O, ƏH BÖYÜK DAYAĞIM İDİ

O, ƏH BÖYÜK DAYAĞIM İDİ ALLAH RƏHMƏT ELƏSİN!..

Ata! Bu ad hər bir bəşər övladına ən əziz, ən doğma olan bir sözdür. Neçə yaşında olursa ol, fərq etməz 10, 50, 80, 100...! İnsanın hər zaman ataya ehtiyacı vardır. Çünki ata ən böyük dayağımız, qayğıkeşimizdir. Ata yanında özümüzü daha güclü hesab edirik. Bir gün dünyaya gələn bir gün də bu fani dünyanı tərk edib axirətə qovuşmalıdır. Bu nə qədər haqq olsa da, heç kim insan itkisi, xüsusilə valideyin itkisi ilə barışmaq istəmir.


29 noyabr 2017-ci il!
Həmin tarix ailə tarixçəmizə əbədi olaraq qara hərflərlə həkk olundu. Noyabrın 29-da, axşam saat 22.30 radələrində atam əbədi olaraq bu işıqlı dünyaya vida etdi. Hər dəfə atamın son dəqiqələrini göz önünə gətirəndə göz yaşlarıma hakim ola bilmirəm. O, təkcə gözəl ata yox, eyni zaman da gözəl baba, qardaş, əmi, dayı, gözəl kürəkən və gözəl qaynata idi. Olduqca səmimi və mehriban insan olan atam kiçiklə kiçik, böyüklə böyük idi. İstənilən şəxslə dil tapmağı bacarırdı. O, nəinki ailəmizin, həmçinin mənsub olduğu Şükürovlar nəslinin ağsaqqalı və bu nəslin yükünü çiynində daşıyan şəxs idi.

Atam Şükür Şükürov 1939-cu il aprelin 20-də Lənkəran rayonunun Havzava kəndində, el ağsaqqalı Qurban kişinin ailəsində dünyaya göz açmışdır.

O, ƏH BÖYÜK DAYAĞIM İDİ O, Lənkəran rayonunun Veravul kənd tam orta məktəbini (1959), Bakı Sovet Ticarət Texnikumunun mühasibat uçotu ixtisasını (1968), Marksizm-Leninizm Universitetini (1984) və Azərbaycan Aqrar Universitetinin mühasibat ixtisası üzrə ixtisaslaşma kursunu (1986) bitirmişdir. 1960-1963-cü illərdə Sovet Ordusu sıralarında Ukraynada həqiqi hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illərdə Bakıda əvvəl neft mədənlərində, daha sonra isə şəhərin ayrı-ayrı iaşə obyektlərində çalışmışdır. 1968-1977-ci illərdə Havzava kəndində mağaza müdiri, Lənkəran meyvə-tərəvəz kombinatında məntəqə mühasibi, 1977-1993-cu illərdə Şirəli Axundov adına sovxozda (Havzava kəndi) baş mühasib müavini, 1993-1996-cı illərdə sovxozda hüquqşünas, 2000-2003-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Havzava kənd inzibati ərazi dairəsindəki nümayəndəliyində mühasib vəzifələrində işləmişdir. 2003-cü ildə təqaüdə çıxmışdır. Şükür Şükürov kəndin ictimai həyatında fəal iştirak edir, kəndə telefon və qaz xətlərinin çəkilişi, ictimai nəqliyyatın və işığın normal işləməsi, yolun təmiri üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırar və onların həllinə çalışardı. Haqsızlıqla heç cür barışa bilmir, əlindən gələn köməyi isə insanlardan əsirgəməzdi. Bizi ömründə bircə dəfə belə incitməyən atam xəstəliyi müddətində də bizə heç bir əziyyət (bu əziyyəti daşımağa hazır olsaq belə) vermədi. Xəstəliyi hardasa 10-15 gün çəkdi. Öləcəyi sanki ona bəlli idi. Anama “mən ölsəm 3 gün yağış yağmayacaq” demişdir. Hər dəfə ona dəyəndə mənə “yorulmusan, get istirahət et, sabah işə gedərsən” deyərdi. Bu sözləri ölümündən təqribən yarım saat əvvəl yenə də mənə və əmim İsmayıla dedi. Bizimlə danışa-danışa dünyasını dəyişdi. Maraqlıdır, vəfatından 2-3 gün əvvəl başlayan yağış o vəfat edən gün, noyabrın 29-da kəsilmiş və hüzr mərasiminin keçirildiyi günlərdəki (30 noyabr-2 dekabr) hava əsl yay havasını xatırladırdı. Atam axirət dünyasına izdihamla yola salınmış, onun hüzr məclisində müxtəlif yaşayış məntəqələrindən və ayrı-ayrı təşkilatlardan gələn insanlar iştirak etmişlər. Hüzr məclisinin insan axını ilə müsaiyyət olunması atamın əldən yox, eldən getdiyini göstərdi. Artıq neçə gündür ki, atam aramızda yoxdur, o, kəndin “Şiboz” qəbristanlığında doğmalarının yanında uyuyur. Hələ də yoxluğunu həzm edə bilmir, sanki onun uzaq bir səfərə çıxdığını düşünürəm. Digər tərəfdən fikirləşirəm ki, atam cismən bizimlə olmasa da, ruhən bizimlədir. Ulu Tanrıdan bütün dünyasını dəyişənlərə, o cümlədən atama rəhmət diləyir və məkanı cənnət olsun deyirəm. Amin!

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi, Bələdiyyə və AYB-in üzvü,
“Qızıl qələm” mükafatı laureatı

13.12.2017

ZiM.Az




REDAKSİYADAN:
Biz də ZiM.Az-ın yaradıcı heyəti adından qələm dostumuz çox hörmətli İldırım Şükürzadəyə
atası Şükür Şükürovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə,
doğmalarına və yaxınlarına dərin hüznlə bağsağlığı veririk.


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: