1954-cü ildə qədim Borçalı mahalının
Bolnisi rayonundakı Zolgüvəc kəndində
anadan olub.
1970-ci ildə Zolgüvəc orta məktəbini,
1977-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun
geoloji kəşfiyyat fakültəsini bitirib.
1977-1978-ci illərdə Daşkəsən
dəmir-filiz mədənində geoloq işləyib.
1978-ci ildən Madneuli (Kazreti) Dağ
Saflaşdırma Kombinatında geoloq,
baş geoloq, baş mühəndis işləyib.
Hazırda geoloji laboratoriyanın rəisi
vəzifəsində çalışır.
Ailəlidir. İki qızı, bir oğlu və
yeddi nəvəsi var.
MARALLAR
(Novella)
Yaşı çox olmasa da, işi ilə əlaqədar Sədi təqaüdə çıxmışdı. Yaxşı da təqaüd alırdı, ancaq Sədini bu qane etmirdi. Onun-bunun hesabına yaşamağa öyrənmişdi. Deyəcəksiniz, necə yəni xalqın hesabına? Bəli, Sədinin işi eləidir ki, gündə bir adamı şərə salır, hədə-qorxu gəlib Allah bəndələrinin alın təri ilə qazandıqları pulları mənimsəyirdi (təqaüddə olduğu üçün indi bu işləri görə bilmirdi).
Sədi çox götür-qoydan sonra “haqqın” yolunu tapır. Dinə axının başlandığını görüb, bundan istifadə etməyi düşünürdü (Sədi Göytəpə kəndindəndi). O, həm qazanc götürməli, həm də özünü Allah adamı kimi göstərməli idi, çünki onun keçmişini kənddə çox az adam bilirdi. Sədinin dini savadı yox idi, ancaq bilirdi ki, kənd camaatının qulağı uzundu. Nə istəsə edə biləcək (onların qulağını heç sovet hökuməti də gödəldə bilmədi). Dini savad deyəndə, çoxlu əfsanələr bilməlisən ki, bu savadsız, müasir avamlardan istifadə edə biləsən. Bu da ki, Sədidə vardı.
Bir gün təsadüfən Sədi ilə rastlaşdıq.
-Qardaş, nə var, nə yox?,-dedi.
-Əvvəla, səninlə mən qardaş ola bilmərəm, çünki biz başqa-başqa adamlarıq. İkinci də, keçmişi kommunist olanlar indi din adamları olublar. Əvvəllər kommunist kimi maskalanırdılar, indi isə dindar kimi,- dedim.
Sədi qəh-qəh çəkib dərindən güldü:
-Elə ona görə də dolana bilmirsən. Zəmanə adamı deyilsən. Şəhərə getdin gördün hamı kordur, sən də özünü korluğa vur. Vay-vay, necə də geridə qalmış adamsan. A kişi, mən keçmişdə qorxa-qorxa var-dövlət yığırdım. İndi, maşallah, “demokratiyadı”, bəzi maralların hesabına açıq-açığına var-dövlət yığıram. Sən elə bil bu dünyada yaşamırsan. Mollaların çoxunun keçmişini yoxlasan, görərsən ki, heç biri düz əməl sahibi olmamışlar, ancaq ağıllı adamlardır. Nəyinə lazımdır bu qədər işləyib özünü öldürmək.Yadında saxla, heç sovet hökuməti də bu kənddə mərsiyəni (yəni imamların ölüm gününü) qadağan edə bilmədi. Amma Sədi bundan istifadə etdi. Həmin mərasimi video kasetə çəkdirib lazımı yerlərə göndərdim və əvəzində xeyli haqq-hesab qazandım. Ə.Haqverdiyevin vaxtının marallarından indi daha çoxdur, özü də ki, müasir marallar. O vaxtın marallarının dövründə bu qədər elm-texnika inkişaf etsəydi, bəlkə də onlar mollalara heç inanmazdılar.
Sədinin qoçaqlığı onda idi ki, belə bir zamanda ətrafına bu qədər maral yığa bilmişdi. Bizim bu Sədi özünəməxsus Qurban bayramı keçirirdi. O, qurbanı səhər kəsməzdi. Deyirdi sünnilər qurbanı səhər kəsir. Sədi kəsdiyi qurbanı yeddi “pay” edib (elə başa düşməyin ki, qurbanı yeddi yerə bölür. Xeyir, yeddi tikə, özü də hər tikə 50 qram) qonşulara paylayardı. Vay o günə ki, evdə uşağın sayı çox olsun. İndi gəl o tikəni böl görüm, necə bölürsən. Qalan əti isə üç yerə bölürdü: bir pay oğluna, bir pay qızına və bir pay da özünə götürürdü. Beləcə bir müddət qurbanlıq əti ilə dolanardı.
Bəli, get-gedə maralların sayı artırdı. Bəziləri ona inanırdı, bəziləri isə dolanış ucundan Sədinin maralı olmuşdu (onu da deyim ki, Sədinin böyük biznesi vardı). Bəziləri özlərini maral kimi göstərirdi, ancaq arxadan Sədinin ünvanına hər cür nalayiq sözlər söyləyirdilər.
Sədinin maralları üç qrupa bölünür: həqiqi marallar, məcburi marallar və maskalanmış marallar. Düzdür, Sədi özü mollalıq etmirdi, ancaq mollalar onun göstərişi ilə oturub-dururdular.
Bir yas mərasimində Sədidən soruşdum:
-Vəziyyət necədir?
Sədi dedi:
-Əla! A kişi sən hiss etmirsənmi Göytəpə camaatının (maralların)sayı durmadan artır, özü də çoxunu cavanlar təşkil edir. Kef çəkirəm, ey, kef!
Dedim:
-Sədi, bu mollalara desənə, duaları öz dilimizdə oxusunlar, camaat başa düşsün.
Dedi:
-Ay rəhmətliyin oğlu, duaları öz dilimizdə oxusalar, maralların syı azalar və qulaqları gödələr. Bir də ki, sən mollaları dəli, ya sarsaqmı hesab edirsən? Deyirsən, onlar çörəklərini öz əlləri ilə kəssin, eləmi? Bilirsənmi, sovet hökuməti təzə qurulan vaxtları kənd sovetinin sədri bir çobanı çağırır və yazdığı məktubu ona verib tapşırır:
-Bu məktubu öz əlinlə NKVD-də (indiki rayon polis şöbəsi) rəisə verərsən.
O zaman nə oxumaq bilən var imiş, nə də maşın. Çoban rayona gedən arabalardan birinə minir. Arabadakılardan biri soruşur:
-Haraya gedirsən?
Çoban deyir:
-Sədr NKVD-nin rəisinə məktub göndərib, onu aparıram.
Arabadakı adamlardan oxumaq biləni deyir:
-Gətir görüm, sədr məktubda nə yazıb.
Çoban vermək istəməyəndə güclə məktubu ondan alıb oxuyur. Sədr yazıb: “Bu məktubu gətirəni təcili həbs edin”. Daha onda molla ilə çobanın nə fərqi var.
Bəli, gördüm ağıllı söhbətdir və bir şey deyə bilərəm.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.