CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLI

CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLI Aprelin 1-i şəhid Ruhid İslamlının doğum günüdür.

Şəhid Ruhid Uğur oğlu İs­lamlı
- 1 aprel 1999-cu ildə Lerik ra­yonunun Çeşman kəndində ana­dan olmuşdur. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş olaraq böyüyüblər. 2000-ci ildə ailəliklə ilə Bakıya köçüblər.
Ruhid 4 yaşından bağçaya, 6 yaşından isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə getmiş, 2011-ci ildən təhsilini Suraxanı rayonunun Dədə Qorqud qə­səbəsində yerləşən 315 №-li məktəbdə davam et­di­rmişdir.
Təhsil aldığı müddətdə, hələ kiçik yaşlarından, cüdo, cui­cutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olmuş, Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarında iştirak etmiş, I və II yerlərə qazanmışdır. Azərbaycan Respublikası Çempio­na­tında muay-tay üzrə yarış­da dərəcə almış və həm­çinin beynəlxalq turnir­lərdə də iştirak etmişdir. Həmçinin, mək­təb fəaliyyəti dövrün­də də hərbi və intellektual yarış­lara, viktorinalara, olimpia­dalara qatılmış, müxtəlif dərəcələr almışdır. Özü də bir sıra ya­rış­lar, flaşmoblar və s. təşkil etmişdir. Bir sözlə, Ruhid intel­lektual, istedadlı və vətənpərvər gənc olmuşdur. So­sial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid möv­zularına xüsusi üstünlük verərdi.
Ruhid 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbə­sində yer­ləşən 315 saylı məktəbi bitirmiş, elə həmin il Naxçıvan Dövlət Uni­ver­sitetinin “Təhsildə sosial psixoloji xid­mət” ixtisasına daxil olmuşdur.
II kursdan universitetdə YAP Gənclər təş­kilatının üzvü kimi ictimai fəaliyyətə başlamış, eyni zamanda, Gənclər birliyinə də sədrlik etmişdir. 2018-ci ildə YAP-ın fəal gənc üzvü seçilmişdir.
2020-ci ildə ali təhsilini başa vurmuş, iyulun 29-da həqiqi hərbi xidmətə yollanmışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edil­məsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ruhid İslamlı gənc əsgər bölüyündən könüllü şə­kildə ərizə yazmış və torpaqlarımızın azadlığı uğrunda döyüş­lərə qatılaraq, Talış kəndi və Suqovuşan istiqamətində döyüşlərdə xüsusi rabitəçi kimi xidmətini davam etdirmişdir.
2020-ci il oktyabrın 6-da müharibənin ən qızğın dövründə Su­qovuşan istiqamətində gedən şiddətli döyüşlərdə Gülüstan kən­di yaxınlıqda strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel pos­tun­da Azərbaycan Respublikasının ərazi bütöv­lüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur.
O, Bakı şəhərinin Suraxanı rayonundakı Dədə Qorqud qəsəbəsin­də yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Allah rəhmət eləsin.

*** CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLI

Ölümündən sonra şəhid Ruhid Uğur oğlu İslamlı Azər­bay­can Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam­larına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğ­runda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş əmrləri şərəflə yerinə yetirdiyi üçün III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən Müharibəsi iştirakçısı", "Vətən uğrunda""Cəsur döyüşçü" medalları ilə, eləcə də, ­Azərbaycan ərazilə­rinin, o cümlədən, Suqovuşan qəsəbəsinin işğaldan azad edil­məsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyə­tinin qorunub sax­lanılmasında fərqləndiyinə görə ­­"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

***

CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLIBu günlərdə əmək­daşı­mız Şəhid-psixoloq Ruhid İslamlının atası Uğur İs­lam­lı ilə görüşmüş, ondan oğ­lu ilə bağlı xatirələrini söy­ləməsini xahiş etmişdir.
Uğur İslamlı demişdir:

“Oğlum 2016-2020-ci il­­lərdə Naxçıvan Dövlət Universite­tin­də Psixo­lo­gi­ya ixtisası üzrə ali təhsil alıb. Peşəsini və uşaqları xü­susilə çox sevib. Uşaq­larla işləyərkən qəlbindəki sevinc gözlərindən hiss edi­lirdi. Elə bu istiqamətdə istər Bakı, istərsə də Naxçıvanda olduğu dö­nəmlərdə psixoloji mərkəz­lərdə olub, əlindən gəldiyi qədər insanlara köməklik göstərib. Heç kəsə bildirmədən neçə-neçə ehti­yacı olan ailəyə ödənişsiz kömək edib. Biz bunu uzun zaman sonra öyrənmişdik. Savadlı və öz işini layiqincə yerinə yetirən psixoloq kimi daim öz üzə­rində işləyirdi. Bu yolda da özündən böyük, psixoloq kimi fəa­liy­yət göstərən bacısından örnək alır, onunla məsləhətləşirdi. İşi ilə bağlı xəyallarından danışanda - “Bu sahədə atacağım addım nə olursa olsun, bacım kimi olmaq istəyirəm. Onun yanaşması çox fərqlidir və işini sevərək görür” - deyirdi. Çox planları, la­yihələri var idi bu yolda...
Pandemiya vaxtı cəmiyyətimizdə psixoloji cəhətdən narahat­lıqlar keçirən insanlar var idi. Bu səbəbdən belə bir fikri yaran­mışdı ki, ehtiyacı olanlara ödənişsiz, onlayn psixoloji yardımlar göstərsin. Danışdıq bu barədə, üzərindən bir az keçdi bir payla­şım göndərdi, dedi ki, “bunu paylaşaq və yaxınlarımız da pay­laş­sın, bəlkə beləliklə kimin ehtiyacı varsa əlaqə saxlayar, bizim də kö­məkliyimiz dəyər”. Razılaşdıq və paylaşdıq. Üzərindən 10-15 dəqiqə keçmişdi, yazdı ki, “so­sial şəbəkədən o paylaşımı sil, mən də sildim. Sən demə başqa həmkarımızın layihəsi imiş və mənim bundan xəbərim yox idi, elə bilirdim ümumi payla­şım­dır. Başqasının əziyyətlə hazırladığı layihəni istifadə etməmiz düz­gün deyil”. Çalışırdı ki, işini dai­ma vicdanla görsün. Hətta, hə­­min səs yazıları indi də qal­maqdadır.”

CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLIPsixologiya Elmi-Tədqiqat İns­­titutunun sədri, fəlsəfə doktoru Elnur Rüs­tə­­movun psixoloq, Şəhid Ruhid İslamlı ilə bağlı xatirələrindən:
- “Ruhid istedadlı, mehriban, çalışqan, hər kəsə daim əlindən gələn köməyi edən, qəlbi Vətən eşqi ilə alovlanan biri idi. Nax­çıvan Dövlət Universitetinin Psixologiya ixtisasını bitirmişdi. Fəaliyyətini də təhsili istiqa­mətində aparırdı. Psixologiyaya çox böyük marağı var idi. Pe­şəkar bir psixoloq kimi yetişmək istə­yirdi. O, özünü daim tək­milləşdirirdi, öyrənmək istəyi məni va­leh etmişdi. Kurslarla, kon­franslarla maraqlanırdı, onlarda aktiv bir şəkildə iştirak edir­­di.
Yaxşı xatırlayıram, 2019-cu ildə “Psixologiya Zirvəsi - 1” kon­­fransında çox böyük aktivlik göstərərək, iştirak etmişdi. Qardaş Türkiyə Respublikasından gələn dosent və professor he­yəti ilə sıx təmaslar qurmuşdu. Hocalar ondan sonra mənə Ru­hid haqqında xoş təəsüratlarını paylaşmışdılar. “İyi bir psi­ko­loq olacaq!”, “Başarılı bir psixoloq olacaq!” kimi fikirlər səs­lən­di­rir­dilər.
Arzusu institutda çalışmaq idi. Zarafatla, hər zaman ona, “tə­ləsmə, universiteti bitir, inşallah, bərabər çalışarıq deyirdim”. Açığı o zaman bilmirdim Ruhid nəyə tələsir. Ancaq tələsdiyini görür­düm… Yadımdadır, 4-cü kursu bitirdiyi ildə mənə yazmışdı. Psi­xologiya Elmi-Tədqiqat İnstitutunda psixoloq kimi fəaliyyət göstərmək istəyirdi. Universiteti bitirdiyini və iş təcrübəsinin olduğunu da bildirmişdi mənə. Düzü, çox təqdir etdim onu. Vaxt itirmək istəmirdi, ona görə də bütün işlərini tez-tez edirdi. İnstitutda işləyəcəyi günü sanki “ip ilə çəkirdi”. Mənə elə gəlir ki, o, gücü çatan qədər çox insana kömək etmək üçün tələsirdi. Hətta döyüşdə belə, o, döyüş yoldaşlarına psixoloji dəstək də göstərirmiş. Bunu eşidəndə, çox qürurlanmışdım və kövrəlmiş­dim. Çətin şəraitdə belə, onun başqalarını düşünməyi, insan, Və­tən sevgisinin göstəricisidir. Məhz Ruhid ona görə insanların sevimlisi ola bilmişdi”.

CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLIRuhidin komandiri onun barəsində danışanda bunları xüsusilə qeyd etmişdir:

- “Ruhid çox güclü psi­xoloq idi. Bütün əsgərlər tərəfindən istedadına görə sevilirdi. Hətta mən bir az hirsli olanda, kefsiz olan­da belə məni sakitləş­dir­məyi bacarırdı. Əsgər yol­daşları ilə çox mehriban idi, hamısına dəstək olur­du. Müharibə ərəfəsində döyüş yoldaşlarına böyük dəstək göstərir, onları ruhlandırırdı. Biz müharibənin birinci günündə qatıldıq. Amma Ruhid çox rahat idi, ona görə ki, həddindən artıq vətənpərvər idi, xalqını, torpağını, dövlətini, bayrağını çox sevirdi. Ən çox düşündüyü, səbrsizliklə gözlədiyi Şuşaya gedib çatmaq idi. Torpaqlarımızın azad olunmasını istəyirdi. Biz elə yerdə idik ki, yüksəklikdə, meşənin içində oradan döyüş meydanı görünürdü. Bizim dö­yüş­çülər Talış istiqamətində hücuma keçəndə onun gözlə­rindən yaş gəlirdi sevincdən. Çox duyğusal idi...”

Ruhid İslamlı haqqında eşitdiklərimizdən belə bir nəticəyə gəlirik ki, hələ gənc yaşlarından zəhmətkeş, çalışqan, duyğusal olmaqla yanaşı, həm də yorulmaq bilmədən daim öz üzə­rində işləyən, müqəddəs ata yurdunu, doğma vətənini saf və sonsuz bir sevgiylə sevən, bütün insanlara, xüsusilə də, qocalara və körpə uşaqlara daima böyük diqqət və qayğı göstərən, elə buna görə də, onu tanıyan bütün insanların sevim­lisinə çevrilən xeyirxah insan sonda mütləq QƏH­RƏ­MAN olmalı və SONSUZ ƏBƏDİYYƏT qazan­malı idi...
Qa­zandı da!.. Halalı olsun!..


Etibar OVÇUYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Ziya” qəzetinin və “ziya.info.az”-saytının əməkdaşı

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: