Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiriləcək

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiriləcək Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan
elmi sessiya keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Millət vəkili,
akademik İsa Həbibbəyli
Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən bu qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Səkkiz gün davam edən, dövrünün möhtəşəm hadisələrindən olan Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycan ilə yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu tədbirdə nümayiş olunub. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda, qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında, milli mənəvi birliyinin formalaşmasında çox böyük əhəmiyyətə malik olan tarixi hadisədir.

Akademik İ.Həbibbəyli Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını yüksək dəyərləndirib. Bildirilib ki, bu il Bakıda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və bununla əlaqədar AMEA-da bir sıra tədbirlər keçiriləcək.

Tədbirdə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Birinci Türkoloji Qurultayın çağırışları və qarşıda duran vəzifələr”, akademik Teymur Kərimli “Birinci Türkoloji Qurultayın fəxri nümayəndəsi Əli bəy Hüseynzadə” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə qurultayın tarixindən, fəaliyyətindən və əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir.
Bu mötəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, yeddi əsas problem müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib. Qurultayda müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də aktuallığını qoruyub saxlayır.
Natiqlər bu ilin oktyabrında Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfransda mühüm məsələlərin müzakirə ediləcəyinə əminliklərini bildiriblər.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: