...Vaxt var gələr keçər.
Dərd var dələr keçər.
Dərd də var, dərd də!...
Dərd var zaman keçdikcə kiçilir; dərd də var ki, günbəgün böyüyür, unudulmaz olur. Ağrısı-acısı qəlbimizi göynədir...
1990-cı il 20 yanvar qanlı şənbə günü yaddaşımıza həmişəlik həkk olunub. İlahi!... Həmin gecə sanki dünyanın sonu idi. Aləm bir-birinə qarışmışdı. Hər tərəfdən zirehli tankların, topların, alovlu avtomat silahların gürultulu, vəhşi və qorxunc atəş səsləri eşidilirdi... Səhəri dünyanın tərəqqipərvər insanları Bakıya qoşun yeridilməsindən, tankların insanları vəhşicəsinə əzməsindən, dinc əhalinin-gənclərin, uşaqların, qocaların, qadınların alovlu silahlardan atılan güllələrlə qanlarına qəltan edilməsindən və hətta təcili yardım həkimləri öz müqəddəs borclarını yerinə yetirərkən onlara hərbçilərin maneçilik törətmələrindən təcili yardım maşınlarının güllə-borana tutulmalarından danışır, etiraz səslərini ucaldırdılar. Bakının küçələrində isə tanklar küçələri şumlayır, güllələr eyvanların pəncərələrini sındırıb tökür və evdə oyuncaqları ilə oynayan uşaqlara tuş olurdu... O ağrılı, acılı faciəli gecədə və sonrakı günlərdə xalqımızın hələ də sayı dəqiqləşməyən neçə-neçə günahsız igid, qəhrəman övladı şəhid oldu! Neçə-neçə ər oğlanlarımızı, Həcər qeyrətli bacılarımızı itirdik. Nə qədər körpə atasız, gəlinlər bəysiz qaldı. İlahi!...
Səbrli xalqımız öz şəhidlərinə düz 40 gün yas saxladı. 2 milyonluq şəhər qan ağlayırdı. Hönkürtümüzə, iniltimizə göylər də hönkürtü ilə cavab verirdi. Göydən qucaq-qucaq qərənfillər yağırdı. Aman Allah! Hardanmış bu qədər qərənfil?! Yaz yağışı da bir o qədər olmaz!... Yollar, səkilər güllərdən naxış-naxış ilmələnmiş xalıya bənzəyirdi. Hamı bir-birinə, tanıdı-tanımadı, bir cüt qərənfil atır, “Qoy hamı bilsin ki, biz bir-birimizə güllə yox, gül atırıq!” - söyləyirdilər... Həmin vaxtdan 30 il keçməsinə baxmayaraq, sanki hadisələr dünən baş verib. Yaralarımız göyüm-göyüm göynədir bizi... Axı, günlər, həftələr, aylar keçdikcə nəinki dərdimiz kiçildi, əksinə böyüdü. Gündən-günə şəhidlərimizin sayı artdı. “Nahaq qan yerdə qalmaz!”, “Başın sağ olsun, Vətən!” - deyə-deyə Şəhidlər Xiyabanını böyütdük, başqa-başqa rayonlarımızda da Şəhidlər Xiyabanları yaratdıq, yeni-yeni qəbirlər qazıb xalqımızın neçə-neçə ər oğullarını torpağa tapşırdıq...
Nəhayət ki, xalqımızın dözüm, səbr kasası dolub-daşdı. Azğın ermənilərin Cənnət Qarabağımızda törətdikləri vəhşiliklərə dözməyib “Öncə Vətəndir!” - deyə haqq səslərini ucaldan igid oğullarımız düşmən üzərinə hücuma keçdi, ölüm-dirim savaşına başladı. Bu savaşın əks-sədası Vətənimizin hər bir guşəsinə gedib çatdı. BORÇALI MAHALININ MƏRD OĞULLARI da “Ana Vətənimiz Azərbaycan naminə!” - deyib, torpağımızı yağı düşmən gülləsindən qorumaq üçün ön cəbhəyə - Qarabağa və sərhəd bölgələrinə yollandılar. Sinələrindən sipər çəkən özünümüdafiə dəstələrinə qoşuldular. Vətən üçün canını belə əsirgəməyən Vətən oğulları ölümün gözünə dik baxıb analarımızı külə döndərən, balalarımızın başını kəsən, körpələrimizi nizədə oynadan, gəlinlərimizi, qızlarımızı əsirlikdə saxlayan, namusumuza toxunan alçaq niyyətli, yaramaz ermənilərə qisas vuruşuna atıldılar. Ayrı-ayrı xarici ölkələrin güclü himayədarlığı ilə vuruşa girişən ermənilər layiqli cavablarını aldılar. Amma... Təəssüf ki, mərd oğullarımız arasında düşmənin namərd gülləsinə tuş olanları da çox oldu. Onlar qəhrəmancasına həlak oldular. Yox, yox, onlar ölmədilər! Ölümləri ilə yenidən doğuldular. ÖLMƏZLİK qazanıb daimi ƏBƏDİYYƏTƏ qovuşdular...
Əziz oxucu! İxtiyarınıza verdiyimiz bu kitabda da elə bu barədə söhbət açılır...
...Və bu yerdə ölməz görkəmli şairimiz Mikayıl Müşfiqin sözlərini xatırlamamaq olmaz:
“Vətənçün yaşayan,
Vətənçün ölən,
Səmimi bir insan,
Nə bəxtiyardır!”
Bəli, Vətəni qorumaq, Vətənçün yaşamaq, Vətənçün ölmək ŞƏRƏFLİDİR! Və bu şərəf hamıya qismət olmur!... Amma...
Dərd isə dərd olaraq qalır. İndi ismətli, vəfalı, gözəl-göyçək el qızlarımızı, sinələri qübar bağlayan analarımızı qara kəlağaylı, dərd əlindən birçəkləri ağarmış nənələrimizi qəmli, hüznlü, gözüyaşlı görəndə dərdimiz birə-beş artır. Ürəyimiz tab gətirmir bu ağrı-acıya. Yaralarımız göyüm-göyüm göynəyir... İlahi, Azərbaycan xalqı necə də, məğrur, igid və əyilməz xalqmış ki, bu böyüklükdə qara dərdin yükünü çəkməyə qadirdi!..
Bəli, Ana Vətənimiz Azərbaycanın müqəddəs torpaqlarına yağı düşmən gözlərinin dikildiyi vaxtdan 30 il keçir. Neçə-neçə ana fəryadı, ata qübarı, bacı naləsi, qardaş harayı göyərdi bu 30 ildə. Payız insanlarına qarışıb axan göz yaşlarımız qəlbimizə hopub neçə-neçə dərd bitirdi. Ahımız göyləri yandırdı, nisgilimiz torpağın bağrını dəldi. Bu aləm, bu həsrət, bu yanğı isə bitmədi, tükənmədi... tükənmədi...
Yarımçıq ömürlərin kədər rübabında bir həzin nəğmə sızıldadı. Ağlar gözlərimizi, iniltili könüllərimizi bir şərqi göynətdi:
Düşmən yas içində görməsin bizi,
Ağlama, ağlama, şəhid anası!...
Duyğularımızın sarı simində çalındı, həsrətdən yaranıb əzəmətə, vüqara qovuşdu bu nəğmə. Ruhumuzu sarsıdıb, varlığımızı titrədərək şəhidlik zirvəsinin məğrurluğuna, yenilməzliyinə tapındırdı ürəklərimizi. Düşmən nəzərindən qəmini, möhnətini gizlədən ana-bacıların göz yaşları öz qəlblərinə axdı. Səssizcə-səssizcə... Bu əzəmət bu vüqar şəhidlik zirvəsinə layiq yüzlərlə igid oğullar yetirdi. Qeyrət yaratdı, vüqar yaratdı, müqəddəs inam yaratdı Şəhidlər Xiyabanı...
Bu günlərdə Şəhidlər Xiyabanına baş çəkməyə getmişdim. Bir ana oğlum qəbri qarşısında diz çöküb şam kimi için-için əriyir, yana-yana ağlayırdı. Yaxınlaşıb ona təsəlli vermək istədim. Amma qəhər boğdu məni. Soraqlarımı aça bilmədim. Qorxdum ki, qərənfil dənizinə qərq olmuş qəbirlərə yanaşıb, şəhidlərin məzarları önündə ehtiramla baş əydim və sakitcə Anadan uzaqlaşmağa məcbur oldum...
İlahi, özün kömək ol! Qanlı 20 yanvar faciəsindən 30 il keçir... Analarımızın isə göz yaşları isə qurumur.
Ölüm! Bu nakam, üzüqara, bəd ifadə bütün hamımızın bəxtimizə yazılıb. Hamımız Ana Torpağının üzərində yaşayır və son mənzilimiz kimi ona da tapşırılırıq. Böyük əksəriyyətimiz bir müddət keçəndən sonra unudulsaq da, öz gözəl, yaddançıxmaz və xeyirxah əməlləri ilə gələcək nəsillərin ürəklərində, xatirələrində yaşayanlar da olur. Kimlərdir onlar? Qəhrəmanlar, Qeyrətlilər! Vətənin ölməz oğulları - Babəklər, Koroğlular, Nigarlar, Xan Eyvazlar, Xətailər, Natəvanlar, Qaçaq Nəbilər, Həcərlər, Səttarxanlar, Məmmədəminlər, Nərimanovlar!... Qanlı 20 Yanvar faciəsinin, Qarabağ savaşının şəhidləri ümumiyyətlə, Vətənimizin bütövlüyü və suverenliyi uğurunda canlarından keçən ölməz ər igidlərimiz!... Cəlillər!.. Vəzirlər!.. Eldarlar!.. Mübarizlər!.. Təbrizlər!.. Elşənlər!.. Müşfiqlər!..
Allah Sizə rəhmət eləsin, ruhunuz şad olsun, Şəhidlərimiz!...
İnanın, Sizin qanınız heç vaxt yerdə qalan deyil.
Haqq, ədələt tezliklə zəfər çalacaq.
Mütləq tezliklə!...
Ana Vətənimizin,
doğma Ata Yurdumuzun,
müqəddəs Torpağımızın azadlığı, respublikamızın suverenliyi, bütövlüyü, şərəfi, namusu yolunda canını qurban vermiş qəhrəman ər igidlərimizə əbədi eşq olsun!..
Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və
ZiM.Az saytının
baş redaktoru
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.