QƏLBİMİZDƏ YAŞAYAN ŞƏHİD

QƏLBİMİZDƏ YAŞAYAN ŞƏHİD Vətən, sağ olanda varlığımızın, dünyamızı dəyişəndə məzarımızın tapındığı, əzizləndiyi istəkli yuvadır.
Şəhid qanı tökülən yurdlar şərəfimizin, namusumuzun diqtəsidir. O xalq ki, öz yurd-yuvasına sahib çıxmır, o başqa dövlətlərin əlində canlı alətə çevrilir. 30 ildi işğal altında olan yurdlarımızın azadlığı uğrunda mübarizə gedir. Azğın düşmən havadarlarının köməkliyi ilə işğal etdiyi yurdlardan çıxmaq istəmir. Atəşkəs elan olunsa da, hər il neçə-neçə gənc övladlarımız vətənin bütövlüyü uğrunda şəhid olur, al qanıyla ana torpağı suvarır.
Məhz haqqında söhbət açdığımız Çingiz Qurbanov da Vətən uğrunda şəhid olmuş qeyyrətli igidlərimizdən biridir.


Çingiz Qurbanov
24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil oldu. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollandı.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid oldu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verdi.
Fevralın 6-sı saat 09.30-da isə Çingiz Qurbanov ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Çingiz Qurbanovun qəhrəmanlığından danışıb.
Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul etdi. İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim etdi.
QƏLBİMİZDƏ YAŞAYAN ŞƏHİD
20 Yanvar tədbirlər planına uyğun olaraq Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbində "Unutsaq unudularıq" adlı Vətənpərvərlik mövzusunda tədbir keçirildi.Tədbirdə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov da iştirak etdi.
Vətənin haqq işi uğrunda canı fəda etmiş şəhidmiz Milli Qəhrəman Çingiz Qurbanova Allahdan rəhmət diləyirik. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır...


Ceyhun Ağabəyov.
Balaqusar kənd tam orta məktəbinin
tarixi müəllimi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: