Heydər Əliyev 2001-il noyabr ayının 9-da Dünya Azərbaycanlılarının I Qurultayında dövlət siyasətini səciyyələndirərkən vurğulayırdı:
"Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.
Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq"
Bu baxımdan dövlət siyasətinin strategiyası olan azərbaycançılıq bu dövlətin bu gününün və gələcəyinin devizidir.
Heydər Əliyevin sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi çərçivədə deyil, həm də milli-mənəvi ideyaların təsbit olunmasında da gerçəkləşdirdi. Elə bir sahə yox idi ki, bu böyük dühanın nəzər və diqqətindən qaçmış olsun. Bura mental dəyərlərimiz, ana dilimiz, tarixi abidələrimiz, incəsənətimiz, milli-mənəvi irsimiz, təhsilimiz, səhiyyəmiz, hüquqi sahə və s daxil idi.
İnkişaf etmiş böyük dövlətlərin tarixinə ekskursiya etsək görərik ki, bir millət kimi formalaşmaq, siyasi arenada öz sözünü deyə bilmək, güçlü bir dövləti qurub yaratmaq və onu qorumaq üçün onun güclü, siyasi, uzaqgörən, bacarıqlı, məğrur bir lideri olmalıdır. O, lider ki, millətinə həqiqətən cani-könüldən bağlı olsun, xidmət etsin, qayğı göstərsin və istənilən sahədə dövlətinin milli tərəqqisi işinə fayda versin, cəmiyyətdəki hadisələrə vaxtında və zamanında münasibət bildirməklə özünü sübut etsin.
Ulu Öndər məhz o güclü adamlarından idi ki, o öz sözünü ictimai-siyasi mühitdə, iqtisadi münasibətlərdə, təhsil məsələlərində, dil ayrıntılarında, gənclər siyasətində və s. hər zaman deməyi bacarırdı.
Qədim tarixi kökləri olan Azərbaycan xalqının milli- mənəvi irsinin qorunub saxlanmasında gənclərin üzərinə qoyduğu məsuliyyət yükü həm də bu dövlət adamının ölkə gəncliyinə olan etimadının təcəssümü idi. Və hər kəs bunu təsdiqləyir ki, bu gün ölkəmizdə bütün sahələrdə qazanılan uğurların altında Heydər Əliyev imzası durur. Həmçinin də müstəqil dövlətin yaranması, inkişafı, qorunması, xalqımızın tərəqqisi naminə misilsiz işlər görmüşdür.
Heydər Əliyev çıxışlarının əsas qayəsi kimi Azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçilik sintezini vurğulayır və öz haqq səsini daima ucaltmağı lazım bilirdi. Böyük həyat məktəbi idi bizim Ümummilli Liderimiz Dahi Heydər Əliyev! O, həyat məktəbi ki, bir çox dünya liderləri bu böyük insan və güclü siyasət adamının həyat yolu və apardığı məsədyönlü siyasəti hər zaman araşdırır və öyrənirlər.
Belə nadir şəxsiyyətlər bəşər üzünə çox az-az gəlir. Onlardan biri də Azərbaycan xalqının qismətinə yazılan bu böyük siyasət adamıdır.
Azərbaycanın bir multikultural ölkə olduğunu hər zaman vurğulayır, tolerantlığın təməl prinsiplərini hər zaman öz əyani misallarında əks etdirirdi.
Bütün bunlarla o ölkəsini dünyaya tanıdır və onun mütərəqqi dəyərlərini, tolerantlığını, etnik müxtəlifliyi özündə necə birləşdirməyi, bu ideologiyanın bir qolu kimi bəşəriyyətə izah edirdi.
Heydər Əliyev elə bir tarixdir ki, onun haqqında yüzlərlə kitablar yazılıb, saya-hesaba gəlməyən araşdırmalar, məqalələr, monoqrafiyalar yazılır və yazılmaqdadır. bu dahini öyrəndikcə öyrənirik, onun şərəfli ömür yolu bir nümunədir.
Və tarixə öz adını yazan bu böyük siyasət adamı şübhəsiz ki hər zaman biz gənclərin baxış kontekstindədir. Olduqca şanslı bir nəsilik ki, bizim inkişaf dinamikamız bu irsin layiqli davamçısı olan İlham Heydər oğlu Əliyevin prezidentliyi dövrünə təsadüf edib. Heydər Əliyev ideyalarının layiğlı davamçısı olduğunu sözdə deyil əməldə sübut edən dövlət başçımız bu gün bütün dünyaya örnək olan dövlət adamıdır.
44 gün davam edən və möhtəşəm "Zəfərlə" yekunlaşan 30 illik Qarabağ həsrətinə son verib Qələbəni bizlərə bəxş edən güçlü Lider İlham Əliyev məhz Heydər Əliyev məktəbinin məzunu olduğunu bir daha sübut etdi.
Və möhtərəm prezidentimiz İlham Əliyev Qarabağın gözü olan Şuşanın azadlığa qovuşduğu gün əbəs yerə söyləmədi:
"Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!
Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"
Məkanın cənnət olsun Ulu Öndər!
Ruhun şad olsun!
Nəhayət Məhəmməd qızı Şirinova,
YAP Quba Qadınlar Sırasının sədr müavini,
ADPU Quba filialının əməkdaşı,
"Qızıl Qələm" Media Mükafatı laureatı,
Beynəlxalq sertfikatlı təlimçi,
ictimaiyyətçi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.