Şəhid MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020)

Şəhid  MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020) Mixail Həmidov (18 dekabr 1983; Potsdam, Almaniya Demokratik Respublikası — 23 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — iqtisadçı; Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Mixail Hamlet oğlu Həmidov - 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub.
Əslən qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Muğanlı kəndindəndir.
1991-1998-ci illərdə Bakının Suraxanı rayonundakı P.İsmayılova adına 278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isə Sabunçu rayonundakı F.Tağıyev adına 72 nömrəli məktəb-liseydə təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə "leytenant" hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından "baş leytenant" hərbi rütbəsində tərxis olunub.
Azərbaycan Ordusundan tərxis olunmasından bir il sonra "Halal-P" firmasında çalışmağa başlayıb. 2013-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub və 2015-ci ildə həmin universiteti "Biznesin idarə edilməsi (MBA)" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışıb. Son olaraq "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlananda, Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixal Həmidov öz istəyi ilə müharibəyə yollanıb. İkinci Qarabağ müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. İkinci Qarabağ müharibəsində silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 23-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.

26 iyun 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif olunmuş Mixail Həmidov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə (ölümündən sonra), Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə (ölümündən sonra) təltif edilib.
Mixail Həmidov rus, ingilis və erməni dillərini bilirdi.
Ailəli idi. Mədinə, Mələk və Yusif adında üç övladı yadigar qalıb.

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: