"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10 MƏDƏD ÇOBANOV

* * *
Adların həmahəngdarlığına əkiz övladlara ad­ver­­­­­­mə mərasimində daha çox diqqət yetirilir:

a) Oğlan əkizlərə verilən adlar: Namiq- Natiq, El­man- Elmar, Kamil-Şamil, Əfşan-Əfşar, Ramil-Ra­min, və s.
b) Qız əkizlərə verilən adlar: Məlahət-Kifayət, Sə­mi­rə-Əsmirə, Fərqanə-Fərdanə, Xəyalə-Xəyalət, Gi­­lə­naz-Gilə­nar, Gülbəyaz-Gülbəyan, Gülzəmi-Gül­zəni, Gü­­nay-Günel, Mənzər-Mənzərə, Səmazər-Səmanaz və s.
v) Oğlan və qız əkizlərə verilən adlar: Abid- Abidə, Aqil-Aqilə, Afiq-Afiqə, Bədir-Bədirə, Varis-Va­ri­sə, Qail-Qailə, Zahid-Zahidə, Məsud-Məsu­da, Ramil- Ra­milə və s.
Gürcüstanın (sabiq Bolulus) indiki Bolnisi və La­qodexi ra­yonla­rın­da qardaşlara Maşallah və Nişallah kimi ad­ların qo­yulmasına da təsadüf edilir. Əlbəttə, müa­­sir dö­vr­də öv­ladlara belə “gəlişigözəl ahəng­dar” adların verilmə­sini müsbət hal kimi qiymət­lən­dirmək olmaz.
Eyni hadisəyə özbəklərdə də təsadüf etmək olur: ata Mat­karim-oğul Madraim; qazaxlarda ata Xalimullı- oğul Abibulla; ata Kerimbek-oğul As­kerbek - nəvə Ju­mabek; ata Narbek-oğul Ağabek-nəvə Atabek; baş­qırd­­larda ata Ra­dik-oğul Rafik, ata Farit-oğul Faiz; ana Fakiya-qız Fa­nira, ana Kamilə-qız Nazilə, ana Hə­li­mə-qız Səlimə. Baş­qırd­larda bu hadisəni Z.Q. Ura­k­sin belə təsvir et­mişdir ki, adların seçilməsində və ahən­gdarlığında, uşa­ğın adının əv­vəl və son hissəsinin atanın, ananın və ya böyük qardaş və bacının adı ilə hə­mahəng olmasının əhəmiyyəti az deyil.
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olur ki, adların əlaqəsi bir neçə ahəngdarlıq dərəcə­sin­də ola bilər: əkizlərin adlarının ahəngdarlığı; qardaş­la­rın və ya bacıların adlarının ahəngdarlığı; ailə üzv­lə­rinin və ya yaxın qohum­ların adlarının ahəng­darlığı.

X FƏSİL

ANTROPONİMİK HADİSƏLƏR


Ünsiyyət prosesində hər kəs hər gün, hər dəqiqə və hət­ta, hər an dilimizin lüğət tərkibində və əsas lüğət fon­dunda fəal şəkildə işlədilən yüzlərlə ümumişlək sözlərdən, onla­rın qrammatik qruluşundan, zəngin və rəngarəng xü­su­­siy­yət­lərə malik olan onomastik vahidlərdən geniş şəkil­də is­ti­fa­də edir. Dilin müvafiq sahələrində, o cüm­lədən, fone­tik sis­temdə, lüğət tərkibimdə, əsas lüğət fon­dunda və qram­ma­tik quruluşunda baş verən hər bir dəyi­şiklik və inkişaf ey­ni za­manda onun onomastik layla­rın­da da özünü gös­tə­rir.
Onomastik vahidlər, o cümlədən də, antroponimik va­hid­­­lər tarixən yaradılır, yaşadılır və müəy­yən vaxtdan, əl­bəttə, bir neçə əsrdən sonra bir qrupu istər zahiri, istərsə də daxili cəhətdən tədricən köhnəlir və fəaliyyətdən qa­lır, ono­mastik layı tərk edərək, qeyri-fəal fonda keçir: ikin­ci qrup antroponimlər və yaxud şəxs adları xalqın həyat tərzi və məişəti ilə bağlı olaraq yenidən yaradılır; üçüncü qrup antroponimlər özünün istifadə dairəsini daha da genişlən­dirir və həm kişilərə, həm də qadınlara veril­mək üçün or­taqlı - müştərək xarakter kəsb edir; dör­düncü qrup ant­ro­po­nimlər bir neçə müstəqil sözün və ya antro­ponimin ilk səslərinin və ya müxtəlif heca­larının birləşdi­rilməsi nəticə­sində meydana gəlir; beşinci qrup antropo­nimlər isə (ən azı ikisi) bir şəxsi bildirib polinim­lərə və ya çoxadlılığa çev­rilir. Beləliklə də, antroponim­lərdə müxtəlif istiqamət­lər­də dəyişmə və inkişaf prosesi baş verir. Belə hadisələrin müəyyən hissəsi ümumi (bir neçə dildə və dil ailəsində), müəyyən hissəsi isə xüsusi (konkret bir dildə) yeni ma­hiy­yət kəsb edir və onomastik sistemdə qanunlaşa bilmə­yib ke­çici və təsadüfi xarakter daşıyır. Başqa sözlə desək, Azər­baycan antroponimiyasında həm kişilərə, həm də qa­dınlara verilən adların ortaqlığı - müştərəkliyi (Arzu, Sə­hər), polinimliyi və ya çoxadlılığı (Balaxanım-Toqqu, Sü­məli-Yaşar), palindromikliyi (Əzizə, Tələt), abbreviasi­yası (Mels, Melan) da müəyyən dərəcədə antroponim yaradı­cı­lı­ğı ilə yaxından bağlıdır. Antroponimik sistemdə özünü gös­tərən belə halların hamısı ümumi şəkildə ant­roponimik hadisələr adlanır. Azərbaycan antroponimi­ya­sında antro­po­­nimik hadisələrin aşağıdakı növləri vardır: 1. Müştə­rək (or­­taqlı) antroponimlər, 2. Polinim ant­ro­po­nim­lər, 3.Pa­lin­dromik antroponimlər, 4. Abbrevia­tur antro­ponim­lər.

MÜŞTƏRƏK ANTROPONİMLƏR

Azərbaycan antroponimiyasında 130-dan çox səxs ad­larına təsadüf edilir ki, onlar müştərək olaraq həm oğlan­lara, həm də qızlara qoyulur. Bu da, demək olar ki, hər şey­dən əvvəl, uşağın doğulduğu şərait, ailənin vəziy­yəti və adət-ənənə ilə yaxından bağlıdır. Başqa sözlə desək, hər hansı bir ailədə uzun müddət uşaq olmur. İllər boyu övlad həsrəti çəkən ata və ya ana öz yeni doğulan uşağına Aqi­bət, Aydan, Vüsal, Arzu, Qeyrət, Qüdrət, Dəyanət, Əqidə, Zəfər, Mətləb, Səhər, Şərəf, Şirin və s. kimi adlar qoyurlar. Yaxud, ana hamilə ikən ata vəfat edir. Atanın ölümündən sonra doğulan uşaq ata üzünə həsrət qalır. Buna görə də, yeni doğulan uşağa cinsindən asılı olmadan Həsrət, Ya­digar, İntizar kimi adlar qoyurlar.
Buradan belə nəticəyə gəlmək olar ki, illər boyu övlad həsrətini çəkmiş valideynlər ailədə uşaq doğulanda onun oğ­lan və ya qız olmasından asılı olmayaraq, sevinir, şadlıq edir. Uşağa sevinc, şənlik, xoşbəxtlik, arzu və istəklə əla­qədar olan adlar qoyurlar. Beləliklə də, oğlan və qızlar üçün müştərək adlar yaranır. Yəni, bir rayonda və ya kənd­də oğ­lanı bildirən ad başqa rayonda və ya kənddə qızı bil­dirir. Bə­zən də, bir kənddə və ya bir məhəllədə müəyyən bir ad­la həm oğlan, həm də qız adlanır. Məsələn, Gür­cüs­tanın Bol­nisi rayonunun Darbaz kən­dində Etibar, Zinyət, Hilal və Məmləkət adları həm oğlanlara, həm də qızlara veril­mişdir. Cahan və Şərəf adları isə qonşu kəndlərin bi­rində oğlana (Aragel kəndi), birində isə qıza (Darbaz kən­di) ve­rilmişdir. Əlbəttə, belə halları alqış­lamaq olmaz. Çün­ki belə adlar oğlanı və qızı fərqlən­dir­məyə imkan vermir.
Müştərək antroponimlərin yaranması, hər şeydən əv­vəl, xalqın adət-ənənəsilə də yaxından bağlıdır. Türkdilli xalqların, o cümlədən, qazaxların antroponimiyasında da ənə­nə ilə bağlı olaraq, yaranan adlara rast gəlmək olur. Ad­­qoyma mərasimində ən çox qız olan ailələrdə oğlana qız, qıza isə oğlan adı qoyurlar. Məsələn, qıza Altay, Bolat (Polad), Janıl (Yanıl), Janılxan (Yanılxan) kimi adlar ver­miş və onları oğlan kimi tərbiyə etmişlər. Janıl (Yanıl), Janılxan (Yanılxan) adlarını qızlara verəndə belə düçün­müşlər ki, daha ailədə qızın olması öz yolunu yanılar və oğ­lan olar. Belə adət-ənənə də həm oğlanlara, həm də qız­lara verilən müştərək adların yaranmasına müəyyən də­rə­­cədə imkan yaratmışdır.
Ş.Sədiyev antroponimiyamızda özünü göstərən bu ha­disəni düzgün hesab etməyərək yazır: “Müəyyən adın həm oğlana və həm də qıza verilməsi ənənəyə görə düzgün de­yil. Bu hadisə ictimai həyatda ünsiyyət zamanı müəyyən çə­tinlik törədir”. Məsələn, siz Tərlan, Həyat, Şirin, Qumru adlarını eşidəndə onun kimliyini, yəni oğlan və ya qız ol­ma­sını müəyyənləşdirməkdə çətinlik çəkəcəksiniz. Çünki bizim antroponimiyamızda Tərlan, Həyat, Şirin, Qumru həm oğlana, həm də qıza verilən addır. N.Gəncəvinin “Xos­rov və Şirin” poemasını, H.Mehdinin “Tərlan”, Ə.Əb­­dül­həsənin “Yoxuşlar” romanlarını, S.Vurğunun “Fərhad və Şirin”, M.İbrahimovun “Həyat” pyeslərini oxu­­muşsunuz. Bu əsərdəki Tərlan və Həyat kişi, Şirin və Qumru isə qadındır. Şirin və Qumru adında kişilər də vardır. Halbuki, belə adların kişilərə verilməsini müsbət hal kimi qiymət­ləndirmək olmaz. Çünki kişi və qadın ad­ları ifadə etdiyi məna və məzmununa - cəsarət və mərd­liyinə, igidlik və cü­­rətinə, şücaət və qəhrəmanlığına, qüv­vət və qüdrətinə, qəşəng və gözəlliyinə, incə və zərifli­yinə, lətif və tə­miz­liyinə, vicdan və paklığına və s. cəhət­lərinə görə bir-birin­dən fərqlənməlidir. Bu cəhətlər­dən, birin­ciləri öz məzmu­nunda ifadə edən adları kişilərə, ikin­ciləri əks etdirən adları isə qadınlara vermək məqsədəuy­ğun­dur.
Müştərək adlardan bir qrupu bizim kitaba daxil edil­mişdir: Azad, Ayaz, Aynur, Afət, Brilyant, Dursun, Ədalət, Zivər, İsmət, Yaqut, Yadigar, Yaşar, Könül, Günəş, Güney, Maral, Nihad, Rəşad, Rövşən, Turan, Ülfət, Xavər, Xur­şud, Humay, Çinar, Cavahir, Şəfəq və s.
Başqa türk xalqalrında da həm oğlanlara, həm də qız­lara qoyulan müştərək adlar vardır. Məsələn, qazaxlar­da Altai, Bolat, Ankən, Ancar, Janar, Janat və s. Bu xü­si­siy­yət tuvin antroponimiyasında da geniş yayıl­mışdır. “Spra­voç­nik liçnıx imyen narodov RSFSR” kita­bında tu­vinlərin müştərək olaraq, həm oğlanlara, həm də qızlara verdiyi 67 ad qeyd olunmuşdur.
Belə adlara iranlılar və monqollar arasında da təsadüf olu­nur.
Müştərək antroponimlərin ikinci bir növü isə tarixi şəxsiyyət adı ilə bədii personaj adı arasında özünü büruzə verir. Məsələn, Makedoniyalı İsgəndər həm tarixi şəxsiy­yətdir, həm də Nizaminin məşhur “İsgəndərnamə” poema­sında ədəbi surətdir. İsgəndər həm tarixi şəxsiyyət, həm də bədii obraz kimi böyük keyfiyyətlərə malikdir. Onlar ta­ri­xilik baxımından eyniləşsələr də, mənəvi cəhətdən bir-bi­rindən fərqlənirlər. Birincidə fatehlik, böyük dövlətçilik ide­yası güclü olduğu halda, ikincidə qüdrətli, müdrik, ağıllı bir obraz oxucunun nəzərində ucalır.
Yaxud, Vaqif həm tarixi şəxsiyyət, böyük dövlət xa­dimi, diplomat, şair, həm də S.Vurğunun “Vaqif” pyesinin baş qəhrəmanıdır. Hər iki Vaqif də haradasa bir-birindən ayrılır, fərqlənir. Lakin hər iki şəraitdə Vaqif öz Vaqif­li­yində qalır.
Yuxarıda qeyd olunan birinci İsgəndər və Vaqif tarixi sənədlərdə, ikinci İsgəndər və Vaqif isə bədii təfəkkürdə - bədii əsərdə özünə yer tapmış və xalqın nəzərində ucal­mış­dır. Antroponimiyada bu qrup şəxs adlarını da müş­tə­rək ant­roponim hesab etmək olar. Çünki eyni ad müxtəlif sahədə - tarixi sənədlərdə və bədii əsərdə işlədilmişdir. Mən­­­bə müxtəlifliyi, məzmun və ideya isə həmin adı bir növ ortaqlaşdırmış, müştərəkləşdirmişdir.
POLİNİM ANTROPONİMLƏR

Azərbaycan antroponimiyası əsaslarını tədqiq edərkən canlı danışıq dilində - yerlərdə bir qrup polinimlərə, yəni bir şəxsin müxtəlif adlarla adlandırılmasına da təsadüf et­dik. Başqa sözlə desək, belə adlardan biri həmin şəxsin rəs­mi, digəri isə qeyri-rəsmi adıdır. Məsələn, Balaxanım - Təqqu, Qurbanəli - Duma, Aşır - Eqa və s. Bu ant­ro­po­nim­­lər bir-birinin variantı yox, müxtəlif adlardır. Bu­na baxmayaraq, onlar ünsiyyət proseslərində bir-birilə yaxın­dan əlaqədar olur və ey­ni bir şəxsi bildirir.
Bəzi valideynlər isə, yeni doğulmuş uşaqlarına bir ad qoyur, onu ailədə sevə-sevə saxladıqları zaman başqa bir adla çağırırlar. Nəticədə onun rəsmi adı unudulur, o, xalq arasında ikinci, vasitəci adı ilə tanınır...
Belə hallara müasir bədii əsərlərimizin personajlarının adlarında da rast gəlirik. Məsələn, Ə. Hacızadənin “İtgin gəlin” romanında belə bir epizodla qarşılaşırıq:
“Ayın 15-də məni Çaharrahıye-Tur Abbasxanada göz­lə, saat 9-da. Seyid Mustafa”. Seyid Mustafa əslində Seyid Mustafa deyildi. Bu, hələ, təzə-təzə yaranmaqda olan dəs­tənin gizli rəhbəri Bəbrəkin şərti adı idi… Ancaq, onun ikin­ci adı da vardı ki, bunu ancaq Rəhgüzər bilirdi. Və onun bütün məqalələri bu imza ilə çıxırdı: Şərəfəddin Dərmənd.
Əkrəm Əylislinin “Gilənar çiçəyinə dediklərim”po­ves­tində əsl adı Valya olan personaj əsər boyu Vilma adı ilə tanınır. Məsələn: “Pasportunda Vilmanın adı Valya idi. Azər­baycanca, o, özü öz adını Validə qoymuşdur… “Vil­ma, Valya, Validə, şəkər dadır dili də”. Burası Mə­zahirin ya­radıcılığının məhsulu idi və “şəkər dadır” məsə­ləsində şairimiz, Vilmanın bizim dildə təmiz danış­mağını nəzərdə tuturdu”.
Belə nümunələrin sayını artırmaq da olar. Lakin buna artıq ehtiyac yoxdur. Yuxarıdakı nümunələrdə göstərilən vəziyyətin qarşısını almaq üçün belə nəticəyə gəlmək olar ki, kiçik bir kənddə, bir məhəllədə, bir küçədə, bir binada (şəhər yerində olan ümumi yaşayış binaları nəzərdə tutu­lur), hətta, yaxın və uzaq qohumlar arasında olan bir şəx­sin adını bir neçə uşağa qoymaqdan və yeni doğulmuş uşa­ğın adı rəsmiləşdirildikdən sonra onun başqa - ikinci bir adla əzizlənməsi və çağırılması müsbət hal deyildir. Buna görə də həmişə və hər vaxt belə hallardan çəkinmək lazım­dır. Çünki belə hallarda çox zaman müsbət və ya mənfi (əksər hallarda) keyfiyyətli ləqəblər əmələ gəlir. Bu da bə­zən hər hansı bir adamın şəxsiyyətinin alçaldılmasına səbəb olur.

PALİNDROMİK ANTROPONİMLƏR

Azərbaycan antroponimiyasında bir qrup palindromik yolla əmələ gələn adlara da təsadüf etmək olur. Bu qrup adlar, əsas etibarilə, əvvəllər formalaşmış olan antropo­ni­min sağdan-sola və yaxud əksinə oxunması nəticəsində ya­ranır. Sözlərin və ya antroponimlərin belə üsulla düzəl­dilməsinə palindromik sözlər (antroponimlər) deyilir.
Azərbaycan antroponimiyasının verdiyi faktlara əsasən palindromik antroponimləri aşağıdakı qruplara ayırmaq olar:
1. Eyni fonetik tərkibə və eyni mənaya malik olan palindromik antroponimlər. Palindromik sözlər (antropo­nimlər) məlumdur ki, elə sözlər (antroponimlərə) və ya cümlələrə deyilir ki, onlar “soldan sağa və sağdan sola eyni hərflərlə oxunur” və eyni mənanı ifadə edir. Məsələn, Ata, Ana, Ağa, Əzizə, Tələt və s.
2. Eyni fonetik tərkibə və müxtəlif mənaya malik olan palindromik antroponimlər. Azərbaycan antroponimi­yası­na daxil olan bir qrup adların əksinə oxunması nəticəsində eyni səs kompleksindən (səslərin düzülüşü və ya sırası etibarilə) ibarət olan yeni bir söz və ya antroponim yaranır. Yeni yaranmış səs kompleksi başqa bir ahənglə (məlum­dur ki, hər bir səs sözün müxtəlif yerində müxtəlif ahəngə malik olur - M.Ç.) səslənir və yeni bir məna daşıyır. Mə­sələn, Ayna - Anya, Afər -Rəfa, Zərifə-Əfirəz, Nazim-Mi­zan, Hatəm-Mətah və s.
Rus antroponimiyasında da belə yeni sözdüzəltmə qaydası ilə düzələn sözlərə və ya antroponimlərə təsadüf olunur. Məsələn: OM-MO (elektrik məftili vahidi) və s.
Azərbaycan antroponimiyasında iki komponentli adlar da geniş yayılmışdır. Mürəkkəb antroponimlərin tərkibin­dəki komponentlərin yerini dəyişməklə də yeni adlar əmələ gəlir. Belə antroponimləri də palindromik antropo­nimlər sırasına daxil etmək olar. Məsələn, Babaxan - Xanbaba, Əliyusif - Yusifəli, Qasıməli - Əliqasım, Yar­məm­məd - Məmmədyar, Nurdərya - Dəryanur; Gülzar - Nazgül, Gülyaz - Yazgül, Gilənar - Nargilə, Gülay - Yay­gül, Aygün - Günay, Gülbadam - Badamgül, Qələm­zər - Zərqələm, Nurqələm - Qələmnur, Əmirgül - Güləmir və s.

ABBREVİATUR ANTROPONİMLƏR

Bütün dünya dillərində olduğu kimi, Azərbaycan dilin­də də antroponimlərin abbreviasiyasının və yaxud ixtisarla yazılmasının və şifahi nitqdə ixtisarla tələffüz edilməsinin uzun bir tarixi vardır. Bu xüsusiyyət, yəni xüsusi adların ixtisarı indi də Azərbaycan dilində özünü geniş şəkildə göstərir.
Ümumiyyətlə, antroponimik və ya başqa ixtisarlar dilin inkişafının bütün mərhələlərində abbreviasiyanın bir çox ümumi dilçilik və qrammatik qanunauyğunluqları ilə ya­xından əlaqədardır. Həmin çəhətlərin meydana çıxarılması isə antroponimiya üçün maraqlıdır. Bunları nəzərə alaraq abbreviasiyaya uğramış xüsusi adları iki qrupa bölmək olar: antroponimlərin ixtisarla yazılması, antroponimlərin ixtisarla tələffüz edilməsi.
1. Antroponimlərin ixtisarla yazılması. Dilimizdə bü­tün xüsusi adlar kimi, onun geniş yayılmış bir sahəsini təşkil edən mürəkkəb antroponimlər də çox hallarda ixti­sarla yazılır. Bu da əsasən yazının sürətinin artırılması və mətnin həcminin azalması cəhətdən əhəmiyyətlidir. Məsə­lən: Q-əli (Qurbanəli), D-malı (Dünyamalı), İ-xəlil (İbra­him­xəlil, M-əli (Məhəmmədəli), N-əli (Niyazəli), H-məm­məd (Hacıməmməd) və s.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, dilimizdə, əsasən, ikikomponentli və ya mürəkkəb antroponimlər ab­bre­vasiasiya hadisəsinə uğrayır. Başqa sözlə desək, mü­rək­kəb antroponimin abbreviasiyası zamanı birinci kom­po­nentin baş hərfi və ikinci komponentin özü bütövlükdə yazılır.
Yazılı dildə antroponimlərin abbreviasiyasının müsbət və əhəmiyyətli cəhətləri olduğu kimi, mənfi və zərərli cəhətləri də vardır. Bu da, hər şeydən əvvəl, həmin antro­ponimlərin qeyri-dəqiq və çətin oxunması ilə əlaqədardır.
Antroponimlərin abbreviasiyası, əsasən, gizli imzalarla yazmaq və ya ayrı-ayrı şəxslərin imzasının sirli qalması nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Məsələn, böyük xalq şairi Sabir inqilabi ruhlu satirik əsərlərinin əksəriy­yətini “Hophop”, “Ağlar-güləyən”, ”Əbunəsr-Şeybanu”, “Qoca əmi”, “Boynuburuq”, “Fazil”, “Din dirəyi”, “Boy­nu yo­ğun”, “Çayda çapan”, “Tükəzban cici”, “Qoca İran­lı”, “Y­arı könül”, “Sevdaya”, “Yaramaz”, “Bir alimə”, “Ə.S.­Nizedar”, Azərbaycan nəsrinin görkəmli nü­ma­yən­dəsi M.S.Ordubadi geniş xalq kütlələrinin ağır həyat şərai­tində yaşamasını və hakim sinfə qarşı etiraz etməsini təsvir etdiyi əsərlərini: “Hərdəmxəyal”, “S”, “M.S.”, “Səid”, ”M.Səid”, “Səid Hacağazadə”, ”Felye­ton­­çu”, “Tat”, “Lüt”, “Bəha”, “Masa”, “Təəssübkeş” və başqa giz­li im­za­larla yazmışdır.
Məşhur qəzəlxan Əliağa Vahid də öz satirik şeirlərinin əksəriyyətini “Molla Nəsrəddin”, “Babayi-Əmir”, “Tuti”, “Məzəli” və s. jurnallarda və “Kommunist” qəzetində, “Mol­­labalbala”, “Tahir Əyyar”, “Möhkəm”, “Məxfi”, “Ha­cı Əqrəb”, “Tənbəl” kimi gizli imzalarla yazmışdır. Ə.Vahidin müasirlərindən şair Həsən Səyyar “Mülhid”, şair İbrahim Tahir Musayev isə “Nofəl” kimi gizli im­za­larla yazmışlar.
İstedadlı dövlət xadimi, XX əsr Azərbaycan realist və inqilabi-demokratik ədəbiyyatının qüdrətli yaradıcıların­dan biri, dramaturgiyamızda tarixi faciə janrının banisi, gözəl nasir, qüdrətli publisist, sadə müəllim və qayğıkeş həkim olan N.Nərimanov da yeri gəldikcə gizli imzalardan istifadə etmişdir. Məsələn, N.Nərimanov “Bir kəndin sər­güzəşti”, yaxud “Əli” hekayəsini (1915) ”Nar” imzası ilə çap etdirmişdir.
Xüsusi adların abbreviasiyasının bir də əhəmiyyəti on­dan ibarətdir ki, onlar yeni antroponimlərin düzəlməsinə səbəb olur.
Dilimizdə xüsusi adların abbreviasiyası nəticəsində əmələ gələn antroponimləri iki qrupa bölmək olar:
a) İnzibati-siyasi adları bildirən sözlərin abbrevia­siya­sı nəticəsində əmələ gələn antroponimlər; ABŞ (Amerika Birləşmiş Ştatları), SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı).
b) Antroponimləri və başqa ictimai-siyasi hadisələri bildirən sözlərin abbreviasiyası nəticəsində əmələ gələn antroponimlər. Yuxarıda deyilənlərdən belə nəticəyə gəl­mək olar ki, abbrevasiya elə bir səciyyəvi hadisədir ki, o məlum olduğu kimi dilin inkişafının bütün mərhələlərində lakonik şəkildə inkişaf edir. Xüsusi adların abbreviasiyası yolu ilə yeni antroponimlər yaranır. Məsələn, Xanifüz (Xarani, Nizami, Fizuli), Marven (Mars, Venera), Xeirəli (Xeyransa, Əli) və s.

Türk xalqlarının antroponimiyasında adların abbrevia­siyasının başqa xüsusiyyətlərinə də təsadüf olunur. Yəni, antroponimlər xüsusi adların birinci hissəsinin abbrevia­si­ya yolu ilə birləşməsindən əmələ gəlir.
v) Xüsusi adların əks abbreviasiyası əsasında yaranan antroponimlər. Azərbaycan antroponimiyasında bəzi şəxs adlarına təsadüf olunur ki, onlar bu və ya digər xüsusi adın əks abbreviasiyası və yaxud parçalanması nəticəsində əmə­lə gəlir.
Şair Məmməd Aslanın “Ərzrumun gədiyinə varanda” silsiləsindən olan “Azər-Baycan” şeirində belə bir epiqraf - başlığa təsadüf olunur. Həmin başlıqda deyilir: “Tür­ki­yə­nin Başköy ilcəsinin (rayonunun) Yuxarı Aratan kən­dində yaşayan Hüseyn Aras, oğlu Ənvərin uşaqlarının adın­dan özünə bir təsəlli səltənəti yaradıb: qız nəvəsinə Azər, oğul nəvəsinə Baycan adı verib. Nəvələrinin adı ba­banın dilində, yaddaşında qəribə sıralanıb. Necə olur olsun əvvəl, Azəri cağırır, sonra Baycanı…” Həmin şeirdə oxu­yuruq:

Cüt balası var cahanda:
Azər biri, Baycan biri!..
Azər burda, Baycan burda!
Burda onlar Arazsızdı!
Azər, Baycan bir axarda:
Sağ yox, sol yox, arasızdı!
Dil öyrəşib desin müdam:
Əvvəl: - Azər,
Sonra: - Baycan!
Çağırdıqca səhər-axşam
Bütövləşir Azərbaycan.

Yuxarıdakı şeir parçasında işlədilən Azər, Baycan ant­ro­­ponim­ləri Azərbaycan toponimininn əks abbrevia­siyası və ya parçalanması yolu ilə əmələ gəlmişdir.
Azərbaycanlılar arasında qızlara verilən Revmira (revol mirova) adına da təsadüf olunur (Revmira Köçərli).
2. Antroponimlərin ixtisarla tələffüz edilməsi. Yazılı ədəbi dilimizdə olduğu kimi, şifahi nitqdə də xüsusi ça­ğı­rış zamanı antroponimlərin abbreviasiyası özünü göstərir. Başqa sözlə desək, Azərbaycan dilində qeyri-rəsmi olaraq, şifahi halda maraqlı bir xüsusiyyət də nəzərə çarpır. Bu da, dili­mizdə geniş yayılmış, uzun və ya çoxhecalı antro­po­nim­­lərin ixtisarla (qısa) tələffüz olunmasıdır. Məsələn, Məhi (Məh­yəddin), İbiş (İbrahim), Nəsi (Nəsimi), Xeyri (Xey­rəddin), Fəxri (Fəxrəddin), Qimi (Qiyaməddin) və s.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 320-334.


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: