YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ RAHİLƏ XANIM QARALOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ RAHİLƏ XANIM QARALOVA!.. Bu gün dəyərli elqızımız,
istedadlı şairə,
çox hörmətli
RAHİLƏ SEYFƏDDİN qızı
QARALOVAnın
doğum günüdür.
Daha doğrusu,
Yubileyidir!..

Rahilə xanımın neçə illik Yubileyinin olmasını biz qeyd etmək istəməsək də,
o, özü bunu
"Ad günümdü"
şeiri ilə açıqlayıb.

Bizə isə qalır, yalnız və yalnız onu ürəkdən təbrik etmək!..


Yubileyiniz mübarək, hörmətli Rahilə xanım!
Sizi ürəkdən təbrik edirik!..
Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda və
bədii yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!...

Gün o gün olsun ki, ikinci yarım əsrlik yubileyinizi də də bax beləcə -
sevinc və şadyanalıqla, şərəf və ləyaqətlə, xoşbəxt və gülərüz qeyd edəsiniz...



YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ RAHİLƏ XANIM QARALOVA!.. Qeyd edək ki, RAHİLƏ SEYFƏDDİN qızı QARALOVA
1967-ci il noyabrın 28-də Ulu Borçalımızın
qədim Başkeçid (indiki Dmanisi) rayonundakı
Şahmarlı kəndində anadan olub.
Şahmarlı 8 illik məktəbini,
Dmanisi 2 saylı orta məktəbini,
Tiflis Maliyyə Texnikumunu bitirib.
Ailəlidir. İki övladı var.
Şeirləri müntəzəm olaraq mətbuatda
və "Zirvə" Poeziya antologiyasında dərc olunur.
Bir neçə kitab müəllifidir.

Biz də aşağıda Rahilə Qaralovanın bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..


Müşfiq BORÇALI,
ZiM.Az



SƏNMİ GECİKDİN

Qoşa gediləsi ömür yolunda,
Mənmi tələsidim, sənmi gecikdin?
Biz niyə çıxmadıq qoşa bu yola?
Mənmi tələsidim, sənmi gecikdin?

Neçə yolçu naçar qaldı bu yolda,
Neçələri çatdı arzu, murada.
Sənə də, mənə də bəxt yazılanda,
Mənmi tələsidim, sənmi gecikdin?

Çox gec qoşalaşdı bizim yolumuz,
Daim yanar olsun eşq çırağımız.
Bəs hanı Tanrıdan sevgi payımız?
Mənmi tələsidim, sənmi gecikdin?

Əsli də, Kərəm də yandı bu yolda,
Qeyis Məcnun oldu quru səhrada.
Taleyin eşq adlı bu oyununda,
Mənmi tələsidim, sənmi gecikdin?


ATA

Dilimdə söhbətim, dilimdə sözüm,
Aləmə nur saçan gözümsən, ata!
Sənsənsəcdəgahım, dünya əvəzim,
Ətirli baharım, yazımsan, ata!

Cavan köçdün, bu həyata dözmədin,
Baxça saldın, bir doyunca gəzmədin.
Dar günümdə əllərini üzmədin,
Müqəddəs çörəyim, duzumsan, ata!

Verdiyin nəsihət çatır dadıma,
Xatirən çox şeyi salır yadıma.
Şəkərim deyərdin hər gün adıma,
Sönməyən ocağım, közümsən, ata!

Xudam heç baxmadı cavan yaşına,
Qurbanam çiçəkli məzar daşına.
Oğlun, qızın hey and içir başına,
Könlümdə susmayan sazımsan, ata!


BACIM

Nə qəmli gəzirsən, yaşıl çəməndə,
İtirib sirdaşı axtaran, bacım.
Şərikəm çəkdiyin kədərə, dərdə,
Ayrılıb yarından tək qalan bacım.

Xəyallar içində qəmli gəzirsən,
Özünü, qəlbini nahaq üzürsən.
Gecələr gözyaşı köksə düzürsən,
Məhəbbət eşqilə alışan bacım.

Tanrı qismətini yazıbdı belə,
Səni həsrət qoyub sevdiyin gülə.
Ayrılıq odunda döndərib külə,
Çoxdu sənin kimi qocalan, bacım.


GÖYÇƏDƏDİ

Bülbül kimi qəfəsdəyəm,
Mahnılarda xoş bəstəyəm,
Uzaqdan gələn səsdəyəm,
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

Ellərdən ayrı nəsdəyəm,
Dərdləri dəstə-dəstəyəm,
Vətəndən uzaq xəstəyəm.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

Dağlarının başı qarlı,
Ocaqları sönük qorlu,
Səmaları ahu-zarlı.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

Turanım uzaq, aralı,
Təbrizim bəxti qaralı,
Göycəm də yaslı, yaralı.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: