AMEA MƏRKƏZİ ELMİ KİTABXANANIN OXUCULARIN İSTİFADƏSİNƏ VERİLMƏSİNİN 1 İLLİK HESABAT KONFRANSI KEÇİRİLİB

AMEA MƏRKƏZİ ELMİ KİTABXANANIN OXUCULARIN İSTİFADƏSİNƏ VERİLMƏSİNİN 1 İLLİK HESABAT KONFRANSI KEÇİRİLİB AMEA MƏRKƏZİ ELMİ KİTABXANANIN OXUCULARIN İSTİFADƏSİNƏ VERİLMƏSİNİN 1 İLLİK HESABAT KONFRANSI KEÇİRİLİB 27 sentyabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) oxuculara istifadəyə verilməsinin 1 illik Hesabat Konfransı AMEA rəhbərliyinin, jurnalistlərin və MEK əməkdaşlarının iştirakı ilə keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, konfransı giriş sözüylə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb.
O, MEK-i AMEA-nın əsas strukturu kimi xarakterizə edərək, onu ən qabaqcıl, inkişaf etmiş elmi kitabxana adlandırıb.
Akademik İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimindən sonra kitabxana böyük inkişaf yolu keçib.
Kitabxana həm AMEA-nın islahatlar mərkəzi, həm də elm mərkəzidir.
O, gələcəkdə MEK-in daha böyük statusa layiq görülməsi üçün çalışacaqlarını açıqlayıb.
Vitse-prezident bu ilin sonunda Bakıda Türk Dünyası Kitabxanaları Birliyinin yaradılacağını elan edib.
Daha sonra çıxışda Milli Rəqəmsal Yaddaş layihəsinə, klassik fond anlayışının virtual fond anlayışına dəyişməsindən, vikipedia təlimlərindən geniş bəhs edilib.
Akademik İ.Həbibbəyli, MEK-də nadir kitabların bərpası işləri üçün əlavə ştat açılacağını qeyd edib.
MEK-in beynəlxalq əlaqələrindən, elektron vasitələrinin qurulmasından da razılıqla bəhs edərək AMEA rəhbərliyinin hesabatı məqbul saydığını vurğulayıb.

Konfransda Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bir il ərzində görülmüş işlər, əldə olunan nəticələr və gələcək prespektivlər barədə geniş hesabat nitqi söyləyib. L.İmanova 2015-ci ilin sentyabr ayında MEK-in açılış tədbirində o zaman üçün əldə edilmiş nəticələri tezis formasında səsləndirib: “Cəmi 7 aya kitabxana fondları əsas binadan yeni binaya köçürüldü və 3 aya istifadəçilərin xidmətinə hazırlandı, şöbələr yenidən quruldu, bir sıra layihələr həyata keçirildi, iki dildə fəaliyyət göstərən sayt istifadəyə verildi”.

L.İmanova bildirib ki, 2015-ci ilin oktyabr ayında Mərkəzi Elmi Kitabxana 2016–2019-cu illər üçün beş əsas strateji hədəf müəyyən edib: Vahid idarəetmə sisteminin tam hazırlanıb istifadəyə verilməsi; Milli rəqəmsal yaddaş bazasının işlək vəziyyətə gətirilməsi; peşəkar heyətin formalaşması; beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması; informasiya təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması.

O, MEK-in “Fondların və oxucuların sayının artırılması” və “Xidmətlər sisteminin qurulması” mərhələsindən keçərək kitabxana inkişafı üçün ən ali pillə hesab edilən “Oxucu icmasının formalaşdırılması”nın başlanğıcında olduğunu vurğulayıb. Onun sözlərinə görə, fondların, oxucuların və göstərilmiş xidmətlərin sayı sadəcə görülmüş işin həcminin ölçülməsi üçün alətdir. İnkişaf səviyyəsini ölçmək üçün isə kitabxananın akademik icmanın mərkəzinə çevrilməsi üzrə göstəricilər əsas sayılmalıdır. Məsələn, oxuculardan könüllü vikipediyaçılar qrupunun formalaşması, akademik icmanın kitabxana fondlarının formalaşmasında iştirakı, oxucuların yeni təşəbbüslərdə iştirakı və s. Bütün mərhələlərdə MEK əlçatanlıq, şəffaflıq, hesabatlılıq, peşəkarlıq, operativlik və qənaətcillik prinsiplərinə əsasən fəaliyyət göstərir.

L.İmanova ölkəmizin geosiyasi məkanda daim təcavüzlərə məruz qalmasını, tarixi, mədəni irsimizin “pozulmaq” təhlükəsi ilə üzləşməsini qeyd edərək, Milli rəqəmsal yaddaş layihəsinin Azərbaycan üçün önəmindən və bu işin kitabxanada uğurla icra olunmasından söz açıb. Milli rəqəmsal yaddaş bazasının Azərbaycan hüdudlarından kənarda formalaşan materiallar ilə zənginləşdirildiyi, bu işlərdə Azərbaycanın Polşa və Macarıstandakı səfirliklərinin, eləcə də Los-Anceles şəhərindəki konsulluğunun MEK ilə əməkdaşlığı qeyd edildi. Bildirdi ki, e-resurslar geniş çeşiddə və yeni keyfiyyətdə istifadəyə verilib, elektron resurslara oxu zallarından rahat çıxış təmin olunub. Hesabat çıxışında MEK-ə daxil olan unikal nüsxələrin, kolleksiyaların, yubileyi keçirilən mütəfəkkirlərin sənədlərinin rəqəmsallaşdırılması və yaddaş bazasında sistemli şəkildə saxlanılması iştirakçıların nəzərinə çatdırılıb. Bildirilib ki, ilk dəfə məhz yerli, MEK proqramçıları tərəfindən hazırlanmış Vahid qeydiyyat sistemi tətbiq olundu. AMEA-nın 15 müəssisəsinin kitabxana və fond rəhbərlərinə “Elmi-intellektual baza”nın formalaşdırılması üçün “Vahid qeydiyyat sistemi” mövzusunda təlim keçirilmiş, nəticədə 13 institutun kitabxanasında yeni qeydiyyat sistemi tətbiq olunmağa başlamışdır. “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda AMEA-nın 21 təşkilatına keçirilən təlimdən bəhs olunub.

Direktor kitabxananın beynəlxalq əməkdaşlığının və ictimaiyyətlə əlaqələrinin yeni məcraya keçməsini, media ilə əlaqələrin operativliyini, www.mek.az saytının üç dildə istifadəyə verilməsini, sosial şəbəkələrdə fəallığın artmasını vurğulayıb. Çıxışda ali təhsil müəssisələrinin tələbələri və AMEA institutlarının əməkdaşları ilə keçirilən təlim və təcrübə mübadiləsindən ətraflı bəhs olundu. MEK-in özünün və digər müəssisələrin kitabxanada keçirdiyi 200-dən çox tədbirdən, oxucuların istifadəsinə verilmiş elektron resurslardan, oxucuların və fondlarda olan kitab, jurnal, xəritə, avtoreferat və s. sayından, xarici kitabxanalarla aparılmış mübadilədən də bəhs edilib.

L.İmanova hesabatında müəssisənin qanunvericiliyə islahat yönümlü təkliflər verdiyini deyərək, nümunə üçün “Kitabxana işi haqqında” Qanunu, “Nəşriyyat işi haqqında” Qanunu və “Dissertasiyaların AAK-a təqdim edilməsi qaydaları”nı göstərib.

O, çıxışında müvafiq səhiyyə qurumları ilə əməkdaşlıq nəticəsində ödənişsiz səhiyyə xidmətləri, peşə xəstəliklərinin profilaktikası, ödənişsiz diaqnostik müayinələr – onkoloji, oftalmoloji, stomatoloji və endokrinoloji xəstəliklərin aşkarlanması - üçün 1117 müayinə və konsultasiya aparıldığını, əməkdaşların iş vaxtlarına və sosial xərcləmələr büdcəsinə 20.000 AZN-dən artıq qənaət edildiyini vurğulayıb.

Hesabatda oxucu zövqünün formalaşması, cəmiyyətdə mütaliə meylinin artması, kitabxana fondlarının məqsədyönlü zənginləşdirilməsi məqsədilə həyata keçirilən “Paralel sorğu”, “Açıq kitabxana” layihələrindən də bəhs olundu. L.İmanova kitabxanada tədqiqatçılara məlum olmayan mənbələrin araşdırılıb üzə çıxarılması üçün kolleksiyalar şəklində təqdimat etdiklərini deyərək nümunə üçün Georq Hazai, Mirzə İbrahimov, Mikayıl Useynov, Yevgeniy Belyayev, Abbas Zamanov, Yevgeniy Paxomov, Yevgeniy Bertels, Zahid Hüseynzadəyə aid olan tədbirləri sadalayıb.

L.İmanova hesabatında vurğulayıb: “Ümummilli lider Heydər Əliyev irsinə aid olan və fondlarda saxlanılan ədəbiyyat Sərgi salonunda və Akademiklərin zalında yerləşdirilmişdir. Materiallar rəqəmsallaşdırılmış, elektron kataloqa və video-təqdimat formatına salınmışdır. AMEA Rəyasət Heyətinin qərarlarına əlavə olaraq yubileyi AMEA miqyasında qeyd olunan şəxslər – Mikayıl Useynov, Bəxtiyar Vahabzadə, Vəli Axundov, Səməd Vurğun – və “Molla Nəsrəddin” jurnalına aid olan materiallar elektron kataloqa salınmış, rəqəmsallaşdırılmış, virtual təqdimatda hazırlanmış, Sərgi salonunda nümayiş etdirilmişdir. Azərbaycanda ən qədim on kitab Mərkəzi Elmi Kitabxananın fondlarında aşkar edilmiş, rəqəmsallaşdırlmış, elektron kataloqa salınmış, ictimaiyyətə təqdim olunmuş, KİV nümayəndələri və araşdırıcıların ciddi marağına səbəb olmuşdur”.

L.İmanova perspektivdə nəzərdə tutulan işlərə diqqət çəkib: “Üçnövbəli xidmətə keçid, media ilə gündəlik kommunikasiyanın onlayn avtomat rejimə keçirilməsi, Vahid İdarəetmə Sisteminin müəyyən komponentlərinin sayt ilə sinxronlaşdırılması, kitabxana həyatından MEK-in saytına canlı yayım, elektron kataloqun sayta çıxarılması, VİS-DOC elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan platformanın hazırlanması və növbəti inkişaf mərhələsinə keçid edilməsi”.
Hesabat zamanı direktor qarşıya çıxan çətinliklərdən də söz açıb.

Sonda bildirilib ki, Mərkəzi Elmi Kitabxananın heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, AMEA rəhbərliyi və İşlər İdarəsinə, AMEA-nın müəssisə və təşkilatlarına, ali məktəblərə, nazirliklərə, media nümayəndələrinə, ictimai təşkilatlara, beynəlxalq qurumlara, tərəfdaşlarına, oxucularına göstərdikləri qayğı və diqqətə görə təşəkkür edir. Səsləndirilib ki, daim sosial məsuliyyət hissi ilə fəaliyyət göstərmiş olan kollektiv bu inamı və etimadı doğrultmağa çalışmış, üzərinə düşən məsuliyyətli işlərin öhdəsindən layiqincə gəlmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, türkoloq Güllü Yoloğlunun çıxışından sonra MEK direktoru Leyla İmanova sualları cavablandırıb.

Müşfiq BORÇALI.



.

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: