
Bu tədbirlər ölkənin qabaqcıl insanlarına həsr edilməklə yanaşı, Böyük Vətən Müharibəsində iştirak edən, bu günümüzdə isə öz doğma Azərbaycanı uğrunda şəhid olan, döyüşən, ömürluk əlillik statusu alan, qəhrəmanlarımızın, qazilərimizin, eləcə də müharibə veteranlarımızın keçdiyi şərəfli döyüş yoluna və onların ailələrinə həsr edilir.
Çox sevindirici haldlr ki, illər keçsə də bu insanlar dövlətin diqqət və qayğısından kənarda qalmırlar.
Belə unudulmayan insanlardan biri də Böyük Vətən Müharibəsinin ilk Qəhrəmanlarından olan Kamal Qasımovdur.


Adətən biz hər zaman ağsaqqallardan belə eşitmişik: “Unutmayaq ki, unudulmayaq”. Həqiqətən də çox yerində deyilmiş kəlamdır. Əgər insan unutqan olarsa, demək onun keçmişi haqqında danışmağa dəyməz. Çünki, “keçmişini unudanın gələcəyi də olmaz” - demişlər.
Tarixin sınağından dəfələrlə üzüağ çıxmış Azərbaycan, öz tarixi keçmişini, qəhrəmanlarını, torpaqları uğrunda şəhid olan övladlarını heç zaman unutmur, yaddan çıxarmır desəm yəqin ki, yanılmaram. Bu Azərbaycanda artıq bir adətə çevrilərək, demək olar ki, ənənə şəklini almışdır. Bu ənənə nəinki dünən, bu gün, sabah da belə davam edəcəkdir. İnsan yaşadığı müddətdə yaxşı nə varsa onu örnək olaraq gələcək nəslə ötürməyə borcludur. Bu hər bir Vətən övladının öz müqəddəs Vətəni, dövləti qarşısında vətəndaşlıq borcudur.

2019-cu ilin 21 dekabr tarixində Azərbaycanın ən qədim, unukal yaşayış məskənlərindən biri, bəlkə də birincisi olan İsmayıllı rayonunun Basqal qəsəbəsində, Böyük Vətən Müharibəsi Qəhrəmanı Kamal Qasımovun anadan olmasının 110-illiyinə həsr olunmuş təntənəli bir tədbir keçirildi.
Tədbir Qarabağ Müharibəsinin şəhidi Rəmzi Novruzovun adını daşıyan yeni məktəb binasında oldu.
Tədbirin adı da maraqlı idi: “Qəhrəmanın hünəri - Vətən qəhrəmanlarını unutmur”.
Məlumdur ki, qəhrəmanlarını unutmayan Vətən hər zaman igid oğulları ilə fəxr edə bilir.
Onu da qeyd etmək lazımdır ki, əslən Basqallı olan Kamal Qasımov, müharibəyə siyasi rəhbər kimi göndərilmişdi.
Keçirilən tədbir iki hissədən, rəsmi və bədii hissədən ibarət təşkil olunmuşdu. Rəsmi hissədə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Məhərrəmov, İsmayıllı Rayon Təhsil şöbəsinin Həmkarlar İttifaqının sədri Hafiz Kərimov, qəsəbədəki idarə, müəssisə və təşkilatların nümayəndələri, Bakıdan və Ukraynanın Xarkov şəhərindən dəvət olunmuş qonaqlar, eləcə də rayondan olan ziyalılar, hərbçilər, həmçinin qonşu kənd məktəblərinin direktor və müəllimləri, icra nümayəndələri iştirak edirdi. Çox möhtəşəm hazırlanmış bu tədbirdə həm Böyük Vətən Müharibəsində (BVM) həlak olan, həm də Qarabağın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

Basqal qəsəbəsi üzrə icra nümayəndəsi Novruz Əsədov giriş sözü ilə tədbiri açıq elan etdi. O, əvvəl tədbir iştirakçılarını salamlayaraq, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun salamını onlara çatdırdı və dəvət olunan qonaqları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonra isə yeni məktəbin yenicə təyin olunmuş direktoru Yeganə xanım Ağayeva qonaqları salamladı və bu gün müharibə şəraitində olan Azərbaycanda vətənpərvərlik, qəhrəmanlıq mövzusunda tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.
O, bundan sonra da həm Böyük Vətən Müharibəsində, həm də Qarabağ müharibəsində həlak olan həmyerlilərimizin döyüş yoluna həsr edilmiş tədbirlərin keçiriləcəyini qeyd etdi.

AMEA-nın elmi işçisi Abduləhəd Tağıyev, “Elm və Təhsil” qəzetinin baş redaktoru Pərixanım Mikayılqızı, Ukraynanın Xarkov şəhərində Azərbaycan diasporunun üzvü Kifayət xanım Cəfərova, ehtiyatda olan polkovnik-leytenant Çingiz Məhərrəmov və digər basqallı ziyalılar da çıxış etdilər. Çıxış edənlər qəzalı məktəbdən, hər cür şəraiti olan və yenicə istifadəyə verilmiş məktəb binasına görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonra tədbirin bədii hissəsi başladı.
Tədbirin bədii hissəsində məktəbin direktoru Yeganə Ağayeva daxil olmaqla, gənc müəllim kollektivinin və şagirdlərinin iştirakı ilə vətənpərvərlik mahnıları və şeirləri səsləndirildi. Kamal Qasımovun döyüşünü əks etdirən tamaşa-səhnəcik isə tədbir iştirakçılarının daha çox xoşuna gəldi. Məktəbin şagirdlərinin tamaşada yaratdıqları müharibə səhnəsi tədbir iştirakçılarının hər birini kövrəltdi. Sürəkli alqışlarla Kamal Qasımovun rolunu canlandıran şagird təkrar səhnəyə dəvət edilərək, İsmayıllı Rayon İcra Hakimiyyəti adından mükafatlandırıldı.
P.S.: Arzu edərdik ki, Kamal Qasımovla bağlı məlumatı olan varsa, yazıb bizə - “Elm və Təhsil” qəzetinə və yaxud, Zim.Az saytına göndərsin. Hər zaman maraqlı məlumatlarınızı dərc etməyə və işıqlandırmağa hazırıq.
PƏRİXANIM MİKAYILQIZI
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
Firudin bəy Köçərlinin tədqiqatçısı,
AJB-nin üzvü, şair-publisist.
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.