Ruhun şad olsun, nur üzlü şəhidim!

 Ruhun şad olsun, nur üzlü şəhidim!  Ruhun şad olsun, nur üzlü şəhidim!Vətən sənə oğul dedi!..

Hər birimiz bizə verilən ömür payını son dərəcə mənalı və səmərəli yaşamağı arzu edirik. Lakin hər bir insan arzuladığı kimi yaşaya bilmir. Həyatımızı cəmiyyətimiz üçün, Vətənimiz, Xalqımız üçün yaşadığmız an səmərəli yaşamış oluruq. Bu yolda örnək götürdüyümüz, həyatını Vətəni və xalqı üçün fəda etmiş qəhrəmanlarımız həm Allah yanında, həm də tarix boyu xalqının qəlbində, yaddaşlarında yaşayan şəhidlərimiz var! Şəhidlik! Vətən, torpaq, böyük amallar uğrunda heç tərəddüd etmədən şirin canından keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir. Şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə xatırlanır, onların əziz və müqəddəs xatirələri dərin ehtiram hissi ilə yad edilir. Şəhidlərin uğrunda canlarını fəda etdikləri azadlıq, müstəqillik onun üçün o qədər qiymətlidir ki, o amallar uğrunda canlarını fəda etmiş şəhidlərimizin bizə əmanətidir.
Müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli Şəhidlərimizin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar. Azərbaycanımızın 3 rəngli müqəddəs bayrağını səmaya çəkən Şahinimiz Famil Məmmədli kimi.

Famil Məmmədli 1974-cü il 15 oktyabrda Ağsu rayonu Abasxanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. Orta təhsilinə Abasxanlı kənd orta məktəbində başlayıb. Yüksək əxlaqi dəyərləri ilə qohum əqrəbanın sevimlisi idi Famil. Düşüncəsi, mədəniyyəti ilə ürəklərə yol tapmışdı. Evdə ata-ananın, məktəbdə müəllimlərin etimadını qazanmışdı. Taleyi onun yolunu təhsilini davam etdirmək üçün X sinifdə Ağsu şəhər internat məktəbinə salmışdı. Burada orta təhsilini yüksək qiymətlərlə bitirib, müəllim və şagird kollektivinin dərin hörmətini qazandı. Təhsildə göstərdiyi nailiyyətlərlə Famil ali məktəb zirvəsini də fəth edib. 1992-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Ali Hərbi Məktəbinə daxil olub, və elə həmin il musabiqə yolu ilə seçilərək, təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilib. Sadəliyi, saflığı hesabına qazandığı hörmət ali məktəb illərində bir qədər də artdı. O, çox istiqanlı, səmimi, yoldaş, gözəl dost, haqqa, ədalətə sığınan qorxmaz bir oğul idi.
1996-cı ildə İstanbul Hərbi Hava Məktəbini yüksək qiymətlərlə bitirərək Azərbaycan Milli Ordusunun Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətini davam etdirib. Famil Məmmədli hərbi peşəkarlığı ilə yanaşı yüksək intellektə malik natiq olub. Ana dilimizi mükəmməl bilməklə yanaşı, ingilis, rus, türk dillərində də sərbəst danışa bilib. Famil Məmmədli 1998-ci il sentyabrın 26-da ailə həyatı qurmuşdu və 3 övladı var.
Hər il İyunun 26-da Bakıda Azərbaycan Ordusunun yaradılmasının ildönümü şərəfinə hərbi parad keçirilir. Ordu-ictimaiyyət münasibətlərində şəffaflığı təmin edən möhtəşəm paradda Azərbaycanımızın 3 rəngli bayrağını səmaya çəkən 9 şahindən biri idi Famil Məmmədli. F.Məmmədlinin mütəxəssis kimi fəaliyyəti dövlətimiz tərəfindən çoxsaylı təltif və mükafatlara dəyərləndirilib. Qısa müddətdə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Famil Məmmədli qərargah rəisi vəzifəsində çalışırdı. Nə yazıq ki,ömrünün ilk baharında 36 yaşında, 2010-cu il mart ayının 3-də saat 16.42-də Hərbi Hava Qüvvələrinə məxsus Su-25 Təyyarəsində yaranmış texniki nasazlıq üzündən Təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən igid pilot onu bir qədər kənara yönəldərək, kənddən uzaqlaşdırmağı bacarır. Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bir kəndi xilas edir. Özü isə həmin qəzada əbədiyyətə qovuşur. Unudulmaz qəhrəmanlıq nümayiş etdirən Famil həmin qəzada həlak olacağını bilə-bilə dinc əhalinin ölümünə imkan verməyib. Onun təyyarədən atılmaq üçün imkanı olsa da bu imkandan istifadə etməyib. O, həyatını qurban verməklə onlarla, bəlkə də yüzlərlə insanın həyatını xilas edib.Əsil Vətəndaşlıq, əsil fəadkarlıq da elə budur. Famil Məmmədli əsl Azərbaycan əsgərinə, zabitinə layiq hərəkət edib. Onun hərəkəti Azərbaycan əsgərləri, zabitləri, bütün gəncər üçün örnəkdir. Familin böyüyüb boya-başa çatdığı kəndə son gəlişi bu gün hər bir kənd sakininin qəlbində niskilli xatirəyə dönüb. Sıralarımızdan gedişinlə çoxlarının ürəyini parçaladın, çox gözləri yaşlı qoydun. Ölümü ilə ölməzlik qazanan igid eloğlu, səninlə fəxr edirik! Nəsillər dəyişsə də, sənin əziz adın əbədi xatırlanacaq və yaşayacaqdır! Çünki Vətən sənə OĞUL dedi!
Famil, ruhun şad, yerin cənnət olsun! Timsalında Vətən uğrunda şəhid olmuş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik.

Elnarə Günəş,
AJB-nin üzvü

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: