QABAL - Qədim Oğuz yurdu...

QABAL - Qədim Oğuz yurdu.
Gürcüstanda - Laqodexi rayonundakı ən qədim kəndlərdən biri...



QABAL - Qədim Oğuz yurdu... LAQODEXİ RAYONU:

Laqodexi rayonu - Gürcüstanın şərq rayonlarından biridir. Tbilisidən 154 km uzaqda yerləşir. Ərazisindən Tbilisi-Balakən avtomobil yolu keçir, dövlət qoruğu var.

Hüdudları: şərqdə Azərbaycan Respublikası, şimalda Dağıstan, cənubda Gürcüani və Siğnaxi, qərbdə Kvareli rayonlarıdır.

Bu rayonun əhalisi 50.000 nəfərdən çoxdur ki, onun da təxminən 12.000 nəfərini soydaşlarımız təşkil edirlər.

Laqodexinin Gəncəli, Qabal (Qəbələ), QaraçalarUzuntala kəndlərində tarixən soydaşlarımız məskunlaşmışlar.
Bu kəndlərə ümumilikdə el arasında Qabal elatı da deyirlər.

GƏNCƏLİ - Şərqi Gürcüstanın Laqodexi rayonunda kənd adıdır. Alazan vadisində, Qabal çayının sol sahilində, rayon mərkəzindən 15 km günbatarda, dəniz səviyyəsindən 360 m yüksəklikdə yerləşən və 3 min nəfərə yaxın soydaşımızın məskunlaşdığı bu kənddəki Azərbaycan məktəbində 400 nəfərə yaxın şagird təhsil alır.

Ehtimal ki, Azərbaycanın qədim Gəncə şəhərindən və ya ətraf bölgələrindən gəlib, burada məskən salanlar özlərinin doğma şəhərinin və ya yurdlarının adını yaşatmaq məqsədilə yeni yurdlarını da «Gəncəli» adlandırmışlar.

QABAL (QƏBƏLƏ) - Laqodexi rayonunda soydaşlarımızın yaşadığı qədim kəndin adıdır. Alazan vadisində, Qabal və Bəysubandərə çaylarının arasında, rayon mərkəzindən 15 km günbatarda, dəniz səviyyəsindən 330 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 3500 nəfərdən çoxdur.
Kənddəki Azərbaycan məktəbi 1924-cü ildən fəaliyyət göstərir.
Bu oykonimin kökü qədim Albaniyanın Qəbələ şəhərinin adı ilə bağlı olaraq düzəlmişdir.
Ehtimal ki, bu yaşayış məntəqəsinin sakinləri vaxtı ilə ya Qəbələ şəhərindən köçmüş, ya da müəyyən ictimai-siyasi hadisələrlə əlaqədar köçürülmüşlər.
Şübhəsiz ki, bu köçmüş və ya köçürülmüş əhali özlərinin dədə-baba yurdlarının adını qoruyub-saxlamaq məqsədilə yeni yurdlarını da Qəbələ (Qabal) adlandırmışlar.
Tarixin sonrakı mərhələsində «Qəbələ» sözündəki incə «ə» saitləri qalın «a» sait səsinə çevrilmiş və beləliklə də, «Qəbələ» sözü «Qabal» kimi tarixiləşmişdir. Çox güman ki, Aran Borçalısının mərkəzində yerləşən Sarvan kəndindəki (indiki Marneuli şəhərində) «Qavallı» məhəlləsinin adı da «Qabal» kəndinin adı ilə bağlı olub.

QARACALAR - Şərqi Gürcüstanın Laqodexi rayonunda kənd adıdır.
Alazan vadisində, Qabal çayının sol sahilində, rayon mərkəzindən 15 km günbatarda, dəniz səviyyəsindən 370 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 2700 nəfərdir. Kənddə Azərbaycan məktəbi fəaliyyət göstərir.
Bu oykonim türk köklü «qara» və «cala» sözlərinin birləşməsindən yaranıb.

UZUNTALA - Şərqi Gürcüstanın Laqodexi rayonunda kənd adıdır.
Alazan vadisində, Qabal çayının sol sahilində, rayon mərkəzindən 15 km günbatarda, dəniz səviyyəsindən 356 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 2400 nəfərdir. Kənddə Azərbaycan məktəbi fəaliyyət göstərir.
Bu oykonim türk dillərinə məxsus olan «uzun» və «tala» sözlərinin birləşməsindən yaranıb.


QABAL - Qədim Oğuz yurdu... P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı, eləcə də,
Gürcüstandakı bu və ya
digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə
TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ
SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az



QABAL - Qədim Oğuz yurdu... Tanış olun:
SƏRDAR QABALLI


"Poeziya" guşəmizin bu günkü qonağı - şer-sənət hə­vəs­karı Sər­dar Qurban oğlu Qaballıdır.

Təxəl­lü­sün­dən də bəlli olduğu kimi (soyadı Нəbiyevdir) o, Gürcüstan Respublikasının La­qоdеxi ra­­yonunun Qabal kən­din­dəndir.

Hələ orta məktəbdə oxuyarkən poeziyaya xüsusi həvəs göstə­rən Sərdar Nəbiyev hazırda Krımda
hərbi xidmətdədir,
baş praporşik rütbəsindədir.

Onun ilk şerləri Azər­baycan Respublikasının Balakən rayon qəzetinin səhifələrində dərc olun­muşdur.

Sərdar Qaballının şerlərində gənclik hissləri, Vətən mə­həbbəti, Vətən eşqi özünə mühüm yer tapmışdır.
Onun şeir­lərinin süjeti və məzmu­nu müasir həyatla səsləşir.

Sərdar Qaballı ya­radıcılığında da fəal həyat mövqeyi tutmağı, təsvir etdiyi ha­disələrə vətəndaş gözü ilə baxmağı və ona tənqidi ya­naşmağı bacarır.
Bunu şairin "Bəlkə, andı tel məni", "Qarabağlı deyil bu", "Mənəm", "Mənim dilim", "Bu dün­yada" və digər şerlərində aydın şəkildə görmək olar.

Aşağıda şair Sərdar Qaballının iki şerini oxucularımıza təqdim edi­rik.

M.ÇOBAНOV,
filologiya elmləri namizədi, dosent.
(“Gürcüstan”, № 86 (9934), 30.VII.1991).



BƏLKƏ, AНDI TEL MƏНİ

Zilə çək ay, zilə çək!
Məmməd, sazı zilə çək.
Ömrün qərib illəri,
Bilməm, nə vaxt bitəcək.

Döyür yağış, sel məni,
Unudubmu, el məni!
Məmməd, sazı zilə çək.
Bəlkə, andı tel məni.

Susuz bulağammı mən,
Titrək yarpağammı mən,
Min illik bir palıddan
Qopmuş budağammı mən!!


MƏНİM DİLİM

Ana dedim, dil açdım,
Bu dildə dindir məni.
Bu dildə qəlbimə dəy,
Küsdür, sevindir məni.

Bu dil, hər səadətim,
Mənim ilk baharımdır.
Bu dil, hər məhəbbətim,
Bu dil, sərvət, varımdır.

İtsəm bu, dildə axtar,
Bu dillə səslə məni.
Özü axtarar tapar,
Bu dil, həvəslə məni.

Azəri övladıyam,
Dilim Vətən səsidir.
Dilim mənim xalqımın,
Qorqud sərkərdəsidir.

(“Gürcüstan” qəzeti, № 86 (9934), 30.07.1991).



QABAL - Qədim Oğuz yurdu...

Zim.az - ın REDAKSİYASINDAN:

Sonralar Sərdar Qaballının şeirləri
Azərbaycan Ali Hərbi Dənizçilik Mək­­­təbində "Dillər" kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Mədəd Çobanov
unun təşəbbüsü ilə
ya­radılmış və məhz onun rəhbərliyi ilə
1996-2000-ci illərdə fəaliyyət göstərmiş
“Dalğa” Ədəbi Birliyinin üzvləri
tərəfindən maraqla qarşılanmış və
«Dal­ğalar qoynunda» qəzetinin
səhi­fələrində çap olunmuşdur.

Daha sonralar isə Sərdar Qaballının şeirləri "Ziya", "Təhsil" "Şərqin səsi" və başqa qəzetlərdə çap olunmuşdur.

Yaxın günlərdə sizlərə Sərdar Qaballının
yeni şeirlərini təqdim edəcəyik.

Bizi izləyin...


Zim.az

.
QABAL - Qədim Oğuz yurdu... Fərman Qulam oğlu Əliyev - 1962-ci ildə Qədim Qabal elində - indiki Gürcüstan Respublikasının Laqodexi rayonundakı Qaracalar kəndində
dün­yaya göz açıb.
O, APİ-nin (indiki N.Tusi adına AD­PU-nun) filologiya fakültəsini bitirib, hazırda doğma kənd­lərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.

Sevimli şairimiz Zəlimxan Yaqub Fərmanın ilk şeirlərini «İsti nəfəslə» sərlövhəli ön sözlə birgə «Azərbaycan gənc­ləri» qəze­tinin 26 mart 1991-ci il tarixli nömrəsində oxu­cuların ixtiyarına vermişdir.

Z.Yaqub yazmışdır: «Yazıçı» nəşriyyatına gəlmişdi. Gözdən iraq, könüldən qı­raq kəndlərimizin ağrı-acıları, qayğıları ilə bağlı pub­lisistik yazılarını, top­ladığı folklor nümunələrini və maraqlı şeir­lərini gətirmişdi. Dərdini danışdı, giley-güzaranı bildirdi, şeirlərini oxudu. «Dərdli deyingən olar», - deyiblər. Yaxşı ki, bu deyin­­gənlik onun dilində dedi-qoduya dön­mə­miş, poetik mis­ralara çevrilmişdir.
Onun şeirləri oxucu ilə isti nəfəslə, isti pıçıltılarla danı­şır. Yurd itirmək qorxusu qəlbinə damanların, köç üstündə yaşayanların, yurd-yuvanı qorumaq istəyənlərin yanıqlı duy­ğularını dilə gətirir».


Biz də Fərman Əliyevə uğurlar diləyir və onun kiçik bir şeirini oxucu­larımıza ərməğan edirik.

BOYLANIN BİR

Bu yaz niyə üzdən gedir?
Güllər, bəri boylanın bir.
Gedən bircə sizdən gedir,
Çöllər, bəri boylanın bir.

Əl eyləyir «dünən» bizə,
Dinmə deyir dinən bizə.
Kəbinlidi bu qəm bizə,
… İllər, bəri boylanın bir.

Zaman gör nə həvəsdədi?
Göz yoldadı, əl üzdədi.
Bizim ellər köç üstədi,
Ellər, bəri boylanın bir.

Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi. Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. .



QABAL - Qədim Oğuz yurdu... P.S.: Bu günlərdə istedadlı şair
Fərman Qulamoğlunun
“Qabal – bura Vətəndir” adlı kitabı
Tbilisinin “Meridian” nəşriyyatında
nəfis şəkildə çapdan çıxmışdır.

Kitabda Qabal bölgəsinin (Qabal,
Gəncəli, Uzuntala, Qaracalar)
elmi, ədəbi-bədii folkloru toplusunda
tarixi önəmlərdən bugünümüzədək
yaranan şifahi və yazılı xalq ədəbiyyatı
nümunələri toplanıb.

Nəşrdə klassik el şairlərinin
yazıları ilə yanaşı,
çağdaş ədəbiyyatımızın tanınmış
nümayəndələrinin yaradıcılığı,
həmçinin elmi, ədəbi-bədii folklor
materialının toplusu öz əksini tapmışdır.

Kitabın oxucular tərəfindən maraqla
qarşılanacağına inanırıq.

Biz də belə bir dəyərli kitabın işıqüzü görməsi münasibətilə
hörmətli Fərman müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI.


"Region-Press", №09 (184) 30.06.2015, səh. 9.


My Webpage


Qurban İsgəndərov - 1959-cu il iyunun 20-də Gürcüstanın Laqadexi rayonundakı qədim Qabal kən­dində anadan olub.
Həmin kənddəki orta məktəbi bitirib, əsgəri xidmətə yollanıb. Əsgəri xidmət borcunu yerinə yetirdikdən sonra 1980-ci ildə ADPU-nun coğrafiya-biologiya fakultəsinə qəbul olub. 1985-ci ildə ali təhsilini əla qiymətlə başa vuraraq, təyinatla İsmayıllı rayonuna coğrafiya-biologiya müəl­limi göndərilib.
1988-ci ildə təyinat müddəti qur­tardıqdan sonra doğma Qabal kəndinə qayıdıb, müxtəlif məktəblərdə müəl­lim işləyib.
Qurban İsgəndərov həm də poeziya həvəskarıdır. Tələbəlik illərindən bu günə qədər qəzet sə­hifələrində ara-sıra şeirləri, müxtəlif yazıları dərc olunur.
Ailə­lidir, bir oğlu, bir qızı var.
Biz də Qurban İsgəndərova yeni-yeni yaradıcılıq uğurları arzulayır və bir neçə şeirini aşağıda oxucularımıza təqdim edirik.

«Şərqin səsi» qəzeti, N: 08 (204), Dekabr, 2007-ci il.


ANA


Dilimdə, qəlbimdə "ana" kəlməsi
Min yol ana dedim, heç bezəmmədim.
Sıxdı məni evdə, soyuq divarlar
Əl açıb, oynayıb bir süzəmmədim.

Hanı nazlı yarım, gözəl sevgilim,
Qız balam, o körpəm, ətirli gülüm
Doyunja əlinə dəymədi əlim,
Bu gözəl aləmdə mən gəzəmmədim.

Duysun dərdlərimi günahsız atam,
Namərd kəlməsiylə quruldu xatam
Özüm öz ömrümə etdirdim xitam,
Qırılmış "ürəyi" tək düzəmmədim.

Özümə dost sandım, zülmət gejəni,
Çox götür-qoy etdim olub keçəni.
Qurbanam, siz zəif bilməyin məni
Ayrılıq-həsrətə heç dözəmmədim.


QABALIM

Hər el-obanın öz gözəlliyi var,
Cənnət bir diyardır ana Qabalım.
İlin dörd fəslində çiçəklər açar,
Bülbül tək oxuyar sona Qabalım.

Üst yanı Gənjəli, Uzuntala var,
Sağdan qujaqlayıb gül Qaracalar.
Gözəllərə görüş yeri Bağçalar,
Qızların əlində xına, Qabalım.

Xalqına bəllidir əhd ilə vəfan,
Səni sevənlərdən azalmaz şəfan.
Dərdlərə məlhəmdir su ilə havan,
Hərarətin qopur qana, Qabalım.

Söylə, Günəşmisən, qızıl tacmısan?
Hər tərəfə parlaq nurun saçmısan.
Yeni bir eraya qədəm açmısan,
Mübarək ad günün! Oyna Qabalım.

Aləmə sirlidir tarixi-yaşın,
Heç zaman bəlalar çəkməsin başın.
Namərd əli ilə titrəsə daşın,
Ağlar qurban deyər - Can, a Qabalım,
Mənim ana yurdum, ana Qabalım.


GÖZLƏRİN

Niyə elə baxdın , ay nazlı sonam,
Etdi ürəyini para gözlərin.
Düzü bilməmişdim, hardan biləydim,
Sevəni salarmış tora gözlərin.

Yanağın gül açır bilirəm nədən,
Mən səni ürəkdən, candan sevəndən.
Qoyma aşiqini dolansın gendən,
Arzu-diləyidi qara gözlərin.

Həmişə səndədi şair xəyalım,
Ümid işığımsan qoyma qaralım.
Dönmərəm yolumdan mənim maralım.
Etsin dərdlərimə çarə gözlərin.

Qurbanın könlünün sən sarmaşığı,
O sənin ömrünün son yaraşığı.
Əsirgəmə ondan gözün işığı,
Boyasın ömrünü nura gözlərin.


ÖPÜM

Bir az yana elə tər köynəyini,
İcazə ver məxmər sinəndən öpüm.
Məxmər sinən üstə gözəl görünən,
Şamamaya bənzər məməndən öpüm.

Ömrümə məlhəmdir zərif gülüşün,
Ayrı ləzzəti var, hər bir görüşün.
De, öpməmişəmsə sənin nə işin,
Gecikmişəmsə, qoy bu gündən öpüm.

Elə gözəlsən ki, maralsan, maral,
Səni sevən kimsə edərmi xəyal?
Gözəllər söyləsə: məndən öpüş al,
İncimə hamsını qoy, səndən öpüm.

Hey baxmaq istərəm, xumar gözünə,
Totuq qollarına, qəşəng dizinə.
Günəş də vurulub, günəş üzünə,
Rüxsarna nur olan o gündən öpüm.

Dişlərin mirvari, sədəf düzümü,
İstərəm üzünə qoyam üzümü.
Qurban İsgəndərəm, eşit sözümü,
Üzündən dişləyib, çənəndən öpüm.


BARIŞIQ

Qəlbimi əridir, yar dönüklüyü,
Üzü dönük olma, gülək barışaq.
Mənə dərdin vermə, yer ilə göyün.
Gülüm buna dözməz ürək, barışaq.

Qəlbimin aynası səni bilmişəm,
Gözlərin sonası səni bilmişəm,
Şerimin mənası səni bilmişəm,
Gəl, gülüm, sevilək, sevək, barışaq.

Qoyma talan edə hicran qəlbimi,
Mən səndən de, necə üzüm əlimi?
Baxmayaq sevgiyə, əyləncə kimi.
Biz onun qədrini bilək, barışaq.

Qurban həsrətindən olubdə xəstə,
Həmişə fikirli , qulağı səsdə,
Eşit sözlərimi, ay boyu bəstə,
Bircə çarəmiz var, gərək barışaq.

«Şərqin səsi» qəzeti, N: 08 (204), Dekabr, 2007-ci il.

.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: