“Gözün aydın, Xarı Bülbül”

“Gözün aydın, Xarı Bülbül” Hər bir insan doğulandan dünyasını dəyişənə qədər keçmə-keşli bir ömür yolu keçir, ilahi tərəfindən ona bəxş edilmiş bu ömür yolunda qoyduğu izlə tanınır, yaddaşlarda qalır, dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra da əməlləri ilə xatırlanır.
Bəli bu gəldi-gedər dünyanın qəribəliklərini dərindən duyub dərk edərək sözü hikmətə çevirib geniş oxucu auditoriyasına çatdıranlar bəşəriyyət tərəfindən sevilərək şair adını qazanırlar.

Ülvi, bəşəri dəyərləri, həyat duyğularını poetik dillə qələmə almaq müəllifdən başqalarına nəsib olmayan yaşantılar tələb edir. Və Allah vergisi olan bu əlamətləri özündə cəmləşdirənlər həyatın müxtəlif sferalarına nifuz etməyi bacarır, duyub hiss etdiklərini söz-söz, sətir-sətir poeziyaya çevirərək bu gəldi-gedər dünyada özlərinə məxsus əbədi iz qoyurlar.


Belə söz adamlarından, belə insanlardan biri də
Nəhayət Məhəmməd qızı Şirinovadır.


N.Şirinova 1981-ci ildə Quba rayonunun Tülər kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Tülər kənd orta məkətəbini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində almışdır. Daha sonra isə təhsilini ölkə xaricində Kiyev şəhərində Reqionlararası Personalın İdarəetmə Akademiyasında davam etdirmişdir. Bir müddət Quba rayonunun Güləzi və Yerfi kənd məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir. Rayonda “İnkluziv Təhsil” üzrə beynəlxalq dərəcəli təlimçidir. YAP Quba Rayon təşkilatı Qadınlar Surasının sədr müavini kimi çalışıb. 2013-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında çalışır. 2014-cü ildən Respublika Qadınlar Cəmiyyətinin, 2015-ci ildən Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin, “Borçalı” nəşriyyatının redaksiya heyətinin üzvüdür. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi və “Ay işığı” ədəbi məclislərinin fəal üzvlərindəndir. “Elm və Təhsil” qəzetinin şöbə müdiri və “Şərqin səsi” qəzetinin redaktorudur. Eyni zamanda “Zirvə İnformasiya mərkəzinin”, “Zim.az”, “Vətənim-Azərbaycandır.az” saytlarının Şimal zonası üzrə nümayəndəsi, “44GÜN.ORQ” xəbər portalında baş redaktorun müavinidir. “Qızıl Qələm” və “Araz” ali ədəbi media mükafatlarının laureatıdır. “XXI əsrin ziyalısı”, “Ulu Öndər”, “Abdulla Şaiq”, “VƏTƏN”, “Səməd Vurğun”, “Azərbaycan Bayrağı”, “Ümumidünya Sülh Səfiri”
“İlin ictimai fəal xanımı”, “Vətənpərvər Ziyalı”, “THE BEST OF NATIONAL AWARDS” , “SMART PEOPLE AWARDS 2020”, “THE BEST OF AZERBAIJAN AVARDS 2021” mükafatlarına layiq görülmüşdür. Nəhayət xanım poeziya vurğunudur. Şeirləri 20-dən çox mətbu orqanda və eyni zamanda 20-dən çox şeir toplularında işıq üzü görmüşdür.

“Gözün aydın, Xarı Bülbül” “Gözün aydın, Xarı Bülbül” müəllifin oxucularla ilk görüşüdür.
Kitabın naşiri filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, redaktoru ADPU-nun Quba filialının dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, “Ön söz” müəllifi şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğludur. Baba Vəziroğlu “Ön söz"ündə Nəhayət xanımın özü və kitabı haqqında yazır: “Həqiqətən də qələmə aldığı şerlər onun ürəyinin böyüklüyünü və insani keyfiyyətlərini əks etdirir. Mən həqiqətən belə gənclərimizlə qürur duyaraq “Gözün aydın Xarı Bülbül” kitabına çox ürəklə bu sözləri yazdım”!
Nəhayət xanımın qəlbində qizli, xasiyyətinə məxsus torpağa, xalqa həqiqi məhəbbətlə bir bağlılıq vardır. O, bu barədə heç vaxt biruzə vermir, ağızdolusu danışmır, bunu öz əməli işi və yazdığı şerləri, yazıları ilə ifadə edir.
Onun anadan olduğu doğma Tülər kəndi vətənimizin dilbər guşələrindən biridir. Yaxşı deyiblər ki, Vətənə məhəbbət doğma kənddən, yurddan başlayır. Nəhayət xanımın elə-obaya bağlılığı və sevgisi də belədir.

Unudulmaz səndə keçən hər günüm,
Haqqım var ki, mən səninlə öyünüm.
Bölünməyim, qoy səninlə bir olum,
Torpağına qurban olum Tülərim!

O, doğma yurda, el-obasına, ətrafına, dostlarına həmişə sədaqət nümayiş etdirir, istəyini və dəyər dolu münasibətini, sevgisini bölüşməyi bacarır. Bir anaya məhəbbət bütün analara məhəbbət deyilmi? Yaxşı deyiblər:- öz xalqını, yurdunu, ananı sevməsən başqa xalqları, bəşəriyyətin önündə səcdəyə gəldiyi yüzlərlə ananı da sevə bilməzsən. Bu elə bir təbii, psixoloji, daxilən öz-özünə yaranan bir haldır ki,..mən deyərdim insan üçün xüsusi bir önəm daşıyan faktordur. Eyni zamanda da bu kimi xüsusiyyətlər yaradıcı insanlar üçün böyük və əvəzsiz bir nemətdir. Bu neməti qəlbində, canında, qanında hiss edənlər nə qədər xoşbəxtdirlər.

Dilin dualıdır, qəlbin narahat,
Hər zaman balana duaçı oldun.
Ən əziz, ən zərif nəğmə kimisən
Oxuyub, oxuyub doymuruq ana!

Kitaba daxil edilmiş başqa şeirlər də oxucunu özünə cəlb edir. Bu baxımdan, “Şuşada”, “Azərbaycan ordusu”, “Şəhid anası”, “Qubanın şəhidləri”, “Gözün aydın Xarı Bülbül”, “Zəfərimiz”, “Heydər Əliyev”, “Doğma universitetim” şeirlərinin hər birinin özünəməxsus bədii məna tutumu vardır. Nəhayət xanımın “Gözün aydın Xarı Bülbül” şeri təbiiliyi, səmimiliyi ilə xüsusiylə seçilir.

Gözün aydın Xarı Bülbül!
Yurdun-yuvan azad oldu.
30 ildir viran olan,
Cıdır düzün azad oldu.

“Zəfərimiz” şeiri gənclərin və yeniyetmələrin diqqətini vətənimizin azadlığına, müstəqilliyinə və ərazi toxunulmazlığına yönəldir, onların vətənpərvərlik duyğularını qüvvətləndirir, şəhidlərimizin ruhuna hörmət və ehtiram aşılayır:

Əsrlərlə taladı yağılar torpağını,
Söndü neçə ananın oğul adlı çırağı.
Neçə-neçə körpənin anası başsız qaldı,
Neçə nişanlı qızın qolları yarsız qaldı.

44 günün bir əsrin harayına hay verdi,
İgidlərin zəfəri bu millətə pay verdi.
“Şuşa, biz qayıtmışıq” dedi baş Komandanım,
“Dəmir yumruq” altında qələbədən hay verdi.

Ümumiyyətlə Nəhayət Şirinovanın öz yaradıcılıq dünyası vardır. Onun şeirləri həyat reallığından bəhrələndiyi üçün sadə və oxunaqlıdır.
Əminik ki, N.Şirinovanın “Gözün aydın, Xarı Bülbül” şeir toplusu geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacaqdır.


Şıxəmməd Seyidməmmədov,
ADPU-nun Quba filialının
“Təbiət fənnləri və onun tədrisi metodikası”
kafedrasının baş müəllimi,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü,
A.A.Bakıxanov adına “Gülüstan” ədəbi məclisinin sədri

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: