Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai maraqlarını ifadə etməsidir

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi cəmiyyətin bütün sosial-ictimai maraqlarını ifadə etməsidir Azərbaycanda siyasi partiyaların yaradılması sovetlərin 70 illik hakimiyyətinin süqutundan, dövlət müstəqilliyinin bərpasından sonra hərəkata çevrilmişdir. Müxtəlif adlar, məram və məqsədlər altında hakimiyyətə iddialı görünən bəzi siyasi təşkilatlar qısa zamanda mübarizə meydanlarında ya məğlub oldular, ya da digərləri ilə birləşərək "başqa bayraq” altına keçib əriyib itdilər. Dövlət müstəqilliyinin bərpasının ilk illərində Ulu Öndər Heydər Əliyevin də rəhbərliyi ilə bir partiya yaradıldı.

O zaman hakimiyyətə müxalif olan bu siyasi təşkilatın sıralarına daha çox üzv qəbul edilməsinin müxtəlif səbəbləri var idi. Onlardan ən birincisi bu partiyanın yaradıcısının ictimai-siyasi baxışları və nüfuzu, dövlətçilik qanunlarının bilicisi, qranit iradəsi, mübarizliyi ilə xalqın sevimlisinə çevrilməsi idi. Digər amilləri və səbəbləri sadalamağa ehtiyac duymasaq da, bir faktı unutmamalıyıq. O zamankı hakimiyyəti zəbt etmiş iqtidarın qısa zaman kəsiyində dövlət idarəçiliyindəki təcrübəsizliyini gördüyü üçün AXC-Müsavat cütlüyünün bəzi sıravi üzvləri də lideri Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasına üz tuturdular. Qısamüddətli hakimiyyəti dövründə həmin cütlüyün fəaliyyətsizliyi bu prosesi daha da gücləndirdi. Məhz bunun nəticəsində xalq hakimiyyətin Ümummilli Lider Heydər Əliyevin ideyalarını gerçəkləşdirmək yolunda siyasi mübarizə meydanında daha çox səs toplayan Yeni Azərbaycan Partiyasına verilməsini tələb etdi.


Digər siyasilərin və ictimaiyyətin nümayəndələrinin dəfələrlə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında daha çox nüfuz qazanıb. YAP-ın sədri kimi, Prezident İlham Əliyevin bu siyasi təşkilatın fəaliyyət istiqamətini düzgün müəyyənləşdirməsi onun nüfuzunu ildən-ilə artırmaqdadır. YAP-ın nüfuzunun artması həm də onun sıralarında bu təşkilatın yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvəsi ilə çalışması ilə bağlıdır.

Yeganə siyasi qurumdur ki, 1993-cü ildən hakimiyyətdə olan YAP-ın respublikamızın bütün bölgələrində, rayonlarda, hətta ən ucqar yaşayış məntəqələrində ilk təşkilatları fəaliyyət göstərir, dinindən və dilindən asılı olmayaraq, milyonlarla vətənpərvər azərbaycanlını bir ideya ətrafında birləşdirir.

Heç kimə sirr deyil ki, YAP Azərbaycanın son dərəcə ağır günlərində - ölkədə hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaradılıb. O vaxtlar respublikamızda bir sıra siyasi partiyalar fəaliyyət göstərsə də, aralarındakı daxili çəkişmələr imkan verməyib ki, ölkədəki ictimai-siyasi, hətta humanitar böhran aradan qaldırılsın. Odur ki, Azərbaycanın siyasi müstəqilliyi sual altında idi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən nəinki ziyalılar, sadə xalq belə ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək bir siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu ideya onları, başda Ümummilli Lider Heydər Əliyev olmaqla, Yeni Azərbaycan Partiyasını yaratmağa sövq etdi. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın yeniliyə açıq, xalqın partiyası adlanan - Yeni Azərbaycan Partiyası yarandı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın ötən illərdəki inkişaf tarixi göstərdi ki, bu siyasi təşkilatın təməlini qoyanlar və yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni yüksəlişinin istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycanın siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan

Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi odur ki, o, cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisidir.
Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın strateji proqramında ana xətti təşkil edir.


Ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə xalqımızın və müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat kimi tanındı. Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox üzvü sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və davamlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.

Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyini möhkəmləndirdiyi Azərbaycanın hərtərəfli inkişafı Prezident İlham Əliyevin həmin siyasəti layiqincə davam etdirməsinin nəticəsidir.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasından ötən 27 illik tarix də göstərir ki, bu sırada addımlayan yaşından və vəzifəsindən asılı olmayaraq hər bir YAP üzvü vətənə, xalqa, dövlətə sədaqətli xidmətləri ilə daim seçiliblər. Bu təşkilatda həmin ideyaların gerçəkləşməsi yolunda aparılan mübarizədə fəal olan 32 min nəfərdən artıq üzv vardır ki, onlardan 12 min 347-si gənclərdən ibarətdir. Sıralarında 13 min 674 nəfər qadını birləşdirən YAP Yasamal rayon təşkilatının gənclərindən biri kimi qürur hissi keçirirəm.
Çünki YAP Yasamal rayon Gənclər Birliyində həmin vətənpərvərlərlə eyni sıradayam. YAP Yasamal rayon gəncləri də Ümummilli Liderin ideyalarına daim sadiq olmaları ilə seçilirlər. Onlar bu gün Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. Bu birliyin formalaşmasında, əlbəttə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun xidmətləri az olmayıb.

"Nə qədər ki, Azərbaycan var, mən də var olacam” - deyən Ulu Öndərin qurduğu Azərbaycan daimidir, əbədidir. Bu sırada YAP-ın da daimi olacağına əminik!

Əsmər NƏBİYEVA,
AzTU-nun doktorantı,
YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin
sədr müavini


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: