Bu gün “Molla Nəsrəddin”in ilk nömrəsinin nəşrindən 110 il ötür.
Yubiley ilə əlaqədar AMEA Ədəbiyyat İnstitutu və Cəlil Məmmədquluzadənin Bakıdakı Ev-Muzeyinin kollektivinin iştirakı ilə bu dərginin yaradıcısı və naşiri, görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin Fəxri xiyabandakı məzarı önündə anım tədbiri keçirildi.
Tədbirdə Bakı şəhər 6 saylı orta məktəbinin şagirdləri də iştirak edirdilər.
Kollektiv öncə ümummilli lider Heydər Əliyev və görkəmli alim Zərifə Əliyevanın məzarını ziyarət etdilər.
Sonra isə bir sıra ədib və ziyalılarımızın, o cümlədən görkəmli yazıçı Cəlil Məmmədquluzadənin məzarını ziyarət edərək, qəbirüstü abidələrin önünə gül-çiçək dəstələri düzdülər.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək öncə əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi. “Molla Nəsrəddin” jurnalının müəyyən fasilələrlə 25 il fəaliyyət göstərdiyini söyləyən alim Azərbaycan mətbuatının inkişafında, ictimai fikrin formalaşmasında jurnalın müstəsna rolundan ətraflı söz açdı. Bildirdi ki, “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərq aləmində böyük maraq doğurmuşdur. Zəngin dünya görüşünə malik, böyük idrak sahibi Mizə Cəlil jurnalı nəşr etdirməklə ədəbi məktəb yaratmağa nail olmuşdur.
Sonra AMEA-nın vitse-prezidenti XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin şərəfli həyat yolu və yaradıcılığından söhbət açdı. Azərbaycan ədəbiyyatında “Cəlilşünaslıq” adlı bir istiqamətin yarandığını, mütəfəkkirin həyat və yaradıcılığına dair çoxsaylı elmi araşdırmaların aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Cəlil Məmmədquluzadənin demokrat, azərbaycançılıq ideologiyasının tərəfdarı olması onu özündən əvvəlki və sonrakı mütəfəkkirlərdən fərqləndirən əsas elementlərdir.
Alimin sözlərinə görə, C.Məmmədquluzadənin əsas məramı bütün həyat və yaradıcılığı boyu xalqına xidmət, onun rifahı yolunda mübarizə aparmaq idi.
“Molla Nəsrəddin” satirik jurnalını yaratmaqla böyük publisist Azərbaycan ictimai fikir tarixinə öz adını qızıl hərflərlə yazdırmışdır.
Anım tədbirində, həmçinin Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Pərixanım Mahmudova, filologiya üzrə elmlər doktorları Zaman Əsgərli və Asif Rüstəmli çıxış edərək Azərbaycançılıq məfkurəsinin mətbuatımıza gətirən Mirzə Cəlilin ictimai fikir tariximizdəki yeri və rolundan danışdılar.
Onun redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının Azərbaycan mətbuatının incilərindən olduğunu qeyd etdilər.
Bundan başqa, bildirildi ki, cari ilin aprel ayında böyük yazıçı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində böyük mütəfəkkirin Bakıdakı ev-muzeyinin təşkilatçılığı ilə səyyar sərginin təşkili də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın böyük ideoloqu Mirzə Cəlilin azərbaycançılıq ideyasını mətbuata kütləvi şəkildə ilk dəfə gətirən akademik İsa Həbibbəyli olmuşdur.
O, AMEA Ədəbiyyat İnstitutunda “Molla Nəsirəddin” jurnalının araşdırılması və öyrənilməsi istiqamətində mühüm işlər görmüşdür.
Hazırda institutun “Mətbuat tarixi və publisistika” şöbəsində jurnalın ensiklopediyasının hazırlanması ilə bağlı tədbirlər həyata keçirilir.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.