AMEA Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr bölməsindən ZiM.Az-a bildiriblər ki, 2016-cı ildə Bakıda nəşr edilən kitabın elmi redaktoru professor Cahangir Məmmədli, redaktoru filologiya üzrə fəlsəfə doktoru Elşən Şahbalayev, rəyçilər akademik Rəfael Hüseynov, professor Nizami Cəfərov, professor Həmid Vəliyevdir.
Kitab Bakı dövlət Unversitetinin Jurnalistika fakültəsinin Elmi Şurasının, universitetin Elmi-Metodik Şurasının və Nəşriyyat Şurasının 2016-cı il tarixli qərarları ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilib.
Nəşr dörd fəsildən ibarətdir. İnformasi Agentlikləri, qloballaşan dünyada informasiya axını, müasir informasiyanın işlənmə və yayılma problemləri, informasiya işində ənənə və müasirlik, informasiya agentliklərinin beynəlxalq və regional təşkilatları fəsillərində toplanan araşdırma və tədqiqatlar böyük informasiya agentliklərinin peşəkar təcrübələrinə dayanaraq jurnalistikanın başlıca prioritetini təşkil edən xəbər hazırlanması istiqamətlərini müəyyən edir. Xəbərin əldə edilməsi, hazırlanması, ictimaiyyətə çatdırılması, ənənəvi və müasir medianın şəbəkə şəklində fəaliyyəti ilə bağlı nəzəri fikirlər də dərslikdə öz əksini tapıb. Sözügedən kitabda informasiya agentliklərinin birləşdiyi beynəlxalq təşkilatlar, müxtəlif qurumlarda onların təmsil olunması barədə nəzəri bilgilər ortaya qoyulur.
Kitabda Aslan Aslanovun peşəkar jurnalist kimi topladığı təəcrübələr də öz əksini tapıb.
Dərslik ali məktəblərin müvafiq fakültələri, mətbuat işçiləri, tarixçilər, jurnalistlər, politoloqlar üçün nəzərdə tutulub.
Müşfiq BORÇALI,
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.