Yuxarı Əbdürrəhmanlıda qırılan ömür yolu

Yuxarı Əbdürrəhmanlıda qırılan ömür yolu Ermənilərin son deportasiyası zamanı Bakıya pənah gətirmiş qaçqın Vidadi İnayət oğlu qeydiyyatsız Nizami rayon könüllülərinə qoşulub ermənilərdən heyf almaq məqsədi ilə döyüşə girir.Təkid etdilər ki, səni qeydiyyatsız dəstəyə götürməyə haqqımız yoxdur.
“Bizi doğma dədə-baba torpağından qovan, indi də Qarabağa göz dikən ermənilərlə vuruşa gedirəm.
Heç kim məni bu yoldan döndərməməlidir”.
Döndərmədilər, məşqə başladılar - döyüş məşqinə. Cüssəli, boylu-buxunlu, 28 yaşlı Vidadi özünü əsl pulemyotcu kimi göstərdi. Döyüşə hazır olduğunu bildirdi.

Qərbi Azərbaycanın Ləmbəli kəndindən
12 nəfər döyüşçü şəhid olub.
Onlardan 3 nəfəri: Ayvazov Yusif, Həsənov Oqtay və Ənsərov Vidadi Şəhidlər xiyabanında dəfn olunublar.


Vidadinin şəhid olması ilə qururlansalar da atası İnayət də, bacısı Şəfiqə də dözə bilməyib dünyalarını dəyişdilər.
Anası Xeyransa isə ölümündən 2 həftə əvvəl Oğuz rayonundan qardaşı mənə bu məktubu yazmışdı:


Vidadinin ölümü məni yandırmır, qardaş! O da yüzlərlə şəhidlərimizdən biridir. Onun dediyi: “Lazım gələn anda Vətən uğrunda canımı qurban vermək mənim ən müqəddəs övladlıq borcumdur. Ancaq məni ata ocağından qovanlardan intiqam almaq iki qat borcumuzdur”. Sözləri hər an qulaqlarımda səslənir.

O, borcunu yerinə yetirdi. Məni bu günə qədər yandıran onun adını adları əbədiləşdirilmiş yüzlərcə-minlərcə şəhidlərimizin sırasında görməməyimdir.Güllə bacın oğlunun arxasından dəymiş olsaydı, vallah, bəlkə də dilim olmazdı. Axı, o, aslanürəkli, Vətəncanlı, qorxu nə olduğunu bilməyən, istiqanlı oğul idi.
Yadındamı, Vidadinin dəfnində iştirak edən dövlət adamları: Nizami rayonunun rəhbərləri, hərbi komissarlığın nümayəndələri, 20 nəfərə yaxın döyüşçü dostları (onların hamısına öz minmətdarlığımı bildirirəm) o dar günümüzdə dərdimizə şərik, mənəvi dayağımız oldular. Onların hamısı Vidadinin qəhrəmanlığından ağız dolusu danışaraq dedilər ki,onun adını əbədiləşdirmək üçün əllərindən gələni əsirgəməyəcək, ona layiq olduğu adın verilməsi üçün lazımı tədbirlərə əl atacaqlar.
İndi çox fikirləşirəm, qardaş! Görəsən belə unutqanlıq olarmı? Axı, ayrı-ayrı qapıları döyməyə, Vidadinin komandirlərini, döyüşçü dostlarını axtarmağa mənim nə maddi imkanım, nə də bacarığım yoxdur. Belə olduğu halda canını Vətənimizə qurban vermiş bir oğulun adsız qalmağına cavabdeh adamlar niyə susurlar?
Eh,qardaş! Mənim bu dərdimə yenə də sən əlac etməyə çalışmalısan. Özün də gördün ki, qaçqınlıq dərdinə oğul dərdi qatılmış atası İnayət, bacısı Şəfiqə dözməyib dünyalarını dəyişdilər.
Mən isə… Nə bilim, qardaş! Məni hələlik yaşadan Vidadinin adının əbədiləşdiriləcəyi arzusu, ümididir. Eşitsəm ki, bir küçə, bir məktəb… onun adını yaşadır. Ölsəm də dərdim olmaz. Allah bu istəyimin, arzumun yerinə yetirilməsində sənə köməyini əsirgəməyənlərə yar olsun, qardaş!
Bu məktubu yazandan iki həftə sonra Xeyransa ana da arzusu gözündə qalaraq dünyasını dəyişdi. Onun haqlı giley-güzarı mənim ürək ağrıma səbəb oldu.Vicdanım qarşısında əzab çəkdim. Ağbirçək ananın arzusuna qoşularaq 19 nəfər döyüşçü dostlarının ifadələri qeyd olunmuş dəftərçəni dönə-dönə nəzərdən keçirdim, onun döyüş yoluna yenidən nəzər saldım və onları ümumiləşdirib qısaca olaraq bu yazını hazırladım.
Vidadi İnayət oğlu Ənsərov 1966-cı il 22 martda anadan olub. Həmin gün ailələrində Yeni ili keçirmək üçün süfrə açılmışdı. Muştuluqçu bayrama böyük sevinc qatdı: Ailəyə yeni oğul gəldi! Elə bu şənlik anındaca onun adını Vidadi qoymağı qərara aldırlar. Bu Qərbi Azərbaycanın (indiki Ermənistanın) Barana (indiki Noyemberyan) rayonunun Ləmbəli (indiki Baqrataşen) kəndində baş verdi. Gözaydınlığına, təbrikə gələnlərin ardı-arası kəsilmirdi.
Böyüdü, Ləmbəli orta məktəbini bitirdi, Sovet ordusunda hərbi xidmətdə oldu. Erməni deportasiyasına məruz qalan Vidadi Azərbaycana pənah gətirdi.Bakının Nizami rayonunda məskunlaşdı. Könüllü olaraq Nizami rayonunda yaradılmış könüllü döyüşçülər dəstəsinə qoşuldu. Qeydiyyatsız olsa da, inadından dönmədi. Məşqlər zamanı özünü əsl pulemyotçu kimi göstərdi. 1993-cü il iyunun 7-də Laçın rayonunun müdafiəsində, 12 nəfərlə Güləbird postunda mühasirəyə düşür. 7 gün mübarizə aparır və itki vermədən mühasirədən, Vidadinin göstərişi ilə, sağ-salamat çıxa bilirlər.
Vidadinin ikinci döyüş yolu 1993-cü ilin dekabrından 1994-cü il 11 yanvara qədər davam edir. Bu yol Daşburundan başlayaraq Füzuli rayonunun Əhmədbəyli, YuxarıKürdmahmudlu, Alxanlı, Seyidəhmədli, Qaraxanbəyli, Şükürbəyli, Aşağı Əbdürrəhmanlı kəndlərindən keçərək Yuxarı Əbdürrəhmanlı kəndindəqırılır.
Qəhrəmancasına şəhid olan Vidadinin cəsədi yanvarın 15-də Şəhidlər xiyabanında torpağa tapşırıldı. Döyüşçü dostlarından bölmə komandiri Qorxmaz Əliyev, Canpolad Novruzov, Əjdər Quliyev, Mikayıl Həsənov, Vaqif Həsənbalayev, Şahin Rüstəmov, Şakir Süleymanov, Zahid Həsənov, Əjdər Məmmədov, İslam Babayev, İlqar Həsənov, Məhəmməd Həsənov və başqalarının ifadələrindən aydın olur ki, Vidadi axırını düşünə-düşünə döyüşə gedənlərdənolmayıb. O ölümün gözünə dik baxan oğlan olub. Ürəklədöyüşmək lazımdır, harada qırılar qırılsın, -deyərdi. Hər döyüşə girəndə, bu şeiri züm-zümə edirdi.

Od olub yananda torpağın, daşın,
Allahı çağırdım höyuna çatsın.
Öləndə qoynunda öləydim, Vətən,
Azalmış torpağın bir ovuç artsın.


Mahir pulemyotçu kimi onun igidliyindən, fədakarlığından bəhs edən neçə-neçə epizodlar var. Döyüşçülərin ifadələrində: Haramı çölündə iki erməni kəşfiyyatçısını vurmuş, ermənilərin 3 gün ərzində 42 km qovulmasında o əsas rol oynamış, Seyidəhmədli kəndinə birinci girmiş və mühasirədə qalmış 25 döyüşçünün çıxarılmasında onun pulemyotu öz işini görmüş, minalanmış Quruçay arxını Allahu-Əkbər deyərək birinci keçmiş və o taydan bölümün keçməsini mühafizə etmişdir. Şükürbəyli döyüşündə 2 erməni sərrast atıcısını vurmuş, onun biri qız olub.
Vidadi göstərdiyi qəhrəmanlığa görə 15 min rubl aldığı mükafatı silah almağa vermişdir. Bu döyüşdə Abdulla Şailyevi və Şəmsi Abdullayevi itirdilər. Sərrast atıcı gülləsinin biri Vidadinin buşlatını deşib keçir, ikincisi isə pulemyotun bir ayağını sındırır. Vidadi Nizami rayonu könüllülər tabırının əldə etdiyi nailiyyətlərdə iştirak etmişəsas simalardan biri olmuşdur. Füzuli rayonunun 9 kəndinin qaytarılımasında, 3 tankın, 2 təzə, 3 köhnə dartıcı maşının, 2 topun, 1 gecəgöstərənin və s. ələ keçirilməsində Vidadinin böyük rolu olub.
Bizdə olan məlumata görə Vidadinin döyüşdüyü 702 saylı hərbi hissənin komandiri Ramaldan Ramaldanov, tabır komandiri Zahid Həsənov, taqım komandiri Ramazan, Siyasi işlər üzrə komandir müavini N.Eyvazov olub.Yaşasaydı qızı Səfurənin 3 oğul nəvəsini və adını daşıyan adaşı Vidadinin nazı ilə oynayar, onların da özü kimi vətəncanlı əsgər olmalarına çalışardı.

Şəhidlər xiyabanında uyuyan Vidadi İnayət oğlu Ənsərovun adını bir küçə, ya bir məktəb ilə… ya da… əbədiləşdirmək onun vaxtsız dünyalarını dəyişmiş doğmalarının ruhuna, yaşayan qızının və böyüməkdə olan nəvələrinin, bütün qohum əqrəbaların, canını qurban verdiyi torpağın, bir də Yazıçılar və Jurnalistlər birliyinin üzvü, 84 yaşlı dayısının arzu və ümidlərinə böyük hörmət olardı.


Hörmətlə:
Bilal Ənsər,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: