AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Zim.Az-a bildiriblər ki, İclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və AMEA Rəyasət Heyətinin məsul işçiləri iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Akademik Akif Əlizadə Akademiyada aparılan elmi tədqiqat işlərinin yekunları haqqında hesabatların hazırlanması ilə əlaqədər institutlarda və elmi bölmələrdə geniş müzakirələrin təşkil edilməsinin, mühüm elmi nəticələrin ciddi ekspertizadan keçirilməsinin vacib olduğunu bildirib. Akif Əlizadə bu məsələ ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Daha sonra Akif Əlizadə 31 oktyabr - 5 noyabr 2016-cı il tarixlərində keçiriləcək II Azərbaycan Elm Festivalının əhəmiyyətindən danışıb və festivalın ölkədə elmin populyarlaşdırılmasında müsbət rol oynayacağını bildirib: “Elmin populyarlaşdırılmasında bu festivalın rolu danılmazdır. Hazırda həm paytaxtımızda, həm də regionlarda festivalın yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işləri görülür. AMEA-nın institutları festivala tam dəstək verməli, elmi mühazirələrin hazırlanmasını sürətləndirməlidirlər. Şübhəm yoxdur ki, bu festival böyük uğur qazanacaq. I Elm Festivalında 15 mindən artıq insan iştirak edib və bu, böyük göstəricidir. Bu il festivalda iştirak edəcək insanların sayının 50 minə çatacağı gözlənilir”.
Sonra mövzu ilə bağlı çıxış edən AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bildirib ki, festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində hazırlıq işlərinin davam etdiyini deyən Nuridə Quliyeva ölkə alimlərinin ən son nailiyyətlərinin festival çərçivəsində nümayiş olunacağını, müxtəlif konfransların, konsertlərin, regional elmi mərkəzlərə ekskursiyaların təşkil ediləcəyini bildirib.
İclasda akademik Akif Əlizadə AMEA-nın magistraturasına növbəti tədris ili üçün qəbul planı haqqında danışaraq Akademiyada magistratura təhsilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib: “AMEA-da magistraturaya qəbulun aparılması elmin gələcək inkişafı üçün çox mühüm və vacib addımdır. Cari il Akademiyanın magistraturasına qəbulun nəticələri yüksək olub. İnstitutlarda magistrantlar üçün yaradılmış hazırki şərait mütəmadi olaraq təkmilləşdirilməlidir”. AMEA-nın magistraturasına qəbul planının layihəsinin bir daha müzakirə olunması və qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi barədə danışıb. İdarə rəisi bildirib ki, Təhsil Nazirliyi bununla bağlı AMEA-ya məktub ünvanlayıb və Akademiya bu məktuba müsbət cavab verib: “Hazırda SABAH qruplarında 1600-dən artıq tələbə təhsil alır. Bu tələbələr AMEA-da təcrübə keçmək arzularını bildiriblər və Təhsil Nazirliyi onların xahişini nəzərə alaraq, bu barədə bizə müraciət göndərib. AMEA-nın institutları ilkin mərhələdə 400-ə yaxın tələbənin təcrübəsini təşkil etməyə hazırdır, onların ixtisaslarına uyğun olaraq təcrübə keçəcəkləri institutlar barədə məlumat Təhsil Nazirliyinə göndərilib”.
Daha sonra iclasın gündəliyinə daxil olan məsələlər ətrafında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və digərləri çıxış ediblər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.