Xalqlarımızın milli bayramlarda bir yerdə olmaları dostluğumuzun, qardaşlığımızın və birliyimizin bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Novruz bayramı ilə əlaqədar martın 19-da Rustavi şəhərində keçirilmiş tədbirdə səslənib.
Rustavi Azərbaycanlılarının Mədəni Cəmiyyəti və “Varlıq” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Salam Mədəni Xeyriyyə Cəmiyyətinin və Loğman Tibb Klinikasının dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyini məsul əməkdaşları, bölgə qubernatorunun müavini, Rustavi şəhərinin meri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rustavi şəhər meriyasının məsul işçisi Bəhram İsayev, səfirliyin əməkdaşı Elcan İmamverdiyev, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət və başqaları çıxış edərək Novruz bayramının özəlliklərindən danışıblar. Bildirilib ki, sovetlər dövründə imperiya rejimi milli bayramların, o cümlədən Novruz bayramının keçirilməsinə qadağa qoysa da, Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, bu bayramı yaşadıb və dünyəviləşdirib.
Natiqlərin bayram təbriklərindən sonra tədbir azərbaycanlı və gürcü məktəblilərin, incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Rustavi
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.