Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilmişdir.
2016-cı ilin aprelində erməni işğalçılarının azğın təxribatlarının qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilmişdir. Bu kampaniya mərhələli şəkildə davam edəcəkdir.
Yeni Azərbaycan Partiyası tərəfindən atılmış bu vətənpərvər addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.
Bu gün Yeni Azərbarcan Partiyasının maliyə dəstəyi ilə aprel döyüşlərində şəhid olan, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Lənkərana - "Palıdlı-Sahil" istirahət mərkəzinə yola salınmışdır.
Müdafiə Nazirliyinin nümayəndəsi yolasalma mərasimində çıxış edərək dedi ki, tədbirə dəvət olunanlar bir həftə ərzində cənub bölgəsinin gorməli yerləri ilə tanış olacaq, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı yerləri, Şəhidlər xiyabanını ziyarət edəcək, muzeylərdə olacaqlar. Tədbir təkcə istirahətlə məhdudlaşmayacaq. Astara, Lerik, Lənkəran rayonlarının sakinləri qazanılan qələbə üçün şəhid olanlarımızın, sağlamlığını itirənlərimizin ailə üzvləri ilə tanış olacaqlar ki, bu da vətənpərvərlik duyğularının daha da yüksəldilməsində vəsilə olacaqdır.
Tədbirin davam etdiyi müddətdə Müdafiə Nazirliyi və "Palıdlı-Sahil" istirahət mərkəzinin birgə təşkilatçılığı ilə silsilə mədəni-kütləvi tədbirlər keçiriləcəkdir ki, bu tədbirlərin də mahiyyəti dövlətçiliklə bağlı olacaq. Belə tədbirlər ordu ilə xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə yönəldilir.
Tədbir müddətində yerli incəsənət ustaları özfəaliyyət kollektivlərinin üzvləri, eləcə də H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi maraqlı konsert proqramları ilə çıxışlar edəcəkdir.
Istirahətə yola düşməzdən əvvəl Silahlı Qüvvərin Təlim-Tədris Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət edildi, önünə güllər qoyuldu. Hamı bir daha əmin oldu ki, heç kim unudulmur.
Şəhid Tural Həşimlinin atası Əbdül Həşimli belə bir tədbirə, bu diqqətə, qayğıya görə görə təşkilatçılara minnətdarlığını bildirir.
Yolasalma mərasimində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov dedi:
- Mənim oğlum da Vətən naminə döyüşdü, şəhid oldu. Onun xidmət yoldaşıarının hər birini oğlum bilirəm. Inanıram ki, əsgərlərimiz yaxın vaxtlarda qazanacağı qələbə ilə şəhidlərimizin ruhunu şad edəcəklər. Həmin gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə oğlumun adı verilmiş postda olacam. Bu tədbirə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
Nicat İsgəndərlinin (Tərətər), Müşviq Orucovun (Zəngilan), Zakir Cəfərlinin (Ağdam) ailə üzvləri də bu tədbirdən məmnun qaldıqlarını deyirlər.
C.Naxçıvanski adına Hərbi liseyin kursantları aprel döyüşlərində şəhid olanların, döyüşlərdə sağlamlığını itirənərin ailə üzvlərinin Lənkərana alqışlarla yola saldılar.
Lənkəranda "Palıdlı-sahil" istirahət mərkəzinin bir həftəsi təkcə istirahət edənlərin deyil, tədbirin təşkilatçılarının da, istirahət edənlərlə ünsiyyətdə olanların da yaddaşından heç zaman silinməyəcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2016-cı ilin yay mövsümündə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkili etmiş, bundan əvvəl isə dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürmüşdür.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.