Sözün qüdrətinə İlahi gözlə baxan alim...
Tanınmış alim, ədəbiyyatşünas, tənqidçi, AYB-nin üzvü Qurban Bayramov ömrünün 70-ci baharını arxada qoyaraq, elmin zirvəsindən boylanıb, keçmişindən sabaha doğru kövrək addımlarını atmaqdadır. Müasir Azərbaycan ədəbiyyatının inkişafında, formalaşmasında və təbliğində, eləcə də yüzlərlə istedadlı alimin üzə çıxmasında, onların ədəbiyyata, sənətə gəlməsində Qurban müəllimin xidmətləri danılmazdır. Unutmayaq ki, Qurban Bayramov bulağından bizim kimi çox şairlər, yazıçılar su içib, ədəbiyyata gəlməyimizdə, çətin məqamlarda bizə yol göstərib, dayaq durub, öz elmi məsləhətlərini verib. İndinin özündə də o, işgüzardır, yorulmaq bilmədən çalışır. Qurban müəllim əsl tənqidçi, söz adamıdır. Bir santimetr qalınlığında münbit torpağın əmələ gəlməsi üçün yüz illərlə vaxt, zaman lazım gəlir. Qurban müəllim kimi alimlər də həmçinin. Bu cür tənqidçilərimiz dilimizin təmizliyinə, sözün böyüklüyünə, ilahi gücünə və qüdrətinə elə ilahi gözlə baxır.
Xatırladaq ki, Qirban Bayramov 1946-cı il may ayının 30-da Ağdam rayonunun Kolanı elinin Əlimədədli kəndində, ziyalı ailəsində anadan olub.
1963-1967-ci illərdə indiki N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib, təhsil aldığı Əlimədədli kənd orta məktəbində müəllim, tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.
1972-ci ildə adıçəkilən institutda baş laborant, elmi işçi, baş elmi işçi olmuş, indinin özündə isə aparıcı elmi işçi vəzifəsində fəaliyyətini davam etdirir.
1979-cu ildə Səməd Vurğun poeziyasında “Lirik qəhrəman” problemi mövzusunda müdafiə etmişdir.
Bu günə kimi dövri və elmi mətbuatda 300-ə qədər tənqidi və elmi məqaləsi dərc edilib, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: milli yaddaş təlimi –Azərbaycançılıq”, “Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi” monoqrafik kitabları, “Yaralı Vətənin yaralı övladları” kimi onlarca bədii-publisist əsəri maraq doğurub.
Qurban müəllimin, həmçinin “Qısa ədəbi ensiklopediya” (9-cu cildə əlavə), eləcə də “Sovet həyat tərzi və müasir ədəbiyyatın qəhrəmanı”, “Süleyman Rüstəm: “Sosializm-realizm müasir mərhələdə”, “Dünya uşaq ədəbiyyatı” 50 cildlik, “Cəsurların döyüş yolu”, “Qarabağ dünən, bu gün, sabah” və bu kimi kitabları çapa hazırlanıb. Eyni zamanda, “Azərbaycan ədəbiyyatı tarixi” 7 cildliyin müəlliflərindəndir.
Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, M.H.Şəhriyar poetik üslub”, “Qarabağ ədəbi mühiti - uzaq keçmişdən bu günümüzə qədər” və s. bu kimi maraqlı tədqiqat işləri vardır. “2000-2008-ci illər Azərbaycan poeziyası”na həsr edilmiş ədəbi icmalları da diqqət cəlb edib.
Yeri gəlmişkən qeyd edək ki, Qurban müəllim uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” elmi-kütləvi, tədris verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü olmuşdir. Hazırda “Qarabağ Ağsaqqallar Şurası”nın üzvüdür.
Azərbaycan MEA-nın “Fəxri fərman”ına, “Tanınmış vurğunşünas alim” fəxri diplomuna, eləcə də onlarca fəxri fərmana layiq görülmüşdür.
Biz yaradıcı adamlar yubilyarı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və yaradıcılığında uğurlar arzulayırıq.
Qələndər Xaçınçaylı
REDAKSİYADAN:
Biz də hörmətli qələm dostumuz Qələndər Xaçınçaylının bu xöş arzularına qoşulur,
ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından çox hörmətli Qurban müəllimi
tanınmış alim, ədəbiyyatşünas, tənqidçi, AYB-nin üzvü,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramovu
Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ictimai fəaliyyətində və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından çox hörmətli Qurban müəllimi
tanınmış alim, ədəbiyyatşünas, tənqidçi, AYB-nin üzvü,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramovu
Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ictimai fəaliyyətində və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.