Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb TƏBRİK EDİRİK!..

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın “Müqəddəs məkan Naxçıvan” kitabı çapdan çıxıb.


Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan kitabda müəllifin son illər Naxçıvan haqqında yazdığı bədii əsərləri, publisistik və elmi məqalələri yer alıb. Əsərlər Naxçıvanın orta əsrlərdən dövrümüzədək keçdiyi kəşməkəşli yolu özündə əks etdirir.

Yeni nəşrin ilk səhifələrində “Əcəmi” povesti, "Möminə Xatun" pyesi və digər hekayələr oxuculara təqdim olunur.

Publisistik məqalələr bölməsində tanınmış naxçıvanlı alim, təbib, şair və sənətkarlar haqqında maraqlı faktlarla zəngin yazılar işıqlandırılıb.
Tanınmış naxçıvanlılardan Baba Nemətullah, Nəcməddin Əkmələddin, Əmirəddin Məsud, Əhməd əl-Hafiz, Osman Naxçıvani və digərlərinin həyat və yaradıcılıqları əks olunub. Sözügedən bölmədə müxtəlif illərdə yaşayıb-yaradan Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, əbəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi naxçıvanlılar barədə məlumatlar verilib.

Kitabda, həmçinin Azərbaycan ədəbiyyatında Şərq və Qərb mövzusuna da toxunulur.
Gənc tədqiqatçının “Sovet dövründə Naxçıvan ədəbi mühitində qərb ədəbi ənənəsinin zəifləməsinin səbəbləri və nəticələri”, “Naxçıvan ədəbi mühitində Qərb amili”, “Məhəmməd Tağı Sidqinin ədəbi-elmi pedaqoji fəaliyyətində Şərq və Qərb”, “Cəlil Məmmədquluzadə: Şərq-Qərb meyillərindən milli özünəməxsusluğa” elmi məqalələri diqqətəlayiqdir.

Nəşrdə XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, Naxçıvan ədəbi mühitinin formalaşmasında misilsiz xidmətləri olan və o dövrdə yazıb-yaradan maarifpərvər yazıçıların yaradıcılığına nəzər salınır.

Biz də “Ziya” qəzetinin və ZiM.Az saytının yaradıcı heyəti və oxucuları adından istedadlı qələm dostumuz Nərgiz xanım İsmayılovanı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi, eləcə də bədii və publisistik yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: