Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələbələri üçün dərs vəsaitləri hazırlayıb

Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələbələri üçün dərs vəsaitləri hazırlayıb TƏBRİK EDİRİK!...

Azərbaycan Universitetinin professoru,
tanınmış ədəbiyyatşünas alim,
filologiya elmləri doktoru
Asif Abbas oğlu Hacıyevin
Rusiya Federasiyasında
iki dərs vəsaiti
nəşr olunub.


Azərbaycan Universitetindən
ZiM.Az-a bildiriblər ki,

Rusiya ali təhsil müssisələrinin tələbələri üçün nəzərdə tutulan “Ədəbiyyatşünaslığın tarixi və metodologiyası” vəsaitində ədəbiyyatşünaslıq fəaliyyətinin xüsusiyyətləri, klassik estetika və ədəbi fikrinin əsas inkişaf mərhələləri,
XIX-XX əsrlər ümumavropa ədəbiyyatşünaslıq məktəbləri, ədəbiyyatşünaslığın filoloji ixtisaslarda tədrisinin metodikası və səciyyəsi haqqında məlumat verilir.
Vəsaitdə, həmçinin ədəbiyyatşünaslıq fənlərinin tədrisi üçün elmi-metodik baza yaradan bu kursun mühazirə və praktik dərslərinin planları və mövzuları verilib.

İkinci kitab ədəbi prosesin yeni hadisəsinə, şəbəkə ədəbiyyatına həsr olunub. “Rus şəbəkə ədəbiyyatı: kontekst, tarix, tipologiya, poetika” dərs vəsaitində müasir tarixi-ədəbi kontekstin, əsrlərin qovşağında rus ədəbi prosesindəki ədəbi cərəyanların, rus şəbəkə ədəbiyyatının əsas inkişaf mərhələlərinin, yaradıcılıq xüsusiyyətlərinin və sosial-hüquqi aspektlərinin öyrənilməsini nəzərdə tutan xüsusi kursun məzmunu əks olunub. Vəsaitə rus şəbəkə ədəbiyyatının nümunələri, hər bir fəslə aid biblioqrafiya, qeydlər və özünənəzarət üçün suallar, Rusiyanın internet resurslarının və şəbəkələr üzrə terminlər lüğətlərinin siyahıları əlavə edilib. Rusiya ali təhsil təcrübəsində ilk dəfə olaraq vəsaitə müasir rus ədəbiyyatının Azərbaycan konteksti, eləcə də müasir mədəni-tarixi mühitdə rusdillilik və ikidillilik, rus nəsrində başqa xalqların, ilk növbədə, türklərin ədəbi üslubu haqqında bölmələr daxil edilib.

Nəşriyyatın annotasiyasında qeyd edilir ki, hər iki kitab ali təhsilin federal dövlət təhsil standartlarının tələblərinə uyğun yazılıb və filologiya, rus dili və ədəbiyyatı, jurnalistika ixtisasları üzrə təhsil alan rusiyalı tələbələr üçün nəzərdə tutulub. Dərs vəsaitləri Rusiyanın ali təhsil müəssisələri üçün tədris resurslarının nəşri üzrə ixtisaslaşmış “Ali təhsil” nəşriyyatının təşəbbüsü və vəsaiti hesabına dərc edilib.

Biz də, ZiM.Az-ın bütün yaradıcı heyəti adından dəyərli ziyalımız, görkəmli ədəbiyyatşünas-alim,
çox hörmətli professor Asif Hacıyevi bu yeni nailiyyətləri münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni elmi yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: