AZƏRTAC-a istinadən
ZiM.Az xəbər verir ki, tədbirdə İctimai Birliyin üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
İctimai Birliyin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq “Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələri qədim köklərə bağlıdır” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan N.Əliyev Ulu Öndərin Azərbaycan və Dağıstan xalqları arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhz bu dahi şəxsiyyətin səyləri nəticəsində dost xalqlarımız arasında bütün sahələrdə əlaqələr daha da möhkəmlənib. Dahi şəxsiyyət Heydər Əliyevin diqqət və qayğısı nəticəsində hər iki respublikada ziyalıların, alimlərin görüşlərinin keçirilməsi, tanınmış şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir. Qafqaz xalqları qarşısında əvəzsiz xidmətləri olan iki dahi şəxsiyyətin - böyük sərkərdə Şeyx Şamilin və hər iki xalqın böyük oğlu adlandırılan görkəmli dövlət xadimi Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində qeyd olunmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan və Dağıstan xalqlarının tarixi əlaqələrinin köklərinin daha qədim olduğunu bildirib, Şeyx Şamilin azadlıq uğrunda mübarizəsinin bütün Qafqaz xalqlarının taleyində rolunu tarixi faktlarla sübut edib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illər hər iki respublika arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Ötən ilin mayında Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin abidəsinin açılışı, ölkəmizdə Dağıstan mədəniyyət günlərinin keçirilməsi, 2016-cı il dekabrın 23-də Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfransda Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin iştirakı və sair faktlar xalqlarımız arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir.
Qeyd olunub ki, xalqlarımız arasında əməkdaşlığın inkişafında Heydər Əliyev Fondu xüsusi rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsaitin ayrılması, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və yenidən qurulması, çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi hər iki respublika arasında əlaqələrin inkişafının bariz nümunəsidir.
Vurğulanıb ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi də Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Təşkilat Dərbənddəki məktəblərdə Azərbaycan dilinin tədrisində, Dərbəndin tarixinin və mədəniyyətinin təbliğində fəallığı ilə seçilir. Qurumun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.
İctimai Birliyin üzvləri Əsgər Seyidov, Teyfuq Baqirov, Ələkbər Əliyev, Rəhilə Əsgərova, Hacı Əhmədov də çıxışlarında Azərbaycanın qədim və zəngin tarixi kökləri olan tolerantlıq ənənələrinin dünyaya nümunə olduğunu vurğulayıblar.
Sonra “Hərbçi alim Nurulla Arif oğlu Əliyev” kitabının təqdimatı olub.
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvü Rafiq Rəhimov çıxış edərək kitabda təşkilatın fəaliyyəti, eləcə də hərbçi alim Nurulla Əliyevin zəngin və çoxşaxəli yaradıcılığından ətraflı bəhs olunduğunu vurğulayıb. Qeyd edib ki, nəşr xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantlarının vətənpərvərlik ruhunda tərbiyəsi baxımından sanballı elmi mənbədir.
Qeyd edək ki, kitabın müəllifləri filologiya elmləri doktoru Sədi Nuriyev və Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovdur.
Tədbirdə Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipova xalqlarımız arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin minnətdarlıq məktubu oxunub.
Həmçinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar Konqresinin fəaliyyətinin dayandırılması barədə iddia ilə Ali Məhkəməyə müraciəti ilə bağlı bəyanat qəbul olunub.
Sonda cari ildə İctimai Birliyin fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib, Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.