KAMANDAR MƏMMƏDOV: “BAĞA BAXARSAN BAĞ OLAR...”

KAMANDAR  MƏMMƏDOV: “BAĞA  BAXARSAN  BAĞ  OLAR...” Kamandar Məhəmməd oğlu Məmmədov
1958-ci ildə qədim Borçalı mahalının
Bolnisi rayonundakı Bala Muğanlı
kəndində anadan olub.
1975-ci ildə Arıxlı orta məktəbini bitirib.
1978-ci ildən 1982-ci ilədək Bolnisi rayon
Sığorta İdarəsində,
1982-ci ildən 1997-ci ilədək Kolayır sovxozunda
şöbə müdiri işləyib.
1992-ci ildə S.Ağamalıyev adına
Gəncə Kənd Təsərrüfatı İnstitutunun
“Meyvə-tərəvəzçilik” fakültəsini bitirib.
2000-ci ildən 2007-ci ilədək Kolayır
saqrebulosunun sədri seçilib.
2007-ci ildən 2013-cü ilədək
“Boroneo kimya” şirkətində
aqranom-məsləhətçi işləyib.
2012-ci ilin dekabrından “GU FRUİT”
şirkətinin Baş direktoru işləyir.
Ailəlidir. İki oğlu, iki qızı və səkkiz nəvəsi var.

Bölgəmiz iqlim şəraitinə görə Aran, Bağ və Dağ Borçalı adlandırılır. Ona görə də Borçalının hər bölgəsinin özünəməxsus torpağı, yeri, ərzaq məhsulu və bu məhsulların da öz dadı-tamı var. Vaxtı ilə Bağ Borçalıda yetişən, keyfiyyətilə süfrələrimizi bəzəyən, dadı damaqlardan getməyən məhsullar dillər əzbəri idi. Fərqinə varmadan əlimizə düşən məhsulu yetişdirməklə bizə həyat verən, bizi yaşadan torpağı “yormuş”, vaxtsız “qocaltmışıq”. Hər dərdin dərmanı olduğu kimi, hər bölgənin torpağının da öz məhsulu var. Torpaqlarımıza müasir qaydada qulluq etsək, özünəməxsus məhsullar yetişdirsək onu hər cür “xəstəlik” və “qocalıqdan” xilas etmiş olarıq.
İki əziz və doğma insan, sədaqətli və etibarlı dostlar, iki qardaş xalqın nümayəndələri, Bakı hərbi məktəbinin məzunları, xaloğlum Şəfayətələ ukraynalı Valeri Mişenko hərbi məktəb məzunlarının növbəti yubiley görüşünü Bakıda qeyd edəndə doğma qardaş kimi bir oturub-durdular, gəzib-dolandılar. Hərbi xidmətdəki kimi yenə DOSTLAR qəlblərinin qüdrətinə arxalanıb “dağı dağ üstünə qoymağa hazır idilər.

Ukraynalı Valeri Mişenko Bakıda yaşayan, istefada olan hərbi podpolkovnik dostu Şəfayətə “imkanı daxilində hər cür yardım etmək istədiyini bildirəndə”, xaloğlum: “qardaş, çox sağ ol, mən istəmirəm, Gürcüstanda yaşayan xalaoğlum boş-bekardır, ona kömək et”,- deyib.

2012-ci ilin may ayının axırlarında iki dostlar Gürcüstana-Bala Muğanlıya qonaq gəldilər və təsərrüfatımızla maraqlandılar. Qardaşım Salehlə mən kiçik torpaq sahəmizi onlara göstərdik. Nə etmək, hansı işlə məşğul olmaq haqqında çox fikirləşdilər. Qonaqlar gedəndən bir neçə gün sonra Valeri məni Ukraynaya qonaq çağırdı. Valerinin maşını ilə Macarıstanda, Avstryada, Almaniyada, İsveçdə, İtaliyada oldum. İtaliyanın şimalında, Bolasno bölgəsini gəzdik və alma şitilləri sifariş etdik.

2012-ci ilin dekabrında üç ölkənin vətəndaşları - ukraynalı Valeri, azərbaycanlı Şəfayət və gürcüstanlı Salehlə mən “GU FRUİT” adlı şirkət yaratdıq.
2013-cü il martın axırlarında 5,5 ha torpaq sahəsinə ən yaxşı - Fudji, Qreni smit, Qala, Qolden Reynders, Simirenko, Aydared, Pink-ledi çeşidli alma şitillərini Ukraynadan alıb basırdıq.
Həmin il daha 14 ha torpaq sahəsinə Qala, Qolden və sair çeşidli alma növlərini basırdıq. 2014-cü ildə əvvəl basdırdığımız 5,5 ha alma bağını təbii fəlakətlərdən, sərt günəş şüalarından qorumaq üçün ağacların üstünü xüsusi torla örtdük. 2015-ci ildə əlavə bağ salmaq üçün daha 5 ha torpaq sahəsi aldıq. Hazırda 20 ha alma bağının üstünü xüsusi torlarla örtmüşük. Bağ bütünlüklə “damlama” üsulu ilə suvarılır. Ağaclar intensiv becərmə üsulu ilə becərilir və yeni aqro-texniki qaydalar tətbiq edilir. Demək olar ki, Avropada bir ildə 30-35 dəfə dərmanlama aparılırsa, bizdə il ərzində ağaclara 10 dəfədən az və almanın tərkibində qalmayan dərman pereparatları işlədirik. Nəticədə ekoloji baxımdan təmiz və keyfiyyətli məhsul alırıq.

Hazırda 12,5 ha yeni bağ salırıq. Artıq alma şitilləri İtaliyadan, Ukraynadan gələn ağacları sahələrə köçürmüşük. İntensiv bağ üsulunun özəlliyi ondadır ki, 1 hektarda ağacların və cərgələrarası 0,8 x 3,40 metr olarsa, ağacların sayı 3600 ədəd olur. Becərdiyimiz alma növlərindən 2-ci ili məhsul alırıq. Ağacların suvarılması, becərilməsi və məhsulun yığılması çox asandır. Keçən il 200 tondan çox götürdüyümüz yüksək keyfiyyətli məhsullarımız Tiflisin bazar və marketlərində satıldı.
Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bizim almalar keyfiyyətinə, dadına, həcminə, və zahiri görünüşünə görə xarici ölkələrdən gələn almalardan qat-qat üstündür. Aqro-texnikalar-3 traktor, 3 dərmanvuran, maşın və digər lazım olan texniki avadanlıqlar xaricidən gətirilib. Bütün bağ dəmir torlarla çəpərə alınıb və ərazi elektrik cərəyanı ilə təmin edilib. Cərgələrin arası biçilir, almaların dibləri vaxtaşırı təmizlənir, hava şəraitindən aslı olaraq 2-3 gündən bir ağacları suvarırıq. Suvarma vaxtı hər alma ağacına 10-12 litr su veririk.

Hazırda 18 nəfər daimi işçimiz var. Onların aylıq maaşları 500-700 lariyə qədərdir. Mövsümi işlərdə demək olar ki, hər ay 20-30 nəfər işləyir. Problemimiz Tamarisi kənd yolunun 2-3 kilometrliyində yerləşən bağa gedən yol çox bərbad vəziyyətdədir. Bu yolu çox çətin və uzun vaxta qət edirik. Bolnisi icra hakimiyyətinin başçısı yolun bu il düzəlməsinə söz verib.

İnşallah, dost deyən olsa, hər şey yaxşı olacaq. Gələcəyə ümidlə baxaq ki, ruzimiz bol, bərəkətimiz artıq olsun.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: