31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı

31 Mart - azərbaycanlılara qarşı törədilən soyqırımı aktı 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Tarixi faktlara əsaən 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. 9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir. General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana gizli teleqram göndərir. Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
Hadisələr göstərdi ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc insanları qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa, öz xeyirlərinə yazmağa əl atıblar.

Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Adıçəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bu qiymətli tarixi sənəd erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. Beləliklə, XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.

Ofeliya Qəhrəmanova,
Heydər Əliyev Mərkəzinin direktoru

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: