TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın doğum günüdür...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın doğum günüdür... Bu gün tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda
"XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, çox hörmətli professor Şirindil Alışanlının 65 yaşı tamam olur.


Şirindil Alışanov - 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil alıb.
1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirib.
1976-1987-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb.
1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazıb və 1981-ci ildə müdafiə edib.

O, 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. «Ədəbi proses» silsilə məcmuələrinin əsas müəlliflərindən biridir. 1977-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya həsr olunmuş birgə respublika konfransında məruzə edərək, ədəbi-nəzəri fikrin ən aktual problemləri ilə bağlı müzakirə və konfranslarda ardıcıl çıxış edib. O, ədəbi tənqidin nəzəri-metodoloji problemləri, müasir poeziya, onun əsas inkişaf meylləri, poetik axtarışları barədə dövri mətbuatda və bir çox məcmuələrdə ardıcıl çıxış edir.

1993-1998-ci illərdə «Elm» qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə «Elm» Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub.
1990-cı ildən hazıradək «Sabah» nəşriyyatının direktorudur.

1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun "Tarixi poetika" şöbəsinin müdiri olan Şirindil Alışanlı, hazırda "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiridir. Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür.
Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub. Bir sıra beynəlxalq konfranslarda məruzə edib.
Şirindil Alışanov Moskvada çıxan «Akademiçeskie tetradi», «Nauçnaə kniqa» jurnallarının beynəlxalq redaksiya heyətinin və Akademiyaların Beynəlxalq Assosiasiyasının Kitab nəşri üzrə Şurasının üzvüdür.

Biz də ZiM.Az saytının Yaradıcı Heyəti adından çox hörmətli Şirindil müəllimi
doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: