

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Zim.Az-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Zaman, müasir inkişaf və elm" mövzusunda giriş nitqi ilə çıxış edib.
Akademik diqqətə çatdırıb ki, Azərbaycan tarixinin Heydər Əliyev epoxası ölkəmizdə müasir cəmiyyət quruculuğunun əsasını təşkil edib: "Ulu Öndərin parlaq adı, böyük xidmətləri və çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycan hərtərəfli inkişaf edib, əsrlərə bərabər yol keçib. Həmin epoxada böyük iqtisadi yüksəliş, sənayeləşmə, elmin, mədəniyyətin və təhsilin yüksək inkişafı ölkəmizi və xalqımızı daim irəliyə aparıb. Heydər Əliyev epoxası böyük inkişafın möhkəm təməlləri deməkdir".
Ulu Öndərin dövlətçilik təlimində elm amilinin daim aparıcı mövqeyə malik olduğunu deyən AMEA-nın prezidenti cəmiyyətin müasir inkişafında elmin həlledici rolunun təmin edilməsinin görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təliminin ana xətlərindən ibarət olduğunu vurğulayıb. Akademik ölkəmizdə cəmiyyət quruculuğunun sonrakı mərhələlərində də elm faktorunun əsas yer tutduğunu, beləliklə də zamanın, müasir inkişafın və elmin bir-birini üzvi surətdə tamamladığını diqqətə çatdırıb.
Akademik Akif Əlizadə bildirib ki, dövlət müstəqilliyimizin hələ özünün olduqca kövrək məqamlarını yaşadığı ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olduğunu böyük inam və qətiyyətlə bütün dünyaya bəyan edib.
Artıq dövlət müstəqilliyimizin əbədiyyətə doğru yön almış yolun əsrin dörddə biri qədər zaman məsafəsini qət etdiyini söyləyən akademik bu zaman məsafəsinin hər anının həm də Azərbaycanın sürətli yüksəlişinin, beynəlxalq aləmdə artan nüfuzunun, elmin, təhsilin, mədəniyyətin tərəqqisinin tarixi olmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Akademik Akif Əlizadə elmimizin müasir zamanın çağırışlarından və ölkəmizin sosial-iqtisad, mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin həyata keçirilməsinə, bütövlükdə müstəqil Azərbaycanın çiçəklənməsinə bundan sonra da öz təhfələrini verəcəyinə əminliyini ifadə edib.
Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müstəqillik yollarında" kitabından danışan AMEA rəhbəri nəşrdə bu müddət ərzində keçilmiş məsuliyyətli və şərəfli yoldan, əldə edilmiş mühüm nailiyyətlərdən bəhs olunduğunu diqqətə çatdırıb. Akademik bu kitabı Azərbaycan alimlərinin dövlət müstəqilliyimizə mühüm töhfəsi kimi dəyərləndirib.

Bildirib ki, Azərbaycan Respublikasında müstəqil dövlətçiliyin inkişaf modelinin formalaşdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Qeyd edib ki, Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun baş memarı kimi ölkəmizin tarixi salnaməsində böyük və parlaq mərhələ yaradıb. Akademik Azərbaycanın müasir tarixinin 35 ilə yaxın böyük bir dövründə Ulu Öndərin keçdiyi çətin və şərəfli yolun, gəstərdiyi tarixi xidmətlərin, əldə etdiyi mühüm nəticələrin müasir inkişafın Azərbaycan modelinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri olmuş azərbaycançılıq təliminin daha da inkişaf etdirilməsinə böyük təhfələr verir: "Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının ənənə halını alması, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi cəmiyyətdə azərbaycançılıq şüurunu dərinləşdirir".
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin ölkəmizdə ardıcıllıqla davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti müstəqil dövlətçiliyin Azərbaycan modelinin müasir inkişafın əsas hədəflərini özündə əks etdirdiyini və daha işıqlı sabahlara çatmaq üçün real təminat verdiyini vurğulayıb.

Akademik qeyd edib ki, Azərbaycanın multikultral ənənəsinin dövlət tərəfindən qorunması istiqamətində həyata keçirilən işlər sırasında Ümummilli Liderin göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır: "Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrində əks olunub".
Kamal Abdullayev vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən multikulturalizm siyasəti xalqımızın həyat tərzinə çevrilərək Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsini bir sıra ölkələr üçün örnək kimi təqdim edir.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.