"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8 MƏDƏD ÇOBANOV

7. Kosmonimlər əsasında düzələn antroponimlər. Azər­­baycan antroponimiyasına nəzər saldıqda məlum olur ki, va­lideynlər öz övladlarına dərin məhəbbət bəsləmiş, on­la­rın həyatının fəza cisimləri kimi parlaq olmasını arzu­la­mışlar. Buna görə də, valideynlər öz övladlarına bu və ya digər fəza cisimlərinin adını qoymuşlar. Beləliklə də kosmonimlərdən antroponimlər törəməyə başlamış və azərbaycanlılar arasında geniş yayılmışdır. Məsələn, qədim za­manlardan azərbaycanlılar qızlara Sa­ra, Saran adları qoy­muşlar. Sara sözü qədimlərdə ay, ay­bəniz mənalarında iş­lənmişdir. Odur ki, körpəyə bu adı verməkdə gənc ata-ananın niyyəti bu imiş ki, onların öv­ladı fəza gəlini (Ay) kimi gözəl olsun, həmişə ay kimi qaranlıq gecələrdə işıq saç­sın. Bu, şübhəsiz ki, türkdilli xalqların, o cümlədən azər­­­baycanlıların, hələ, qədim za­man­lardan kosmik fəza ci­simlərinə sitayiş etməsi və onları özlərinə totem sayma­la­rı ilə bağlı olmuşdur. Təsadüfi de­yildir ki, Oğuz qə­bilə­lə­rinin (24 oğuz qəbiləsi olmuşdur) əfsanəvi ulu ba­bası Oğuzun oğlanlarının adı fəza və fəza cisimlərinin adından götürülmüş və kainatla simvolik şəkildə əlaqələn­diril­miş­dir: Gün, Ay, Ulduz, Göy.
“Aqvan ölkəsinin tarixi” və qədim Çin mənbələrinə gö­rə türkdilli xalqlarda Günəş müqəddəs sayılır. XIII-XIV əsr mənbələrində türkdilli xalqların Günəşə inamı, bəzi xalq­ların isə doğan Günəşi ya üç, ya da doqquz dəfə sa­lam­­la­ması, Altay qamlarının-şamanlarının son zamanla­ra qə­­dər Günəşə and içmələri də Günəşə inamla bağlıdır. Azər­bay­canlıların əcdadı işıqla əlaqədar olaraq fəza cisim­lərin­dən ulduza da inam bəsləmişlər. Hətta, xalq arasında belə bir inam yaranmışdır ki, hər bir adamın öz ulduzu var­dır. Bu və ya digər ailədə uşağın anadan olması ilə eyni vaxtda onun ulduzu da doğulur, ulduzun parlaqlığı uşağın gələcək xoşbəxt həyatından xəbər verir. Belə ulduzlardan biri də Ülkər ulduzudur. Bunu nəzərə alaraq, valideynlər öz öv­lad­larını fəza cisimlərinin adı ilə adlandırmışlar.
Sadə kök sözlər əsasında düzələn antroponimlər qız və oğlanlara verilir.
Qadın adları: Zöhrə (ərəbcə Venera, planetinin adı), Ve­nera, Qəmər (ərəbcə Ay deməkdir), Səyyarə (ərəb­cə hə­rəkət edən ulduz deməkdir), Xurşud (farsca Günəş de­mək­dir), Aftab (farsca Günəş deməkdir), Kövkəb (ərəb­cə ulduz deməkdir), Ülkər (ulduz) və s.
Kişi adları: Bəhram - ərəbcə Mars planetinin adıdır. Bu ad dünya poeziyasının mahir ustadı Nizami Gəncəvinin məşhur “Yeddi gözəl” poemasında da işlənmişdir. Bədir (ərəbcə on dörd gecəlik ay mənasında işlənən Bədr sözün­dəndir) və s.
Hilal (ərəbcə aypara deməkdir) antroponimi həm kişilərə, həm də qadınlara qoyulur.
Kosmonimlər başqa türk xalqlarının antroponimiyasında da işlənir: tatar və başqırdlarda Venera türk mənşəli Çol­pan və ərəb mənşəli Zöhrə adı ilə bərabər işlənir və qa­dınlara verilir; tatar və başqırdlarda Mars, qırğızlarda Uran, Yupiter adları kişilərə verilir. Həmçinin, qırğızlar oğlana Mars­bek, qıza Marsina adını da qoymuşlar.
Düzəltmə kök sözlər əsasında yaranan antroponimlər bu və ya digər kosmonimə leksik şəkilçilərin birləşməsilə əmə­lə gəlir. Məsələn, Qəməriyyə, Ulduzə, Bədirə, Səmayə qadın adları, Bədrəddin isə kişi adıdır.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər. Dilimizdə kosmonimlər əsasında düzələn mürəkkəb antroponimlər də geniş yayılmışdır. Bu qrup antroponimlər də müxtəlif yollarla düzəlir.
İki kosmonimin birləşməsindən düzələn antroponimlər: Aygün, Günay, Ayulduz və s.
“Ay və Qəmər” kosmonimləri ilə “dəmir, bəniz, qabal, gül, naz, nişan, nur, zər, para, tən, üz (üzlü)” sözlərinin bir­ləşməsi ilə düzələn mürəkkəb kök sözlər əsasında ya­ranan antroponimlər dilimizdə geniş yayılmışdır. Məsələn, Aydəmir, Aybəniz, Aygün, Aynaz, Aynişan, Aynur, Ayzər, Aypara, Ayüz, Ayüzlü, Aytən; Qəmərnaz, Qəmərüz, Də­mi­ray, Gülay, Zəray, Tənay, Aytəmiz, Pakay, Aysu və s.
Ərəb dilində on dörd gecəlik ay mənasında işlənən Bədr kosmonimi ilə keçmişdə vəzifə bildirən xan, şah, bəy söz­lərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsa­sında yaranan antroponimlər də dilimizdə geniş yayıl­mış­dır. Məsələn, Bədirxan, Bədirşah, Bədirbəy və s.
Ərəb dilində Ay (planet) mənasında işlənən Qəmər kos­monimi gül, can, naz, nur, zər, xanım, gül, şam, şən, şad sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb kök söz­lər əsasında düzələn antroponimlər: Qəmərgül, Qəmərcan, Qəmərnur, Qmərzər, Qəmərxanım, Qəmərşam, Qəmərşən, Qəmərşad və s.
Fars dilində Ay (planet) mənasında işlənən mah kosmo­ni­mi ilə nur, para, naz, zər, tən, yaz sözlərinin birləşməsi ilə düzələn mürəkkəb kök sözlər əsasında yaranan ant­ro­ponimlər: Mahnur, Mehparə, Mehnaz, Mahzər, Mah­nar, Mah­təm, Mahyaz və s. “Mahı, Mahizər, Mahnur, Mah­tab adlarında da mah sözü vardır. Mehparə və Mehri adlarının əsli Mahparə (ay parçası) və Mahru (ay üzlü) sayılır”
Kosmonimlər əsasında düzələn antroponimlər qazax dilində də işlənir; Ayxan, Günxan, Yulduzxan, Aytuar, Jul­dız, Kuntuar və s. Bu qəbildən olan adlar gürcü ant­ro­ponimiyasında da geniş yayılmışdır: Mzia, Mzekala, Mtva­risa, Tsisana və Tsiala və s., gürcü dilində günəş mə­na­sında işlənən mze sözündən Mzia, günəş və qız məna­larını bildirən mze və kali sözlərinin birləşməsindən Mzekala; ay - planet mənasını ifadə edən mtvare sözündən Mtva­ri­sa; səma, göy mənalarını bildirən tsa (hərfən səma qızı) sözündən Tsisana; şəfəq, işıq, parıltı mənalarını ifadə edən Tsiali sözündən Tsiala antroponimləri düzəlmişdir.
8. Astronimlər əsasında düzələn antroponimlər. Azərbay­can antroponimiyasında astronimlər (astronomik termin­­lər) əsasında düzələn antroponimlər də geniş yayıl­mışdır.Valideynlər tarixən ilin, fəslin və ayın bu və ya digər cə­­hətlərini bildirən sözləri seçib öz övladlarına ad qoy­muş­lar. Beləliklə də, astroponimlər antroponimlərə çev­ril-miş­lər. Bu qrup antroponimlər əsası etibarilə müx­təlif olur.
Sadə kök sözlər əsasında düzələn antroponimlər. As­t­ro­nimlər əsasında düzələn antroponimlər gün, ay, fəsil və s. adını bildirən sözlər ilə ifadə olunur. Məsələn, Cümə, Səhər, Erkən, Aprel, Mayıs (sözün kökü maydır) adları kişi­lərə qoyulur. Bahar (yaz fəsli) adı qadınlara, Zaman və s. adlar isə kişilərə verilir. Gürcüstanın Marneuli rayonunun Alget kəndində isə Yanvar, Fevral adlarına da rast gəlmək olur.
Düzəltmə kök sözlər əsasında düzələn antroponimlər. Dilimizdə az işlənən bu qrup antroponimlər -qa, -iyyə, -ət şəkilçilərinin söz kökünə birləşməsi yolu ilə düzələn sözlər əsasında yaranır: Mayqa,Sabahiyyə, Səbahət, Baha-riy­yə və s.
Mürəkkəb kök sözlər əsasında düzələn antropo­nim­lər. Bu qrup antroponimlər müxtəlif yollarla düzəlir.
a) İl və fəsil adlarını bildirən sözlərin birləşməsi yolu ilə dü­zələn mürəkkəb sözlər əsasında yaranan antroponimlər: İlyaz, İlyay, Baharyaz, Yazyay, Yazbahar və s.
b) İl və şad, şən, yas sölərinin birləşməsi ilə əmələ gələn mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər: İlyaz, İlşən; İlyas və s.
v) Zaman mənasını ifadə edən dövr sözü ilə Əli ant­roponiminin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Dövrəli və s.
May, Bahar, Yaz, Yay terminlərilə zər, gül, gün, naz, nar, nur, şən, şad sözlərinin birləşməsi ilə əmələ gələn mü­­rəkkəb kök sözlər əsasında yaranan antroponimlər: May­­­zər, Maygül, Maygün, Maynaz, Maynar,Maynur, May­­­şən, Mayşad, Bahargül, Bahargün, Baharnaz, Bahar­nar, Baharnur, Baharşən, Baharşad, Yazgül, Yazgün, Yaz­nar, Yaznur, Yazşən, Yazşad, Yayzər, Yaygül, Yay­gün, Yay­­naz, Yaynar,Yaynur, Yayşən, Yayşad, Zərmay, Gül­may, Günmay, Nazmay, Nərmay, Nurmay, Şanmay, Şad­may, Gülbahar, Günbahar, Nazbahar, Narbahar, Nurbahar, Şənbahar, Şadbahar, Gülyaz, Günyaz, Naryaz, Nuryaz, Şənyaz, Şadyaz, Zəryay, Gülyay, Nazyay, Naryay, Şənyay, Şadyay və s.
q) Gül sözü ilə erkən, səhər, ay sözlərinin birləşməsin­dən əmələ gələn mürəkkəb kök sözlər əsasında düzələn ant­roponimlər; Gülerkən, Gülsəhər, Gülay, Gülbənd və s.
Səhər və sabah sözlərilə zər, gül, gün, naz, nur, şən, şad sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb kök söz­lər əsasında düzələn antroponimlər: Səhərzər, Səhərgül, Səhərgün, Səhərnaz, Səhərnur, Səhərşən, Səhəırşad, Sa­bah­zər, Zərsəhər, Gülsəhər, Nazsəhər, Şənsəhər, Şadsəhər, Zərsabah, Gülsabah, Günsabah, Nazsabah, Nursabah, Şən­­sabah, Şadsabah və s.
9. Təxəllüslər əsasında düzələn antroponimlər. Azər­bay­­can antroponimiyasında təxəllüslər tarixən geniş yayı­lımışdır. Əvvəllər, dilimizdə ayrı-ayrı ədəbiyyat, incəsənət və elm xadimləri tərəfindən qəbul edilən təxəllüslərin ək­səriyyəti sonralar ümumişlək hala keçmiş və xalqımız arasında antroponim kimi geniş şəkildə işlənməyə baş­lamışdır. Öz övladlarına böyük şöhrət arzulayan vali­deyn­lər yeni doğulmuş uşaqlarına bəşəri şöhrət qazanmış adam­­ların təxəllüslərini ad qoyurlar. Beləliklə də, tə­xəllüslər antroponimlərə çevrilir. Məsələn, Xaqani, Niza­mi, Nəsimi, Füzuli, Vaqif, Səbuhi, Səhhət, Qəmküsər, Vur­ğun və s.
10. Bəşəri ideyalar ifadə edən sözlər əsasında düzələn antroponimlər də geniş yayılmışdır. Valideynlər öz övlad­larına böyük gələcək, xoşbəxt həyat arzulayaraq uşaqlarına bəşəri ideyalar ifadə edən sözləri seçib ad qoyurlar. Be­ləliklə də, bəşəri ideyalar ifadə edən sözlər əsasında antro­po­nimlər meydana gəlir. Bu qrup antroponimlər əsası eti­barilə müxtəlif olur:
Sadə kök sözlər əsasında düzələn antroponimlər həm oğlanlara, həm də qızlara qoyulur. Məsələn, Bəşər, Qadir oğlan adlarıdır; Dünya, Aləm, Bəxt, Talehə qız adlarıdır.
Cahan və Tale oğlanlara, həm də qızlara qoyulan müş­tərək addır.
Düzəltmə kök sözlər əsasında yaranan antroponimlər di­limizdə az yayılmışdır. Məsələn, Aləmə, Qədirə, Bəx­tiy­yə, Ağıllı qadın adlarıdır; Cahandar, Cahangir, Eldar isə kişi adlarıdır.
Mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər. Dilimizdə geniş yayılmış bu qrup antroponimlər müxtəlif yollarla düzəlir.
Dünya sözü ilə malı və xanım sözlərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antro­po­nimlər: Dünyamalı (oğlan adı), Dünyaxanım (qız adı) və s.
Aləm və el sözlərilə zər, zar, naz, nur, gül, şən, şad sözlərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər dilimizdə geniş yayıl­mış­dır. Məsələn, Aləmzər, Aləmzar, Aləmnaz, Aləmnar, Aləm­nur, Aləmgül, Aləmşən, Aləmşad, Elzər, Elzar, Elnur, El­gün, Elşən, Elşad, Zəraləm, Nazaləm, Naraləm, Nuraləm, Gülaləm, Şənaləm, Şadaləm və s.
El sözü ilə qeyri-qəti gələcək zaman şəkilçisi qəbul etmiş bəz, keç, göz feillərinin birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: El­bəzər, Elke­çər, Elgəzər və s.
El sözü ilə var feilinin birləşməsindən düzələn kök söz­lər əsasında yaranan antroponimlər: Elvar və s.
El sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş bəy sözü­nün birləşməsindən düzələn mürəkkəb kök sözlər əsasında yaranan antroponimlər: Elbəy, Elbəyi və s.
İsmin yerlik hal şəkilçisini qəbul etmiş el sözü ilə gəz felinin birləşməsindən düzələn kök sözlər əsasında yara­nan antroponimlər: Eldəgəz və s.
Nur və cahan sözlərinin birləşməsindən düzələn kök söz­­lər əsasında yaranan antroponimlər: Nurcahan, Cahan­nur və s.
11. Təbiət hadisələrini bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir qrup antroponimlər vardır ki, onlar təbiət hadisələrini bildirən sözlər əsasında formalaşır. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir.
Kişilərə verilən adlar: Ayaz, Bulud, İldırım, Gürşad, Bo­ran, Duman və s.
Boran (Buran, Buranbay, Buranğol), Duman (Tuman, To­man, Tumanxal) adlarına başqırd və türkmən antro­po­ni­mi­yasında da rast gəlmək olar. Qədim dini ənənələrlə əla­qədar olaraq başqırdlarda Yamqırsı (yamqır), Elgəy (yel, külək) antroponimləri də formalaşmışdır.
Qadınlara verilən adlar əsasına görə müxtəlif olur:
Sadə kök sözlər əsasında yaranan adlar: İqlim, Hava, Şəfəq, Du­man və s.
Düzəltmə kök sözlər əsasında yaranan adlar: İqlimə və s.
Mürəkkəb kök sözlər əsasında yaranan adlar: Ab­hava, Nurhava, Havazər, Havanur və s.
12. Numizonimlər əsasında düzələn antroponimlər. Azər­­baycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar numizonimlər, yəni pul və ya pul istehsal olunan əşyaları bildirən sözlər əsasında formalaşır. Belə adlar əsasən qadınlara verilir.
Sadə kök sözlər əsasında düzələn adlar: Dinar qa­dınlara, Altun isə kişilərə verilir.
Düzəltmə kök sözlər əsasında yaranan adlar: Axqa, Axçalı, Dinarə, Pullu və s.
Ağca qadın adı. Bu şəxs adı hələ qədim zamanlardan dilimizdə gümüş, qaşdaş mənalarını bildirən ağ sözü ilə kiçiltmə bildirən -ca şəkilçisinin birləşməsindən əmələ gəl­mişdir.
Qədim Orxon-Yenisey abidələrində ağ sözü (ak sözü) cavahirat, daş-qaş mənalarını daşımışdır. Kiçik Gültəkin abi­dəsində hədiyyə (ağısı yumşaq ermis hədiyyəsi yumşaq (incə) imiş). Böyük Gültəkin abidəsində isə inci (bir tümən ağı: bir tümən inci), Tonyuquq abidəsində qiymətli hə­diyyə (ağı - qiymətli şey) mənasında işlə­dil­mişdir. Son­ralar Azərbaycanda və Türkiyədə pul va­hidi ki­mi iş­lə­dilən ağca terminində də bunun izləri gö­rün­mək­dədir. Belə ki, ağ­ca əksər hallarda gümüş sikkə-pul məf­humunu ifadə et­mişdir.

Azərbaycan dilinin qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının “Bayburanın oğlu Bamsı Beyrək boyunu bəyan edər” boyunda da ağ sözü qızıl, gümüş mə­na­sında işlənmişdir. Həmin boyda Banıçiçək, qırmızı qaf­tan geyib oynayarkən Beyrəkin sevgilisinə qoşduğu mah­nı­da deyilir:

Qızıl, altun gətirin,
Xan qızına barmaq yonun!
Ağ, gümüş gətirin,
Xan qızına dırnaq yonun!

Dilimizin qədim dövrlərində qızıl-pul sözünün həm qiy­mətli metal, həm də qırmızı sifətini ifadə etdiyini nəzərə al­saq, demək olar ki, dilimizdə tarixən ağ sözü həm də qiy­­mətli metal, gümüş pul, qaş-daş ilə -ca şəkilçisinin birləşməsindən “Ağca” antroponimi yaranmışdır.
Mürəkkəb kök sözlər əsasında düzələn antropo-nim­lər: Qızılgül, Güldinar, Pulluzər, Zər­pullu adı qadınlara, Altunbay adı isə kişilərə verilir.
13. Bədən üzvlərinin adını bildirən sözlər əsasında düzə­lən antroponimlər. Azərbaycan antroponimiyasında bə­dən üzvlərinin adını bildirən sözlər əsasında düzələn adlar da geniş şəkildə işlənir. Bu qrup adlar həm kişilərə, həm də qadınlara verilir:
Kişi adları: Bağır, Bağırməmməd, Mirbağır və s.
Qadın adları: Aybəniz, Alagöz, Alyanaq, Qaraqaş, Qə­ləmqaş, Qaragöz, Gülbəniz, Güləndam, Güldəhan, Gül­yanaq və s.
14. İnzibati-ərazi bölgü bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir qrup inzibati-ərazi bölgüsü bil­dirən sözlər əsasında düzələn antroponimlərə də təsadüf olunur. Bu qrup adlar həm kişilərə, həm də qadınlara ve­ri­lir.
Kişi adları: Vilayət, Mərkəz, Muxtar (vilayət mə­na­sında) və s.
Kişi və qadınlar üçün müştərək olan adlar: Mahal, Məm­ləkət və s.
15. Silah adlarını bildirən sözlər əsasında düzələn ant­roponimlər. Dilimizdə bəzi antroponimlərə təsadüf edilir ki, onlar köhnə silah adlarını bildirən sözlər əsasında for­malaşmışdır. Bu heç də təsadüfi deyil. Çünki lap qədim za­manlardan türkdilli xalqlar, o cümlədən, azərbay­canlı­ların soykökündə iştirak edən qəbilələr yaya-oxa ehtiram bəsləmişlər. Bunu tarixi mənbələr də təsdiq edir. Məsələn, XII əsrdə Toğrul bəyin damğasında (möhüründə) yay və ox şəkli həkk olunmuşdur. Bu məlumatı qədim əsrlərin ya­zılı mənbələri də təsdiq edir. XIII əsrdə Əbdül-Fərəc (Su­riya müəllifi) yazır ki, Toğrul bəyin Xəlifə Əl-Qaimə yaz­dı­ğı məktubun başlanğıcında yay ilə ox şəkli çəkil­mişdir. Həmin məlumata XIV əsr tarixçisi Həmdullah Qəz­vinin əsərlərində də rast gəlirik.
Göründüyü kimi, yay-ox kultu oğuzlarda da geniş yayıl­mışdır. Buna “Kitabi-Dədə Qorqud” dastanlarında və ba­ya­tılarda da təsadüf edirik: “Oğuz zamanında bir yigit ki, evlənsə ox atardı. Oxu nə yerə düşsə orda gərdək tikərdi. Beyrək xan dəxi oxun atdı, dibinə kərdəyin tikdi”.

Bayatılarda:
Sadağı tər, oxu tər,
Sadaq saxlar oxu tər,
Kirpiklərin tərpətmə,
Qəm tünlükdü ox itər.

Yuxarıdakı nümunələrdəın göründüyü kimi, yay-ox həm düşmənlə vuruşmaq, həm də ailə qurmaq üçün sim­volik inam olmuşdur. Xalqımız da bu inamı əbədiləş­dirmək üçün silah adları əsasında bir qrup adlar düzəldib, öz öv­ladlarına qoymuşlar. Bu qrup adlar, əsasən, kişilərə verilir: Misir, Qılınc, Kaman, Kamandar, Kaman-zər, Sadaq və s.
16. Qohumluq bildirən sözlər əsasında düzələn antro­ponimlər. Azərbaycan antroponimiyasına nzər salsaq, gö­rü­­rük ki, xalqımız tarixən insanların bir-birinə münasi­bə­tini, yaxın və uzaq qohunluğunu bildirən ümumişlək söz­lər əsasında da bir qrup kişi və qadın adları yaratmışdır. Baş­qa sözlə desək, hazırda xalqımız arasında bir sıra şəxs ad­ları geniş yayılmışdır ki, onların bir qismi kişilərə, bir qis­mi isə qadınlara aid olan qohumluq bildirən adi sözlər əsa­sında formalaşmışdır.
“Qohumluq terminlərinin özü bəzən ad düzəldir və ya mürəkkəb adın komponenti yerində işlənir. Məsələn: Bö­yükbacı, Xalabacı, Şirbaba, Şahbacı, Qızgəlin, Gəlinqız, Ağadayı, Əzimbaba, Balaəmi, Atababa, İncibibi, Ağabibi, Nənəqız, Axundbala, Mirzəbala və s.
Dilimizdə qohumluluq bildirən ata, baba, dayı, əmi, qardaş, oğul, oğlan, bala, dədə, dadaş (ata və ya böyük qar­­daş mənasında) ana, qız, bacı, nənə, xala, bibi və s. cins bildirən ümumişlək sözlərə birləşərək, çoxlu miqdarda kişi və qadın adları əmələ gətirir.
Kişi adları:. Bu qəbildən olan antroponimlər müx­tə­lif yol­larla düzələr:
1. Qohumluq bildirən sadə kök sözlər əsasında forma­la­şan antroponimlər: Ata, Baba, Dadaş (hazırda xalqımız arasında Atayev, Babayev, Dadaşov familiyaları da vardır).
Gürcü dilində isə, oğlan, oğul mənalarını bildirən vaji sözündən Vaja antroponimmi düzəlmişdir.
2. Qohumluq bildirən mürəkkəb sözlər əsasında forma­laşan antroponimlər: Atabala, Atababa, Balaqardaş, Bala­dadaş, Da­daş­bala, Baləmi (bala və əmi), Qardaşbala, Da­daşbala və s.
3. Qohumluq və keçmişdə titul, vəzifə və s. ifadə edən sözlərin birləşməsindən düzələn kök sözlər əsasında əmələ gələn antroponimlər. Atabəy, Ataxan, Bababəy, Babaxan, Balaca (bala və ağa sözlərindən əmələ gəlib), Balamirzə, Balasoltan, Balabəy, Qardaşxan, Babamirzə, Babasoltan; Ağa­baba, Ağadayı, Axundbala, Ağabala, Bəybala, Mir­zə­bala, Mirbala, Seyidbala, Xanbala, Hacıbala, Şahbala, Şah­­­­baba, Hacıbaba, Xanbaba, Seyidbaba, Mirzəbaba, Axund­­baba, Ağadadaş (dadaş ata və ya böyük qardaş mə­nasında), Bəydadaş, Dədəxan və s.
4. Qohumluq və cins bildirən sözlər əsasında formalaşan antroponimlər: Atakişi, Babakişi, Baloğlan (bala və oğlan sözlərindən əmələ gəlib) və s.
5. Qohumluq bildirən sözlərlə ümumişlək sözlərin birləş­məsindən düzələn kök sözlər əsasında formalaşan ant­ro­ponimlər: Əmican, Əzimbala (Əzim böyük mənasın­da­dır), Əzizbala, Şirbaba, Dədəcan və s.
6. Ümumişlək titul və cins bildirən sözlərin bir­ləşmə­sin­dən düzələn kök sözlər əsasında formalaşan antropo­nim­lər: Babaverdi, Balaverdi və s.
7. Qohumluq bildirən sözlərlə felin keçmiş zaman for­masının birləşməsindən düzələn kök sözlər əsasında for­malaşan antroponimlər: Babaverdi, Balaverdi və s.
Qadın adları: Qohumluq bildirən sözlər və onla­rın baş­qa sözlərlə birləşməsi nəticəsində düzələn sözlər əsa­sında formalaşan qadın adları da müxtəlif yollarla əmələ gəlir:
1. Qohumluq bildirən sözlərin birləşməsindən düzələn söz­lər əsasında formalaşan antroponimlər: Anabala, Ana­qız, Anabacı, Anagəlin, Balaqız, Balabacı, Qızbacı, Qızgə­lin, Gəlinqız, Nənəbacı, Nənəqız, Nənəgəlin və s.
2. Qohumluq və titul bildirən sözlərin birləşməsindən dü­zələn sözlər əsasında formalaşan antroponimlər: Ana­xanım, Qızxanım, Nənəxanım, Ağabacı, Ağanənə, Ağa­bi­bi, Xanbacı, Xanana, Şahbacı, Şahnənə və s.
3. Keyfiyyət və qohumluq bildirən sözlərin birləş­mə­sin­dən düzələn sözlər əsasında formalaşan antroponimlər: Bö­yükqız, Böyükbibi, Böyükgəlin, İncibibi, İnciqız, Göy­çəkgəlin və s.
4. Keyfiyyət, titul, zoonim və qohumluq bildirən sözlərin birləşməsindən düzələn sözlər əsasında formalaşan antro­ponimlər: Kiçikxanım, Ceyrangəlin və s.
Beləliklə, bu nəticəyə gəlmək olur ki, qohumluq anla­yışını ifadə edən sözlərdən kişi cinsini bildirən sözlə­rin iş­ti­rak etdiyi antroponimlər, bir qayda olaraq, kişilərə, qadın cinsini bildirən sözlərin iştirak etdiyi antropo­nim­lər isə qa­dınlara aid olur.
17.Yaş bildirən sözlər əsasında düzələn antroponimlər. Dilimizdə bir neçə antroponim vardır ki, onlar yaş anla­yışını ifadə edən sözlər əsasında formalaşmışdır. Belə ad­lar, əsasən oğlanlara qoyulur: Cavanşir, Qoca, Cavan, Gənc və s.
Qadın adları: Böyükxanım, Kiçikxanım və s.
18. Keçmişdə vəzifə, titul və s. bildirən sözlər əsasında düzələn antroponimlər. Müasir Azərbaycan antropo­nimi­ya­­sında keçmişdə vəzifə, titul və s. bildirən sözlər əsasında düzələn adlar geniş yayılmışdır. Bu qrup adlar həm ki­şilərə, həm də qadınlara verilir:
Kişi adları əsas etibarilə müxtəlif olur:
Sadə kök sözlər əsasında düzələn antroponimlər: Axund, Vəzir, Vəkil, Paşa, Hacı, Seyid, İmam, Mürüd, Mür­şüd, Mir­­zə, Sərdar, Soltan, Xan və s.
Kök sözlərə cəm şəkilçisinin birləşməsi əsasında yaranan antroponimlər: Bəylər, Xanlar.
Mürəkkəb sözlər əsasında düzələn antroponimlər: Ab­ba­­sağa, Abdalbəy, Abdıxan, Ağababa, Ağapaşa, Ağa­meh­di, Alxan, Ağacan, Divanbəy, Əlipaşa, Elxan, Qonaqbəy və s. Böyük Vətən müharibəsi qəhrəmanı Qonaqbəy Möv­lan oğ­lu Novruzəliyev.
Qadın adları:: Ağabacı, Ağabəyi və s.
Kişi və qadınlara verilən müştərək adlar: Sultan (Soltan) və s.


VIII FƏSİL

KONKRET ƏŞYALARI, SƏNƏT-PEŞƏ,
MÜRACİƏT VƏ DİNİ ANLAYIŞLAI VƏ S. BİLDİRƏN ANTROPONİMLƏR


1. Konkret əşyaların adını bildirən sözlər əsasında dü­zə­­lən antroponimlər. Dilimizdə bir qrup antroponimlərə təsadüf edilir ki, onlar konkret olaraq əşyaların adını bil­dirən sözlər əsasında formalaşır. Bu qrup adlar həm kişi­lərə və həm də qadınlara verilir:
Kişi adları: Dəmir, Polad və s.
Qadın adları: Almaz, Brilyant, Yaqut, İnci, Gövhər, Mirvari, Sırğa, Sədəf, İpək və s.
Bir qrup qadın adları isə qızıl mənasında işlənən zər sözü ilə qələm, naz, nur, nisə, xanım, tac sözlərinin birləş­məsindən əmələ gəlir. Məsələn: Zərqələm, Zərnaz, Zərnur, Zərnisə, Zərxanım, Zərintac, Qələmzər, Xanımzər, Çə­mən­­zər, Gövhərtac və s.
Konkret əşya adının kpməyilə düzələn mürəkkəb antro­ponimə Dədə Qorqud dastanında da rast gəlirik: Dəmir­gürcü, Dəmiryaylı və s.
2. Sənət-peşə bildirən sözlər əsasında düzələn antro­ponimlər. Dilimizdə az yayılmış olan bu qrup antropo­nim­lər əsasən kişilərə verilir: Dəmirçi, (Dəmirçizadə, Də­mir­çiyev), Zərgər, Misgər, Ovçu, Həkim, Tarzən, Çoban, Na­tiq, Səyyah, Təbib və s.
3. Mücərrəd mənalı sözlər əsasında düzələn antro­po­nim­lər. Azərbaycan antroponimiyasında mücərrəd mənalı sözlər əsasında düzələn antroponimlər də geniş şəkildə ya­yılmış­dır. Bu qrup adlar da həm kişilərə, həm də qadın­lara verilir:
Kişi adları: Aqil, Adil, Nəcib, İlham, Şövqi, İnsan, Ma­lik, Salam və s.
Qadın adları: Vəfa, Nəcibə, Ülfət, Nəzakət, Tale, Xoş­bəxt, Hədiyyə və s.
Bu qəbildən olan adlara gürcü dilində də rast gəlmək olar. Məsələn, gürcü dilində təsəlli mənasını ifadə edən nuqeşi sözündən Nuqeşa antroponimi düzəlmişdir.
4. Hərbi terminlər əsasında düzələn antroponimlər. Azər­­baycan xalqı arasında hərbi terminlər əsasında düzə­lən antroponimlərə də təsadüf etmək olur. Valideynlər öz övladlarını igid, cəsur və şücaətli görmək istəmiş, onlara dərin vətənpərvərlik hissələri aşılamağı əsas məqsəd hesab etmişlər. Bu münasibətlə, uşaqlarına bir sıra hərbi ter­minlərlə əlaqədar olan adlar qoymuşlar. Oğlanlara verilən adlar iki qrupa bölünür:
a) Hərbi rütbə bildirən sözlər əsasında formalaşan ant­roponimlər: Zabit, Orduxan, Yüzbaşı, Sərkar, Sərdar, Ma­yor, Əsgər və s.
Gürcüstanın Bolnisi rayonunda oğlanlara Marşal, Dma­nisi rayonunda isə qadınlara verilən Mayor adına da tə­sa­düf olunur.
b) Hərbi hissələrin adını bildirən sözlər əsasında for­ma­laşan antroponimlər: Alay, Qoşun və s.
5. Bədii söz sənətinin bu və ya digər sahəsini bildirən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antro­po­nimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar bədii söz sənətinin bu və ya digər sahəsilə, o cümlədən, yazıçılıq və əbədi janr bildirən sözlər əsasında formalaşır. Belə ad­lar kəsb etdiyi məna etibarilə iki qrupa bölünür:
a) Bədii söz sənətkarlarının bu və ya digər qrupunun ümumi adını bildirən sözlər əsasında formalaşan antropo­nimlər: Aşıq, Nasir, Alim adları kişilərə; Şairə, Alimə ad­la­rı isə qadınlara verilir.
Özbək antroponimiyasında da Şoirə adına təsadüf olunur.

b) Ədəbi janr növlərini bildirən sözlər əsasında for­ma­laşan antroponimlər: Dastan, Roman, Nəsr, Rübail adları kişilərə, Novella, Hekayət adları isə qadınlara qo­yulur.
6. Dini və əfsanəvi anlayışlar ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar əsas etibarilə müsəl­man dini və əfsanəvi anlayışları ifadə edən sözlər əsasında formalaşır. Belə əfsanəvi adların bəziləri azərbaycanlıların mövsümlə bağlı inamları əsasında əmələ gəlmişdir. Məsələn, yazın gəlməsi mərasimi ilə bağlı mifoloji Xızır// Xıdır obrazı - adı təşəkkül tapmışdır. Xızırla bağlı bu şeirdə Xı­zırla Nəbi qoşa xatırlanır:

Xızır Nəbi, Xızır-İlyas
Bitdi çiçək, oldu yaz.

Şeirdən göründüyü kimi, yazın istiliyinin, hərarətinin in­saniləşdirilmiş obrazı Xızır; istiliyin, hərarətin gəldiyini Nəbi xəbər verəndir. Göründüyü kimi, hələ, qədim zaman­lardan xalqımızın antroponimiyasında dini və əfsanəvi an­layışlarla bağlı adlar olmuş və indi də belə adlar həyati ola­­raq yaşamaqdadır. Belə antroponimlər üç qrupa bö­lü­nür:
a) Dini anlayışlar bildirən sözlər əsasında düzələn ant­roponimlər: İslam, Müslüm (müsəlman sözündəndir), Al­lah­verdi, Tanrıvedi, İmamverdi, Cənnət, Gülcənnət və s.
Bu qəbildən olan adlara başqa türk xalqlarında da tə­sadüf edilir. Göyə, aya, çaya pərəstişlə əlaqədar olaraq, qə­dim tatarlarda Tenqerebirdə, Aytuqan, Ayman; göyə, suya, torpağa, aya sitayiş etməklə əlaqədar olaraq, öz­bəklərdə Tan­qereberdi, Kunıbek, Oyzoda, Oyxan kimi ad­lar for­malaşmışdır.
b) Əfsanəvi anlayışlar bildirən sözlər əsasında düzələn antroponimlər. Bu qrup adlar həm kişilərə, həm də qadın­la­ra verilir:
Kişi adları: Rizvan (behiştin xəzinədarı cənnətin bağ­banı), Loğman (əfsanəvi həkim), Bəhmən (əfsanəvi pəh­ləvan), Cəbrayıl və s.
Qadın adları: Humay (xəyali quş, cənnət quşu), Hü­rü (cənnət gözəli), Hürümələk, Məleka, Məryəm, Fatma və s.
XX əsrin 30-cu illərindən başlayaraq antroponimi­yamız­da dini və əfsanəvi anlayışları ifadə edən sözlər əsasında düzələn antroponimlər get-gedə azalır. Məşhur an-tropo­nimist V.A.Nikonovun hesablamasına görə, 1968-ci ildə Bakı şəhərində doğulmuş oğlan uşaqlarının hər min nəfə­rindən üçünə İslam adı verilmişdir. Həmin ildə Bakıda anadan olmuş qız uşaqlarının hər min nəfərindən dördünə, Ağdam və Kürdəmir rayonlarlarında on bir nəfərinə Fatma adı verilmişdir. Göründüyü kimi, son yarım əsrdə antropo­nimiyamızdan dini xarakterli adlardan uzaqlaşmaq meylləri güclənmişdir.
v) İthaf olunmuş adlar. İslam dini və onun təbliğat­çı­larının adını “əbədiləşdirmək” məqsədilə müsəlmanlar-türk­­­lər onların adını öz övladlarına verirlər. Bununla əla­qədar olaraq, antroponimiyamızda Abdulla, Allahqulu, Mə­həm­məd, Abdulkərim; Ayişə, Xədicə, Fatma kimi adlar əmələ gəlmişdir. Bu qəbildən olan adlar başqa türk xalqla­rında da vardır. Məsələn, Xudoiberdi (allah verdi), Fatxis­lam (is­lamın qələbəsi), Zainetdin (dinin bəzəyi), həmçinin, alla­hın 99 fəzl adlarından birini övladlarına verirlər. O cüm­lədən, Ab­dulkərim (Qüdrətlinin qulu), Abduraşid (Müd­ri­kin qulu), Ab­dulraxim (Məhəmmətlinin qulu); həmçinin, şiələrin ilk dini xadimləri olan Əlinin (Məhəmmədin kü­rəkəni) Riza, Ayi­şə, Xədicə (Məhəmmədin arvadları) ki­mi adlar geniş ya­yıl­mışdır.
7. İnsanların psixoloji xüsusiyyətlərini əks etdirən söz­lər əsasında düzələn antroponimlər. Azərbaycan antropo­nimiyasında geniş yayılmış adların bir qrupu insanların psixoloji xüsusiyyətlərini əks etdirən sözlər əsasında for­malaşır. Bu qrup adlar da ifadə etdiyi məna etibarilə müx­təlif olur:
a) temperament bildirən sözlər əsasında düzələn antro­ponimlər: Qəhrəman, Cürət, Şücaət, Sakit və s.
b) müəyyən xarakterik cəhətləri özündə əks etdirən söz­lər əsasında düzələn antroponimlər: Əməksevər, Gülşad, Təvazökar, Uyğun və s.

8. Mənəvi-qiymət və münasibət bildirən sözlər əsasın­da düzələn antroponimlər. Dilimizdə geniş yayılmış bir qrup adlar işlənir ki, onlar əsasən mənəvi qiymət və müx­tə­lif münasibətlər bildirən sözlər əsasında formalaşır. Bu qrup adlar əsasən qadınlara verilir. Məsələn, Qiymət, Də­yanət, Əzizə, Yaxşı, Xeyirxah, Hədiyyə, İzzət, Mər-həmət və s. Bu qəbildən olan Hörmət, Mərifə kimi adlar isə ki­şi­lərə də verilir.
9. Fiziki və fizioloji qiymət bildirən sözlər əsasında dü­zələn antroponimlər.Azərbaycan antroponimiyasında bir qrup geniş yayılmış adlara təsadüf edilir ki, onlar fiziki və fizioloji qiymət bildirən sözlər əsasında formalaşmışdır. Bu qrup adlar əsasən kişilərə verilir. Bu da, hər şeydən əvvəl, kişilərin fiziki və fizioloji cəhətdən inkişaf etmiş olması ilə əlaqədardır. Məsələn, Qüvvət, Qüdrət, Gümrah, Arıq, Pəhləvan və s.
10. Zaman bildirən sözlər əsasında düzələn antroponim­­lər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar zaman ifadə edən sözlər əsasında for­malaşır. Belə adlar, əsasən, qadınlara verilir. Məsələn: Sa­niyə, Saat, Günay, Təzəil, Bahar, Yetər, Gün­tamam, Ay­­ta­mam və s.
Qədim antroponimi isə yalnız kişilərə verilir.
Tükənəcək anlayışını ifadə edən tamam və qız söz­lərinin qız və naz sözlərinə birləşmsi nəticəsində də antro­po­­nim­lər düzəlir. Məsələn, Qıztamam, Naztamam Qızye­tər, Nazyetər və s.
11. Sevinc və şənlik anlayışlarını ifadə edən sözlər əsa­sında düzələn antroponimlər. Azərbaycan antroponi­miya­sında geniş yayılmış bir qrup adlara təsadüf edilir ki, onlar, sevinc, şənlik və xoşbəxtlik anlayışlarını bildirən sözlər əsasında formalaşır. Bu qrup adlar, əsasən, qadınlara veri­lir. Məsələn, Sevil, Sevinc, Sevda, Bəxtli, Bəxtigül, Xoş­bəxt, Varşən və s. Bu adlardan bəziləri daha geniş yayı­la­raq “şah” adlar səviyyəsinə yüksəlmiş və Bakı şəhərində 1968-ci ildə, Gürcüstanın Bolnisi rayonunda 1974-1975-ci illərdə anadan olan qız uşaqlarına qoyulmuşdur. O cümlədən, Bakı şəhərində Sevinc adı 55 qıza, Sevda adı 33 qıza, Bolnisi rayonunda isə Sevinc adı 18 qıza, Sevda adı 13 qıza verilmişdir.
Bəxt, tale, xoşbəxtlik, sevinc və şənlik anlayışlarını ifadə edən sözlər əsasında formalaşan antroponimlər tatar dilində də geniş yayılmışdır...
Məlumdur ki, keçmişdə xoşbəxtliyin əsas şərti var-döv­lət hesab olunurdu. Bununla əlaqədar olaraq, antropo­nimi­yamızda Dövlət, Dövlətbəy, Dövlətxan, Sərmayə kimi ad­lar meydana gəlmişdir. Belə adlara başqa türk xalqlarının antroponimiyasında da rast gəlmək olur. O cümlədən qazaxlar kişilərə Koylıbay (Qoyunlu bəy), Tyuebay (də­vəli bəy); qırğızlar Bakıt, Baktıbek, Baktıqyul kimi adlar qoyurlar. Bəxtiyar adına özbək, qırğız və qazax ant­ropo­ni­miyasında da təsadüf olunur...
12. Arzu və istək bildirən sözlər əsasında düzələn ant­ro­­ponimlər. Azərbaycan antroponimiyasında bir qrup ant­ro­po­­nimlər işlənir ki, onlar arzu və istək bildirən sözlər əsa­sında formalaşmışdır. Məsələn, Arzu, Uğur, Uğurlu, İlqar, Samir, İlham, Elçin və s. kimi adlar antropo­nimi­yamızda “şah” adlar kimi şöhrətlənmiş və azərbaycanlılar yaşayan bütün rayonlarda geniş yayılmışdır. 1969-cu ildə Ba­kıda doğulmuş oğlan və qız uşaqları arasında bəzi adlar daha ge­niş yayılmış və işlək olmuşdur. Oğlan adları: İlqar 38, İlham 24, Elçin 24; Qız adları: Arzu 46, Gülnara 33 və s. Gü­man ki, bu qrup adlar, hələ, qədim zaman­lar­dan xal­qımızın yola inamı və sitayişi ilə bağlı omuşdur. Çünki, adətən, səfərə çıxan hər bir kəsə uğur arzulamışlar. Odur. Belə ki, ulu babalarımız yol tanrısının adına Uğur de­mişlər ifadələrə hələ XI əsrin mənbələrində də təsadüf olu­nur: “Yol uğur bulsun”. M.Kaşğarli xatır­ladır ki, “Bu söz fəqət səfərə gedərkən deyilir”. Xalq ara­sında da indi bu qəbildən olan ifadələrə tez-tez rast gəlirik: Uğurlar olsun. Yolun uğurlu olsun. İşi uğurla başa vurasan. Bu ifadələrdə işlə­nən uğur sözü də Uğur və Uğurlu ad­larının yaranması üçün əsas olmuşdur. Uğur adı tarixi mənbələrdə və bir çox müasir dillərdə, o cümlədən Azər­baycan dilində də işlənir.
XIII əsr tarixçisi Hüseynin “Bəda-ye-ül-vəqaye” əsərin­­dən görünür ki, Azərbaycan qəbilələrində-Ağqoyunlu­larda Uğurlu adlı tarixi şəxsiyyət olmuşdur. Buxaralı alim Şeyx Süleyman Əfəndinin qeyd etdiyi kimi, Uğur həm də keçmişdə qəbilələrdən birinin adı olmuşdur. “Uğur” xoş­bəxtlik , tayfa deməkdir.
XIII əsrin mənbələrində, xüsusilə, “Fəxrəddin Müba­rək­­­şahın” əsərində türk qəbilələrinin siyahısına Uğur (Uğur qəbiləsinin də) adı daxil edilmişdir. Bu, o deməkdir ki, Uğur qəbiləsi XIII əsrə qədər müstəqil qəbilə kimi yaşa­mış­dır.

13. Dostluq və yoldaşlıq anlayışlarını ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimi­yasında dostluq və yoldaşlıq anlayışlarını ifadə edən sözlər əsasında düzələn antroponimlər də geniş yayılmışdır. Bu qrup adlar, əsasən, qadınlara verilir. Məsələn: Dostu, Dost­xanım, Mehriban, Rəfiqə və s.
14. Rəng bildirən sözlər asasında düzələn antroponim­lər. Azərbaycan antroponimiyasında bir qrup geniş yayıl­mış antroponimlərə təsadüf edilir ki, onlar əsasən, uşaq­ların dərisinin və saçının rənginə görə qoyulur. Belə adlar həm kişilərə, həm də qadınlara qoyulur.
Kişi adları: Qara, Qaraxan, Qaraşir, Qaraca, Qaralı, Sa­rı və s.
Həmin tipli adlara Dədə Qorqud dastanında da təsadüf olu­nur: Ağ Məlik, Qara Çəkur, Qonur Qoca, Sarı Çoban və s.
Qadın adları: Ağbəniz, Qaraqız, Ağqız, Qaraqaş, Gül­bəniz, Qaragilə və s.
Bu xüsusiyyətə Altay antroponimiyasında da rast gəl­mək olur. Məsələn, altaylılar qadınlara rənginə görə “Sarı” adını qoyurlar.
15. Miqdar anlayışını ifadə edən sözlər əsasında dü­zələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup adlara təsadüf edilir ki, onlar miqdar anlayışını ifadə edən sözlər əsasında formalaşır. Belə adlar həm kişilərə, həm də qadınlara qoyulur.
Kişi adları: Vahid, İfrat, Miqdar, Minbala, Qırxlar, Yüz­bəl, Minbəy və s. Bu adlardan familiyalar da düzəlir.
Qadın adları: Bircə, Yeganə, Milyon, Bircəgül, Bir­cə­naz, Minzər, Mingül, Minnaz, Minnur, Minxal, Min­nar və s.
Maraqlıdır ki, miqdar anlayışını ifadə edən sözlər əsa­sın­da düzələn atroponimlər özbək dilində də, başqa türk dil­lərində də təsadüf edilir. Lakin bunların əmə­lə ­gəl­mə pro­­sesi bir qədər fərqlidir. Məsələn, özbək dilində miq­dar anlayışını ifadə edən sözlər əsasında düzələn ant­ropo­nim­lər də geniş yayılmışdır. Özbəklərdə yeni doğulan uşa­ğa ata­sının yaşı ilə əlaqədar Altmışboy (altmış), Sak­san­boy (səksən), Tuksonboy (doxsan); atasının qoyu­nunun miq­da­rı ilə əlaqədar Yüzboy (yüz), Minqboy (min) kimi adlar ve­rilir. Anatollu türkləri isə qızlarına Beşbine (beş min) adını qoyurlar ki, bu da qızı ərə verərkən beş min türk li­rəsi almaq arzusundan irəli gəlmişdir.
16. Sahiblik mənasını ifadə edən sözlər əsasında dü­zələn antroponimlər. Azərbaycan antroponimiyasında bu qrup adlar az yayılmışdır. Belə adlardan Sahib, Mülkü, Mül­­kə­dar kişilərə, Sahibə isə qadınlara verilir.
17. Qadın cinsini ifadə edən sözlər əsasında düzələn ant­­ro­ponimlər. Azərbaycan antroponimiyasında qadın cinsini ifadə edən sözlər əsasında da bir qrup antroponimlər düzəlir: Banu, Bəyim, Bikə, Nisə, Xanım, Qızgəlin, Bikə­xa­nım, Bikəzər, Bikənaz, Bikənur, Gülnisə, Gülxanım, Ni­sə­xanım, Narnisə, Dürnisə və s.
18. İnsanlar arasında uzunyaşama mənalarını ifadə edən sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antro­ponimiyasında bir qrup xüsusi şəxs adları vardır ki, onlar uzun yaşama mənalarını ifadə edən sözlər əsasında for­ma­laşır və əsasən oğlanlara verilir. Məsələn: Yaşar, Öl­məz, Min­yaşar, Sabit, Dursun, Durmuş, Durmuşxan, Sol­maz və s. Bu adlardan Dursun həm kişilərə, həm də qa­dın­lara (Gürcüstanın Dmanisi rayonunda), Solmaz adı isə yal­nız qadınlara verilir.
Bu xüsusiyyətə türkdilli başqa xalqların antroponi­miya­sında da rast gəlmək olur. Məsələn, qazaxlarda Mınqjasar (minyaşar), özbəklərdə Ulmaz (ölməz), kumıklarda Kalsın (ölməz mənasında) adları geniş yayılmışdır.
19. Hədiyyə mənasını bildirən sözlər əsasında düzələn ant­roponimlər. Azərbaycan antroponimiyasında hədiyyə, sov­qat, bəxşiş mənasını bildirən adlara da təsadüf olunur. Bu qrup adlar, əsasən, qadınlara verilir: Hədiyyə, Sovqat, Töhvə, Bəxşiş və s.

20. Qiymətli əşyaların adını bildirən sözlər əsasında dü­zələn antroponimlər. Dilimizdə qiymətli əşyaların adını bildirən sözlər əsasında formalaşan antroponimlər də geniş yayılmışdır. Bu qrup xüsusi şəxs adlarının müəyyən his­sə­si kişilərə, müəyyən hissəsi isə qadınlara qoyulur.
Kişi adları: Altun, Gümüş, Yaqut, Almas və s. Bu ad­lar XI əsrin məşhur dilçisi Mahmud Karkarlının “Di­va­ni-lüğət-it-türk” kitabında qadın adları kimi xatır­lan­mışdır.
Qadın adları: Almas, Brilyant, İnci, Zərli, Zümrüd, Ya­qut, Gövhər, Mirvari, Sırğa, Sədəf, Firuzə və s.
Bu qrup adlar başqa türk xalqlarının antroponimiya­sında da geniş yayılmışdır. Məsələn, türkmənlərdə inci mə­­nasını ifadə edən Qauxar, Sadan: qazaxlarda Meruert, Duriya; qırğızlarda Bermet, altaylarda Дьиндьи və s.
21. Müsbət keyfiyyətli anlayışları bildirən sözlər əsa­sın­­da düzələn antroponimlər. Azərbaycan antroponi­miya­sın­da müsbət mənalı keyfiyyətləri ifadə edən antropo­nim­lər də geniş yayılmışdır. Belə adlar həm kişilərə, həm qa­dın­­lara qoyulur.
Kişi adları: Bahadır, Qalib, Qəhrəman, Dönməz, Əda­lət, İgid, Zəfər, Mübariz, Haqqı, Ötgün, Ötgəm, Qorx­maz və s.
Qadın adları: Abhəyat, Qəşəng, İpək, Gözəl, Hə­qi­qət və s.
22. Ruhanilər tərəfindən “müqəddəs” sayılan yer və əş­ya­ların adını bildirən sözlər əsasında düzələn antro­po­nim­lər. Dilimizdə bir qrup antroponimlərə təsadüf edilir ki, on­lar ruhanilər və dindarlar tərəfindən müqəddəs hesab olunan yer və əşyaların adını bildirən sözlər əsasında for­malaşır. Belə adlar da müxtəlif mənalı sözlər əsasında düzəlir:
a) Toponimlər əsasında düzələn antroponimlər: Kərbəla, Mədinə, Məkkə, Piri (pir sözündən) və s.
b) Müqəddəs hesab olunan yerləri bildirən sözlər əsa­sında düzələn antroponimlər: Ocaq, Pir və s.
Bu qrup antroponimlərin yaranması türkdilli xalqların, o cümlədən, azərbaycanlıların qədim zamanlardan oda si­tayiş etməsi ilə əlaqədar olmuşdur. Türklər oda daha çox hörmət edirlər, böyük ehtiramla anırlar... Ocaq, Ocaqqulu, Ocaqverdi kimi antroponimlər məhz oda-ocağa sitayişlə, inamla əlaqədar olaraq formalaşmış və indi də işlək ad­lardandır.
v) Müqəddəs hesab olunan ocaq, pir sözlərinə Qulu, Məmməd adlarının və ver felinin birləşməsi nəticəsində dü­­­zələn mürəkkəb kök sözlər əsasında yaranan adlar: Ocaq­­qulu, Pirqulu, Mirməmməd, Ocaqverdi, Pirverdi və s.
23. Gözəllik, zəriflik, incəlik və s. bildirən sözlər əsa­sın­da düzələn antroponimlər. Azərbaycan antroponimi­yasın­da gözəllik, zəriflik, incəlik və s. mənaları ifadə edən söz­lər əsasında düzələn adlar çox zəngin və rəngarəng xü­su­siy­yətlərə malikdir. Əsasən qadınlara bu adlar qoyulur. Mə­sələn: Aydan, Aygül, Zərifə, Ziba, İnci, İpək, Gözəl, Göy­çək, Gülçiçək, Günay, Şirin və s.
Qızların gözəl, cəlbedici, mehriban, şəfaqətli və lətif olmalarını əks etdirən adlar başqa türk xalqlarında da ge­niş yayılmışdır. Məsələn, türkmənlərdə Şirin, Ləzzət, Ni­qara (portret), qazaxlarda Jibek (ipək), Alma, Ay, Sitarə, Yulduz (ulduz) kimi adlara da təsadüf olunur.
24. Neologizm sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında bir qrup antroponimlərə təsadüf edilir ki, onlar ölkəmizdə son illərdə yaranmışdır: Məsələn, Sülhiyyə, Sülhzər, Sülhnur, Sülhnurə antroponim­ləri ölkəmizin ilk gündən etibarən yeritdiyi sülh siyasəti ilə əlaqədar olaraq, adi sözlərdən əmələ gəlmişdir.
Ölkəmizdə yeni yaranan ictimai quruluşla əlaqədar ola­raq, dilimizdə vəzifə bildirən bir qrup adi sözlər yaranır. Hə­min sözlər isə, sonralar dilimizdə ümumişlək sözlərə çev­rilir və antroponimlərin formalaşmasına səbəb olur. Mə­­sə­lən, qadınlara verilən Vəzifə antroponimi vəzifə sözü, Sədr və Katib antroponimləri isə vəzifə bildirən sədr və ka­tib sözləri əsasında formalaşmışdır.

25. Doğum şəraitini bildirən sözlər əsasında düzələn ant­roponimlər. Doğum şəraitini bildirən adlar zaman və məkandan asılı olaraq iki qrupu bölünür:
a) Zaman bildirən. Buraya təqvimi ayların adını bildirən sözlər əsasında formalaşan adlar daxildir: Ramazan, Rəcəb, Bədirə (on dörd günlük ay). Bu qəbildən olan adlara qa­zaxlarada və qırğızlarda da rast gəl­mək olur: Tolqonai (bü­töv ay).
b) Məkan bildirənlər. Dilimizdə bir qrup adlar vardır ki, onlar uşağın doğulduğu yerin adı əsasında formalaşmışdır. Bu da, əsasən, əhalinin köçəri həyat sürməsi ilə əlaqə­dar­dır. Məsələn, Qoşqar, Elbrus (Qoşqar və Elbrus dağı ilə əla­­qədardır), Araz (Araz çayı sahili ilə əlaqə­dar­dır) Dağlar (ümumiyyətlə, dağla əlaqədardır), Aran (aranla əlaqədadır), Qatar (qatarla əlaqədardır), və s. Türklərdə və noqaylarda da bu qəbildən olan adlar vardır. Yaylı (yaylı, yaylaq sözündəndir).
26. Mənfi keyfiyyətli sözlər əsasında düzələn antropo­nimlər. Azərbaycan antroponimiyasında mənfi keyfiyyət­lər ifadə edən sözlər əsasında düzələn antroponimlərə də rast gəlmək olur. Məsələn, Gülümsər, Bərbər, Bəbəş və s. Həmin adlardan Gülümsərov, Bəbəşov, Bərbərzadə famili­yaları da düzəlir.
27. Feil əsasında düzələn antroponimlər.
Azərbaycan antroponimiyasında fel əsasında düzələn antroponimlər də geniş şəkildə yayılmışdır. Son zamanlara qədər bu sahə Azərbaycan antroponimiyasında ayrıca təd­qiqat obyekti olmamışdır. Nəinki, Azərbaycan dilçili­yin­də, ümumiyyətlə, türk dillərində fellərin semantik kon­versi­ya­sı əsasında düzələn antroponimlərin dərindən təd­qi­qinə bö­yük ehtiyac vardır. Doğrudur, türk dillərində bu sahədə ilk addımlar atılmışdır və bir sıra əsərlər yazılıb çap olun­­muşdur.
Azərbaycan antroponimiyasında fellər əsasında düzə­lən antroponimlərin qədim tarixi vardır. Bu, heç də, təsadüfi deyildir. Çünki fellər dilin tarixini, qədimliyini və milli­li­yi­­ni özündə əks etdirən leksik vahidlərdir. “Azər­bay­can xal­qının, onun dilinin, ədəbiyyatının, mədəniy­yə­tinin, incə­­sənətinin qədimliyinə şübhə ilə yanaşanlar, xor ba­­xan nakəslər, öz ilkini, kökünü, qaynağını, üsulunu da­nanlar qoy gözlərini açıb bu xalqın dilindəki fellərin tari­xi­nə, bu dilin ən yaxşı keşikçisinə yaxşı-yaxşı baxsınlar. On­da gö­rərlər ki, Azərbaycan xalqının və onun dilinin tari­xi de­yi­lən və yazılanlardan da qədimlərə gedib çıxır”. Bu mə­na­da fellər dilimizin milli orijinallığını qoruyub sax­ladı­ğı ki­mi, ondan düzələn antroponimlər də həmin və­zi­fə­yə xid­mət edən mühüm dil vahididir. Məsələn, Qonaq, Əmən, Ba­sat, Qıyan, Çırpan, Düyər, Aylan, Elgəz, Dözən, Dö­nə­bilməz, Döndər, Doğsun və s. kimi adlar bu qə­bil­dən­dir. Bu qrup adlar həm kişilərə, həm də qadınlara veri­lir.
Kişi və qadın adları feil əsasında müxtəlif morfoloji əla­mətlərin artırılması ilə düzəlir:
-lı... şəkilçisi ilə çal sifətinin birləməsindən düzələn söz­lər əsa­sında yaranan şəxs adları: Çallı və s.
-inc şəkilçisi vasitəsilə şəxs adı bildirən substantiv isim­lər düzələn sözlər əsasında yaranan adlar qadınlara verilir: Sevinc və s.
-ış, -iş, -uş, -üş, feilin qarışıq növ şəkilçilərilə feildən dü­­zə­lən sözlər əsasında yaranan adlar: Baxış, Dönüş, Gö­rüş, Gülüş və s.
-il feilin məchul növ şəkilçisinin feil kökünə birləşməsi ilə düzələn sözlər əsasında yaranan adlar qadınlara verilir: Sevil və s.
-ən feili sifət şəkilçisi ilə feildən düzələn sözlər əsa­sında yaranan adlar qadınlara verilir: Küsən, Gülən, Dilən və s.
-muş keçmiş zaman feli sifət şəkilçisi vasitəsilə feldən düzələn sözlər əsasında yaranan adlar kişilərə verilir: Dur­muş və s.
-ar, -ər, -r qeyri-qəti zaman şəkilçiləri şəxsiyyət zamanı və­ziyyətdən asılı olaraq, “leksik-qrammatik məna daşıyır” və müxtəlif fellərə birləşməsindən düzələn sözlər əsasında yaranan adlar həm kişilərə, həm də qadınlara verilir: Yaşar, Yetər, Gülər, Sevər və s.
-maz, -məz morfoloji əlamətləri əslində inkar şəkilçisi ilə müzare zamanı şəkilçisinin birləşməsindən əmələ gəlib substantiv isimlər əmələ gətirən sözlər əsasında düzələn adlar həm kişilərə, həm də qadınlara verilir: Qorxmaz, Dön­məz, Solmaz və s.
-k şəkilçisi ilə felin birləşməsindən düzələn sözlər əsa­sında yaranan adlar qadınlara verilir: İstək və s.
-qun, -ğun, -gün, -kün şəkilçiləri feilin təsirli və ya tə­sirsizliyindən asılı olmayaraq hal-vəziyyət bildirən subs­tan­tiv isimlər əmələ gətirən sözlər əsasında yaranan adlar: Coşğun, Vurğun, Ötkün, Küskün, Duyğun və s.
-da qrammatik şəkilçisilə feilin birləşməsindən düzələn sözlər əsasında yaranan şəxs adları: Sevda və s.
-sun, -sün feilinin əmr şəklinin, üçüncü şəxs təkinin şə­kilçisi isə feldən düzələn sözlər əsasında yaranan şəxs adları: Dursun, Gülsün və s.
Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində ol­duğu kimi, feillər antroponimlərin yaradılmasında da baş­­lıca rola malikdir.
28. Məişət sözləri əsasında düzələn antroponimlər. Azər­­baycan xalqı arasında məişət sözləri əsasında forma­la­şan adlara çox az təsadüf olunur. Belə adlar yalnız qadın­lara verilir: Piyalə (fars dilində cam, qədəh deməkdir).
29. Müxtəlif əfsanə və əsərlərdən gələn antroponimlər. Müasir Azərbaycan antroponimiyasında bir çox adlara tə­sadüf edilir ki, onlar müxtəlif əfsanə və nağıllardan gəlib dilimizdə geniş yayılmışdır. Məsələn, Səməndər (əfsanəvi quş), Fərhad, Sənan, Məcnun; Səba, Şirin, leyli və s. Belə adlar Ş.İ.Xətainin əsərlərində də çox işlənmişdir.
30. Kişi adları əsasında morfoloji yolla düzələn qadın ad­ları. Azərbaycan antroponimiyasında nəzər-diqqəti cəlb edən cəhətlərdən biri də kişi adlarından morfoloji yolla, yəni kişi adını bildirən sözlər əsasında müəyyən şəkilçinin artırılması ilə qadın adlarının və yaxud antroponimik para­lel­lərin əmələ gəlməsidir. Dil ünsiyyət vasitəsi olmaq eti­barilə öz qayda-qanunlarını daim səlisləşdirir və nor­mal­­laşdırır. Dildəki bu qaydalar şəxs adlarının normallaş­ma­sında da öz əksini tapır. Bu normalar bütün türk xalq­ları­nın antroponimiyasında olduğu kimi, Azərbaycan ant­ro­pon­imiyası üçün də səciyyəvidir.
Məlumdur ki, türk dillərində qrammatik cins yoxdur. Bu­­na görə də, türkdilli xalqların antroponimiyasında şəxs ad­ları cinsə görə lazımi səviyyədə inkişaf etməmişdir. Məhz buna görə də, hələ, lap qədim zamanlardan bəzi vəh­şi heyvanların və silahların adları, igidlik, şücaət və cəsa-rətlik bildirən sözlər kişi adları: gül-çiçək və qiymətli əşyaların adları, lətiflik, nəzakət, incəlik və zəriflik bildi­rən sözlər isə qadın adları kimi formalaşmışdır. Əlbəttə, bu böl­günü bütün adlara aid etmək olmaz. Cinsə görə adları fərqləndirmək üçün dilimizdə -ə, -ət, -iyyə kimi leksik şə­kilçilər vardır. Bu şəkilçilərin kişi adlarına birləşməsi nə­ti­cə­­sində dilimizdə yüzdən çox yeni qadın adları düzəlir.
-ə şəkilçisi ilə düzələn adlar: Abid-Abidə, Aqil-Aqilə, Adil-Adilə, Azad-Azadə, Aləm-Aləmə, Amil-Amilə, Bə­dir-Bədirə, Qail-Qailə, Əziz-Əzizə, Zabit-Zabitə, İlham-İl­hamə, Kamal-Kamalə, Mail Mailə, Nail-Nailə, Rasim-Ra­simə, Sabir-Sabirə, Sahil-Sahilə, Firuz-Firuzə, Həzin-Hə­zinə, Vahid-Vahidə, Nazir-Nazirə və s.
-ət şəkilçisi ilə düzələn adlar: Arif-Arifət. Arif adına -ə şəkilçisini artırmaqla da qadın adı düzəlir: Arifə və s.
-iyyə şəkilçisilə düzələn adlar: Qərib-Qəribiyyə, Zəki-Zəkiyyə, Mavi-Maviyyə, Əhməd-Əhmədiyyə, Şəmsi-Şəm­siyyə, Məmməd-Məmmədiyyə, Qədir-Qədiriyyə, Şöv­qi-Şövqiyyə və s. Qərib antroponimindən -ə şəkilçisinin kö­mə­yilə Qəribə; zər, gül, naz, nar, nur sözlərinin birləş­mə­silə isə Qəribzər, Qəribgül, Qəribnaz, Qəribnar, Qərib­nur kimi qadın adları əmələ gəlir.
Həm kişilər, həm də qadınlar üçün müştərək olan Vü­sal adından da -ə şəkilçisinin köməyilə Vüsalə qadın adı düzəlir.
Azərbaycan antroponimiyasında qadın adından kişi adı-nın düzəlməsi, demək olar ki, yox dərəcəsindədir. Tatar və başqırd antroponimiyasında isə qadın adlarından kişi adlarının əmələ gəlməsi halları son zamanlarda özünü gös­tərməyə başlamışdır. O cümlədən, 1967-ci ildə altı nəfər ta­tar oğlan uşağına Vener (qadın adı bildirən Venera sö­zün­dəndir) adı qoyulmuşdur. Başqırd antroponimiyasında onlarla Vener və Cület (qadın adı bildirən Cületta sözündəndir) adları vardır.

Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 255-287.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: