HƏR NƏĞMƏSİ VƏTƏN SEVGİSİDİR
İstedad sanki, qaynar bulaqdır. Nə qədər çalışsan da, onu kimsədən gizlədə bilməyəcəksən, aylar, illər ötsə də istedad yenə nə vaxtsa üzə çıxacaq, “aşıb-daşacaq”, ətrafı qərq edəcəkdir. Bəzən insan özü də bilmədən təhsil almadığı, heç arxasınca getmədiyi, bir peşəni çox ustalıqla bacarır. Qəlbində bu peşəyə aid ali təhsil ocağında təhsil almadığı üçün peşmançılıq çəkir. Sonrakı peşmançılıq fayda verməsə də insan tutduğu yoldan çəkilə bilmir.
Bəli, dahi sənətkarlar anadan olduğu zaman sanki, onların damarlarındakı qanlarında da sənət dolaşıb. Ömrünü-gününü sevdiyi seçdiyi sənətə qurban verənlər də az olmayıb. Günlərini iş otağında keçirərək qocalanlar da. İlahi bağlılıq o zaman özünü biruzə verir ki, yaratdığın hər bir əsər hərarətlə qarşılanır, sevilir.
Səs Allah vergisidir. Gözəl səs hər insana nəsib olmur, çox az adam tapılar ki, onun əsirinə, vurğununa çevrilməsin. Marat Darvazlı da belə yaradıcılığa bağlı insandır.
Soruşa bilərsiniz Marat Darvazlı kimdir?
Sözə, sənətə, musiqiyə bağlı insan!. Vətən sevgisi eşqi ilə yaşayan insandır Marat. Özünə məxsus səsi, ifa tərzi ilə seçilən müğənnidir.
Marat Darvazlı 1971-ci ildə qədim Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndində anadan olub. Marat orta təhsil aldığı məktəbdə öz savadı, istedadı ilə yaşıdlarından həmişə fərqlənirdi. Uşaq yaşlarından musiqiyə böyük həvəsi, marağı olduğundan hələ 4 yaşından, uşaq mahnıları oxumağa başlayıb. Orta məktəb dərnəklərdə iştirak edər, keçirilən hər bir tədbiri öz səsi ilə rövnəqləndirərdi. Hələ 8-ci sinifdə oxuyarkən el şənliklərinə dəvət olunardı.
17 yaşında Bakıya gələn Marat, Azərbaycan Dövlət Neft və Kimya institutunun (indiki Azərbayca Dövlət Neft Akademiyasının) geoloji kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsil aldığı illərdə də institutun özfəaliyyət dərnəklərində musiqi fəaliyyətini davam etdirir.
Göründüyü kimi, Marat ixtisasca geoloq olsa da, musiqi onu hər zaman addım-addım izləmiş, bir an olsa belə Maratı tərk etməmişdir.
Bayaq dediyim kimi Marat elinə-obasına bağlı insandır. Vətən sevgisi ilə yaşayan, onun kədərinə kədərlənən, sevincinə sevinən Marat xalqımızın başına gətirilən faciələrə biganə qala bilməmiş, qəlbən kədərlənmişdi. 20 yanvar faciəsindən sonra oxumaqdan bir müddət imtina edib. Sonralar bir müddət “Siyaqut” şadlıq evində çalışıb.
Hal-hazırda “Borçalı” Ticarət Mərkəzinin “Şəlalə” şadlıq sarayında çalışır. Muğam, xalq mahnıları janrlarında oxuyan Marat öz repertuarında aşıq mahnılarına da xüsusi yer verir. İndiyə kimi onun 3 audio-kaseti və 3 klipi işıqüzü görmüşdür.
“Vətən oğlu” adlı klipi xüsusilə təqdirəlayiqdir. Daim yazıb-yaratmaq həvəsilə yaşayan Marat yeni-yeni mahnılar üzərində işləyir.Vətən həsrəti, torpaq yanğısı onun da qəlbini hər an yandırır. Deyir ki, torpaqlarımız alınmayana kimi rahatlıq tapa bilməyəcəyəm. Yurda, vətənə olan sevgisi bu səbəbdəndir ki, onun mahnılarının qayəsinə çevrilib. Mahnılarının hər notunda öz əksini tapan vətən fəryadı, onun elinə bağlı insan olduğunu sübut edir.
Biz də Marat Darvazlıya yeni-yeni yaradıcılıq uğurları arzulayır, xoş arzularının həyata keçməsini diləyirik.
Yazıb-yaratmaq eşqi, həvəsi, heç vaxt səni tərk etməsin, qardaşım!..
Hər zaman şən əhval-ruhiyyəli musiqilərinlə qəlbimizi sevindirəsən...
Müşfiq BORÇALI,
"ŞƏRQİN SƏSİ" qəzeti,
15 mart, 2001-ci il.
"ŞƏRQİN SƏSİ" qəzeti,
15 mart, 2001-ci il.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.