MÜBARƏKDİR ÖMRÜNÜN ALTMIŞINCI BAHARI!

MÜBARƏKDİR ÖMRÜNÜN ALTMIŞINCI BAHARI! Tanınmış şair-jurnalist,
“Qızıl Qələm” Mükafatı laureatı
Qurban Təbiətoğlu
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan
İlham Əliyevə 60 illik yubileyi münasibətilə
“Mübarəkdir ömrünün altmışıncı baharı!” adlı şeir həsr edib.

Ümumilikdə 10 bənddən ibarət olan şeirdə Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyəti,
Ali Baş Komandan kimi onun rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın qazandığı
möhtəşəm Zəfərin doğurduğu duyğular öz əksini tapıb.

ZiM.Az/Tv tərəfindən ictimaiyyətə videoformatda təqdim olunan şeiri
Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist İlahə Səfərova
və Bakı Bələdiyyə Teatrının aktyoru İsmayıl Bayram səsləndiriblər.
Şeir böyük maraqla qarşılanıb.
Odur ki, aşağıda həmin şeiri bir daha dəyərli izləyicilərimizə təqdim edirik.

ZiM.Az




Mübarəkdir ömrünün altmışıncı baharı!

Əzəl gündən hamının qəlbində yuva qurdun,
Dediyin hər kəlmənin, hər sözün üstə durdun.
Gülüstana çevirən bağbanısan bu yurdun,
Hara baxsaq görünür böyük zəhmətin barı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Siyasət meydanında alnın açıq, üzün ağ,
Cəsarətin düşmənin sinəsinə çəkdi dağ.
Qarabağ Azərbaycan! Azərbaycan Qarabağ!
Nöqtəyə nida qoyub, aləmə çəkdin carı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Sayəndə rəzil oldu torpağa əl atanlar,
Mənliyini şeytanın hiyləsinə satanlar.
Haqq səsinlə yuxudan dik atıldı “yatanlar”,
Yekinlə mars elədin şeşi, pənci, çaharı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Dedin, yoxdur ədalət fitnəkarın şərində,
Şanlı tariximizin kökləri var dərində.
İblislərə üz tutub dünyanın hər yerində
Qətiyyətlə söylədin: Vətən bölünməz yarı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Tükənən səbrimizi dərd atına mindirib,
Didərginlik ağrısı bizləri çox dindirib.
Yağıların başına “Dəmir yumruq” endirib,
Qırx dörd günə əritdin otuz il donan qarı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Tarix boyu itkilər dərimizi hey soyub,
Həmişə ağlamaqdan daha gözümüz doyub.
Acı məğlubiyyətə birdəfəlik son qoyub,
Bəxş elədin bu xalqa Zəfər adlı nübarı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Çıxdı Cıdır düzünə “Xarıbülbül” dəstəsi,
Oxşadı ruhumuzu Üzeyirin bəstəsi,
Havalandı Şuşadan “Qarabağ şikəstəsi”,
Dilləndirdin burada yenə kamanı, tarı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Laləzara büründü Qubadlının dağları,
Pöhrələdi Laçının, Zəngilanın bağları.
Qayıtdı Füzulinin, Cəbrayılın çağları,
Ağdamda, Kəlbəcərdə yoxdan yaratdın varı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Tarix səni unutmaz – kitabətək daşdasan,
Müzəffər lider kimi həmişəlik başdasan,
Həyat hələ öndədir, ən çiçəkli yaşdasan,
Yeni qələbələrlə addımla yüzə sarı!
Mübarəkdir ömrünün altmışıncı baharı!

Həqiqət var Qurbanın harayında, ünündə,
On milyonluq ordunun sərvərisən önündə!
Ali Baş Komandanın bu yubiley günündə,
Bizimlə həmrəy olub, deyir Odlar Diyarı:
Mübarəkdir ömrünün altmışıncı baharı!
MÜBARƏKDİR ÖMRÜNÜN ALTMIŞINCI BAHARI!

Qurban TƏBİƏTOĞLU,
şair-jurnalist,
“Qızıl Qələm” Mükafatı laureatı


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: