Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxıb

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxıb TƏBRİK EDİRİK!..

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynovun
“Millət yaddaşının keşikçisi” adlı yeni kitabı
çapdan çıxıb.


AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Nərgiz Qəhrəmanova ZiM.Az-a bildirib ki, “Elm və təhsil” nəşriyyatında işıqüzü görmüş kitab Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, publisist, mətnşünas, alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun şərəfli ömür
və zəngin yaradıcılıq yoluna həsr edilib.

Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının irsinin araşdırılmasında görkəmli alimin rolundan bəhs olunur. Bildirilir ki, professor Şirməmməd Hüseynov Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaq şıxsiyyətlərini dərindən öyrənərək bütövlüyü ilə xalqa təqdim etmək yolunda genişmiqyaslı fəaliyyət göstərir. Araşdırmaları və nəşrləri ilə o, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digər millət fədailərinin şəxsiyyəti və irsinin daha yaxşı tanınması üçün mötəbər təməllər yaradıb. Cümhuriyyət dövrü parlamentimizin şanlı səhifələrini gələcək nəsillərə çatdıran qiymətli kitabların müəllifi olan professor Ş.Hüseynov elmi axtarış və yaradıcılıq fəaliyyətində ayrı-ayrı fakt, hadisə, problem və şəxsiyyətin barəsində məhz doğruların ortaya qoyulmasına, ictimaiyyətə çatdırılmasına üstünlük verib.

Kitab Azərbaycan elmi və ədəbi mühiti, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əminik ki, müəllifin digər əsərləri kimi, “Millət yaddaşının keşikçisi” adlı yeni kitabı da mütəxəssislər
və həmçinin bütün oxucular tərəfindən böyük maraqla qarşılanacaq.

Aygül ÇOBANOVA,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun disertantı.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: