"Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları” (kurrikulumları) əsasında hazırlanmış VIII siniflər üçün "Ədəbiyyat" dərslik komplektlərində (Müəlliflər: Bilal Həsənov, Soltan Əliyev, Nuriyyə Verdiyeva, Aynur Mustafayeva, Səadət Məmmədova) Q.Zakirin "Durnalar" qoşmasının tədrisinə 2 saat vaxt ayrılır, 3-cü saatda isə həmin qoşmanın M.V.Vidadinin eyniadlı qoşması ilə müqayisəli təhlili nəzərdə tutulur.
Əvvəlcədən qeyd edim ki, oxşar mövzuda yazılmış əsərlərin öyrədilməsinə belə bir mövqedən yanaşma maraqlı və təqdirəlaiqdir. Müəlliflərin də qeyd etdiyi kimi, "Bu istiqamətdə reallaşdırılan müzakirə isə əsərin məzmununun əhatəli, dərindən mənimsənilməsinə dəyərli töhfə verir".
Bu təqdirlə yanaşı, məni çoxdan narahat edən bir problemə toxunmaq istəyirəm.
Birincisi, nəncə, M.V.Vidadinin "Durnalar" qoşmasını ixtisarla verilməsinə ehtiyac yoxdur. Ən azı, ixtisar olunmuş 4-cü bənddə əsərlərin fərqli cəhətləri ilə bağlı müəyyən müqayisə obyektləri var. Şagirdlər onlardan yararlanaraq maraqlı ümumiləşdirmələr apara bilərlər.
Ən çox narahatlıq doğuran cəhət Q.Zakirin dərslik kitabında verilən "Durnalar" qoşması ilə bağlıdır. Məlumdur ki, məşhur ədəbiyyatşunas Firudin Köçərli “Azərbaycan ədəbiyyatı” (I cild. "Elm", 1978, "Molla Vəli Vidadi təxəllüs" bölməsi, səh. 210-214) kitabında M.P.Vaqif, M.V.Vidadi və Q.Zakirin "Durnalar" qoşmalarını bütöv halda təqdim edərək müqayisəli təhlil aparıb. Maraqlısı budur ki, bu gün Vaqif və Vidadinin əlimizdə olan "Durnalar" qoşmaları, cüzi redaktələri nəzərə almasaq, F.Köçərlinin kitabındaki qoşmalarla eynidir. Ancaq hansı səbəblərdənsə Q.Zakirin dərslikdəki "Durnalar"ı ilə həmin kitabdaki qoşma xeyli fərqlidir:
Bir saat havada qanad saxlayın,
Rəhm edin didəmdə yaşa, durnalar!
Qatarlaşıb hansı yerdən gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?!
Bu viladə hər gün tökülür qanlar,
Yavaş-yavaş keçin, səsiniz anılar.
Laçın yatağıdır bizim məkanlar,
Qorxuram sürbəniz çaşa, durnalar!
Diyari - qürbətdə müddətdi varam,
Gecə-gündüz vətən deyib ağlaram,
Mən də sizin kimi qəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!
Mən sevmişəm onun çəmən-düzünü,
Nəsib ola, bir də görəm üzünü,
Yoxsa danışırsız vətən sözünü,
Veribsiniz nə baş-başa, durnalar!
Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Fəğafül etməyin, allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!
Göründüyü kimi, əvvəlinci bənddə mühüm əhəmiyyət kəsb edən bir neçə söz, ifadə və hətta ayrı-ayrı bəndlərdə bütov misralar kimin tərəfindənsə dəyişdirilib. Firudin bəyin kitabındakı birinci bəndin, az qala, epiqraf kimi səslənən "Rəhm edin didəmdə yaşa, durnalar” misrası tamam çıxarılaraq "Nizam ilə gedən qoşa durnalar!" kimi verilib. Bu misranın yamaq olduğu, ən azı, ondan bəllidir ki, durnalar qoşa yox, qatarlaşıb uçur. Buradakı "qoşa" sözü 4-cü misradakı qafiyənin "xətrinə" zorla pərçim edilib. Əsərin ideya və məzmununu ifadə edən 2-ci bənddəki "Bu vilada hər gün tökülür qanlar" misrası tamam çıxarılaraq müəyyən əlavə və yerdəyişmələrlə 4-cü bəndə endirilib. Daha sonra qoşmada açar söz kimi işlədilən "vətən" məfhumu bir neçə yerdə "canan", "dilbər" sözləri ilə əvəzlənib və s. heç şübhəsiz, belə yersiz "əlgəzdirmələr" qoşmadakı başlica fikir və ideyanın müəyyənləşdirməyə imkan vermir. Belə çıxır ki, vətənpərvər şairin xiffəti, nigaranlığı vətəndən, orada hər gün tökülən qandan çox, canan sarıdan imiş. Bizcə dərsilkdəki variant "Nəçidir məmləkəti çala, çapa dana-doluq" deyən qeyrətli şairin yaradıcılıq ruhu ilə tam uzlaşmır. Məşhur ədəbiyyatşunas Salman Mümatazın 1925-ci ildə qələmə aldığı "Qasım bəy Zakir" məqaləsindən gətirdiyimiz sitat maraqlıdır: "Zakirdən əvvəl elin və xalqın dərdlərindən sözgəlişi qəbilindən olaraq üstüörtülü surətdə bir və ya iki beyt yazan tək-tük şairlərimiz olmuşsa da, Zakir kimi cəsarətli, hər bir sinfin eybini, suçunu apaçıq üzünə çırpıb xəyanət və cinayətində tamamilə gözlərinin içinə söyləyəni olmamışdır... və sevdiyi elin, xalqın dərdlərinə, müsibətlərinə də səmimiyyətlə şərik olmuşdur" (Bax.: Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, "Yazıçı", 1986, səh.111) Heç şübhə yoxdur ki, yurda bağlılıq, vətən təəssübü dərslikdə yox, Firudun bəyin təqdim etdiyi qoşmada daha qabarıq görünür. Odur ki, müqayisəli təhlili F.Köçərlinin təqdim etdiyi variant əsasında aparmağı məqsədəuyğun hesab edirəm.
Əvvəlki məşğələlərdə şagirdlərin idraki fəallığını inkişaf etdirmək üçün artıq bəzi pedaqoji və psixoloji mexanizmlər mövcuddur. Belə ki, problemin qoyulması müqayisə və tutuşdurma üsulundan və bəzi analogiyadan istifadəyə imkan verir. Mən məşğələnin qruplarla iş formasında aparılmasına üstünlük verirəm. Tədqiqatın gedişinə istiqamət vermək üçün əvvəlcə motivasiya yaradır, qeyd edirəm ki, ayrı-ayrı dövrlərdə qələmə alınmasına baxmayaraq, durnalara müraciətlə yazılmış şerlərdə vətənindən, elindən ayrı düşmüş insanların el-obaya, ailəyə, sevgiliyə sonsuz məhəbbət tərənnüm olunur, müəlliflərin ciddi ictimai mətləbləri və gizli niyyətləri öz əksini tapır. Bunları araşdiqmaqla əsərlərin əsas ideya-məzmununu başa düşmək mümkündür.
Tədqiqatın aparılması qoşmaların fərdi oxunuşundan, tanış olmayan sözlərin mənasını aydınlaşdırmaqdan, ayrı-ayrı misra və bəndlərdə ifadə olunmuş fikirlərlə tanışlıqdan başlayır. Təcrübə göstərir ki, şagirdlər Vidadinin qoşmasındakı fərqli yanaşmaları müstəqil şərh etməkdə çətinlik çəkirlər. Çünki Vaqifin "Hayıf ki, yoxdur" qoşması tədris edilərkən XVIII əsrin ictimai-siyasi hadisələrindən, xanlıqlar dövrünün bəzi faciələrindən xəbərdar olsalar da, Vidadinin həyatı, onun poeziyasının ideya-fikir mənbələri barədə məlumatları çox azdır. Buna görə şairin yaradıcılığındakı kədər notlarını, xüsusilə "Durnalar"qoşmasındakı bədbin ruhun səbəbini izah etməkdə çətinlik çəkirlər. Kömək üçün müvafiq zəruri mənbələri əvvəlcədən göstərməklə yanaşı, şəxsi kitabxanamda hər iki şairin həyat və yaradıcılığı barədə bir neçə bədii, elmi və metodik ədəbiyyatı sinfə gətirirəm. Bələdçiliyim ilə lazımi mətn, fikir və müvafiq məlumatlarla kollektiv tanışlıqdan sonra şagirdlərdə canlanma müşahidə olunur. Burada istiqamətləndirici sualların rolunu da xüsusi qeyd etmək istəyirəm. Məsələn, belə bir suala cavab hazırlamaqla şagirdlərin fəallığını təmin etmək olur: “Vidadi nə üçün durnalara təkidlə: "Bir baş çəkin dərdiməndin halına"- deyir?”
Xeyli hazırliqdan, qruplararası məlumat mübadiləsindən sonra belə bir yekun qənaət formalaşır: Vidadinin "Durnalar" qoşmasında lirik qəhrəmanı düşündürən aşiqanə hiss, həyəcan deyil, zülm çəkən insanın mənəvi aləmidir. O, dünyaya sanki əzabkeş olmağa gəlib. Pisi odur ki, yaşadığı cəmiyyətdə lirik "mən"i başa düşən bir qəmxar yoxdur. Mənəvi təklik onu sıxdığına görə, göydə uçan durnalardan imdad diləyir. Bəlkə, uzaq ellərdə - durnaların getdiyi diyarda Xəstə Vidadinin dərdinə əlac bir həmdəm tapıla. Yəni Vidadi "Durnalar" qoşmasında da ənənəvi bədii üslubuna sadiq qalır. Onun şerlərində kədər şəxsi yox, ictimai məna daşıyır, ağrı insanlara sevgi və sədaqətdən doğur. Özünun dediyi kimi: "Ağlamaq ki, vardır məhəbbətdəndir". Çox düşündürücü ifadədir. Şübhəsiz, ağlamaq qərib, kimsəsiz, məzlum insanlara mərhəmət və mürvətin özünəxas forması idi.
Qoşmalar arasında ruhi yaxınlıq olsa da, bəzi üsul və üslub xüsusiyyətlərinə görə, fərqlənirlər. Belə ki, hər iki şair dünyaya öz qəlbinin aynasından baxaraq durnalara müraciət edir. Məsələn, cəfa və möhnətdən usanan Vidadi zənn eyləyir ki, durnalar da onun kimi qəm və qüssədən nalə çəkir:
Qatar-qatar olub qalxıb havaya,
Nə çıxıbsız asimana, durnalar!
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar!
Bu bədii lovhədə qürbətdə yaşayan insanın ayrılıq və möhnət hissi incə və təsirli verilib. Fikri inkişaf etdirmək üçün müəllimin bir daha istiqamətverici sualına ehtiyac duyulur. “Nəyə görə, şair Vidadi durnaların lirik nəğmələrini dinlədikcə kədərlənir?”
Əhatəli müzakirə aparan şagirdlər belə qənaətə gəlirlər ki, bu qoşmada da durnalar onları gözləyən təhlükədən xəbərdar edilir. Yolları hərami, şahin-şonqarla doludur, hər an qızıl qana boyana bilərlər. Sualın alt qatındakı fikrə ətraflı cavabı isə, əlbəttə, təqdim şairin digər qoşmasında tapdılar. Çünki həmin şeirdə uzun illər qəriblik görmüş Vidadinin əhval-ruhiyyəsi, düşüncəsi aydın əks olunub:
Mən görmüşəm bu qürbətin dadını,
Yanıb-yanıb çox çəkmişəm odunu,
Qəmlənirsən hər görəndə şadını,
Bir gün olub Vətən deyib ağlarsan.
Tədqiqatın gedişində şagirdlər Zakir qoşmasınakı xüsusiyyətləri də fərqləndirməyi bacarırlar.
Zakirin "Durnalar" qoşması Vidadinin eyniadlı qoşmasına nəzirə kimi yazılsa da, orijinaldır, ictimai məzmun daha güclüdür. Şair "Bu vilada hər gün tökülür qanlar" həqiqətini dilə gətirməklə Vidadi şerindəki mücərrədliyi xeyli konkretləşdirir. Zakir yaşadığı dövrün mürəkkəb, ağır həyat mənzərəsini təsvir etmək üçün təbiət və cəmiyyətdə baş verən hadisələri qarşılaşdırır. Cəmiyyətdəki insanlar kimi səmadakı durnalar da qəmlidir. Şair duyduğu qorxudan söz açıb təmənna eyləyir ki, onlar laçın yuvası olan bu məkanlardan səssiz-səmirsiz ötüşsünlər. Cəmiyyətin eyiblərini sənət dili ilə açan şair fikrini bəzən eyhamla da ifadə edir. Fikrin və hissin bir-birini tamamlaması Zakirin lirikasında diqqəti cəlb edən keyfiyyətlərdir.
Daha sonra şagirdlər Zakir qoşmasındakı vacib bir xüsusiyyəti də şərh edirlər. Sələfindən fərqli olaraq "Zakirəm, od tutub alışdı cigər, Var isə canandan sizdə bir xəbər" - deyən şairin qoşmasında aşiqanə hiss və həyəcanın ifadəsi aydın duyulur. Beləliklə, şair şeirdə iki əsas keyfiyyəti - vətən həsrəti və ülvi məhəbbəti vəhdətlə vermiş olur. Belə bir yanaşma hər iki varlığa diqqət və qayğının özünəməxsus forması kimi mənalı səslənir.
Şagirdlərin ümumiləşdirmələrinə əlavə edirəm ki, qoşmadakı məhəbbət təkcə cavanlığa məxsus hissin təlatümü kimi verilməyib, əksinə, daha geniş əxlaqi etik səciyyə daşıyır. "Məhəbbət Zakirdə ülvi, yüksək, insanın mənəvi aləmini saflaşdıran bir ölçü timsalıdır. O da özündən əvvəlki sələfləri kimi insanın cəmiyyətdəki mövqeyinə, yaşamağa layiq olub-olmamasına məhəbbətin, yüksək eşqin gözü ilə ölçülür" (professor Kamran Məmmədov).
Zakir də rəsm etdiyi bədii lövhədə (qoşmada) böyük sələfi kimi, bir sıra zəruri insani keyfiyyətləri məhəbbətə bağlamaqla bu məfhum barədə öz fikir və mülahizələrini ifadə edir. Ən başlicası, zəmanənin sarsıntıları ilə özünün daxili hisslərini, keçirdiyi əhvali-ruhiyyəni bacarıqla əlaqələndirir.
Təqdim etdiyimiz bir istiqamətləndirici suala cavab hazırlamaqla da şagirdlər qoşmadakı bəzi məqamlara aydınlıq gətirdilər. “Zakirin istər heca, istərsə də, əruz vəznində yazdığı şeirlərdə sənətkarın həyata nikbin baxışı üstünlük təşkil edir. Bəs niyə "Durnalar"qoşmasında onu gözüyaşlı görürük?”
Şairin tərcümeyi-halı ilə bilavasitə bağlı bəzi tarixi mənbələrə əvvəlki məşğələlərdə bələd olan şagirdlərin cavabı qənaətbəxşdir. Araşdırmamızdan məlum oldu ki, Zakirin yaradıcılığında xanların, bəylərin tənqidi xüsusi yer tutur. Yerli çar hakimi Tarxan-Mouravov, Şuşanın polis rəisi "yarımsaqqal" Əmiraslanov, komendantı keçəl qurumsaq Xandəmirov kimi satqınları ifşa edən şeirlərinin xalq arasında rəğbətlə qarşılanması onları narahat edirdi. Həmin satqınlar da şairi həbs etmək üçün böhtana əl atırlar. Guya Zakir çar məmurlarına divan tutan dəstənin başçısına - qardaşı oğlu Behbud bəyə hər cür dayaq olur. Nəticədə, 1849-cu ilin oktyabırında Tarxan-Mouravovun dəstəsi əvvəlcə şairin oğlu Nəcəfqulu və qardaşı oğlu İsgəndər bəyi, ardınca da özünü qolubağlı Şuşa qalasındakı dustaqxanaya göndərir. Bir müddət təkadamlıq kamerada əzab çəkən şair sonralar Bakıya sürgün edilir. Bu ədalətsiz hökmdən müxtəlif yerlərə şikayət ərizəsi yazsa da, müsbət cavab almaması, o cümlədən, qardaşı oğulları Rüstəm bəy və Behbud bəyin vəhşicəsinə öldürülməsi, ailə üzvlərinin pərən-pərən olması, doğma Xındırıstan kəndinin talanı, əlbəttə, qoca şairi sarsıtmaya bilməzdi. Qəm suyuna çəkilmiş "Durnalar" qoşmasını da Bakıda sürgündə olan vaxt yazıb.
Bütün görülmüş işlərin metodik təsvirini bir məqalədə vermək çətin olduğuna görə, ən vacib məqamları şərh etməklə kifayətlənirəm. Nəhayət, dərsin sonunda müəyyən meyarlar əsasında apardığım formativ qiymətləndirmənin nəticələrini sinfə elan edirəm.
Axırda iş təcrübəmdən çıxış edib bəzi qənaətlərimi də həmkarlarımla bölüşmək istəyirəm. Əsasən, bu cür mövzuların tədrisi müəllimdən dərin bilik, xüsusi bacarıq və metodik ustalıq tələb edir. Belə ki, müqayisəli təhlillə bağlı suallara cavabları şagirdlər yalnız 3-cü dərsdə hazırlamır. Əvvəlki məşğələlərdə axtarışlar aparır, müqayisə üçün müəyyən bilgi əldə edirlər. Çünki 30 dəqiqə ərzində hər hansı ətraflı tədqiqatın aparılması mümkün deyil. Sonuncu dərsdə əsasən qruplararası məlumat mübadiləsi aparılır və işguzar müzakirələrdən sonra müvafiq nəticələr çıxarılır.
Bir iradımı da bildirmək istəyirəm. Xüsusilə, VII-IX siniflərdə yaradıcıliğından bəzi nümunələr tədris edilən hər hansı sənətkarın həyat və fəaliyyəti barədə müəyyən məlumat, mətn, oçerkin verilməməsi həmin dərslik kitablarının nöqsanı sayılmalıdır. Axı 10-cu sinfin dərslik kitabında müəyyən icmal materialı verilir, aşağı siniflərdə isə bu zəruri keyfiyyətləri görmürük. Əksinə, deyilənlər aşağı siniflərdən başlanmalıdır, bunun səmərəsi daha çox olar. Klassik Azərbaycan ədəbiyyatına xeyli töhfə verən və ədəbi dilimizin inkişafında xüsusi payı olan şair M.V.Vidadinin haqqında heç bir məlumat vermədən (əlbəttə, dərslikdə) şagirdlərdən nələri isə tələb etmək absurddur. Maraqlıdır, metodik vəsaitdə müəllimlər müəyyən qədər təlimatlandırılsalar da, dərslik kitabında şagirdlərə heç nə verilmir. Son təhsil islahatı dönəmində tez-tez səslənən "Şagirdlərə hazır bilik vermək olmaz" təklifini birmənalı olaraq qəbul etmirəm. Axı məktəb təcrübəsi bir daha təsdiq edir ki, şagirdləri hər hansı problemin həlli üçün müvafiq bilik və bacarıq verildikdən sonra müstəqil tədqiqata cəlb etmək olur. Həm də müasir elektron kitabxana oxucuların tələbini hələ tam ödəyə bilmir.
Əlbəttə, bütün bu deyilənlər şəxsi iş təcrübəmdən doğan qənaətimdir. Sinanırıq ki, tədrisin səmərəliliyi naminə dərsliklərdəki bu və digər çatışmazlıqlar gələcək nəşrlərdə aradan qaldırılacaq.
Ədəbiyyat:
1.Firudun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. Birinci cild. "Elm" nəşriyyatı, Bakı-1978.
2.Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Zakir, Bakı, 1986.
3.Kamran Məmmədov. Qasım bəy Zakir. “Gənclik”, Bakı,1985.
4.Süleyman Hüseynov. Qasim bəy Zakir. Bakı, 2010.
5.Ə.Səfərli. Molla Vəli Vidadi. "Azərnəşr", Bakı, 1977.
6.T.Dünyamalıyeva. Molla Vəli Vidadi. "Yazıçı", Bakı,1987.
Fərhad XUBANLI,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru,
Gürcüstan Respublikası Saqareco rayonu
Ləmbəli ictimai məktəbinin baş müəllimi.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.