, Aran və Dağ Dəlləri kənd­­ləri arasında təxminən orta məsafədə, hər tərəfi sıldı­rım­lı qayalar olan Meşəvari dağ çayının sahillərində yerlə­şir. Deməli Koroğlu­nun qaçan dəlisi yalnız Dəliklidaşda gizlənə bilər. Odur ki, Ko­roğlu qaçan dəlisini Dəliklidaşda axtar­ma­ğı məsləhət bi­lir.
Yuxarıda qeyd olunan oykonimlər - kənd adları da, oro­nim­lər də indi də xalq arasında fəal şəkildə işlənməkdədir.



DƏLLƏR KƏNDİ P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: