Tanınmış alim, Nizami adına
Ədəbiyyat İnstitutunda
Orta əsrlər Azərbaycan
ədəbiyyatı şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru,
AMEA-nın müxbir üzvü
Əliyar Qurbanəli oğlu Səfərli
2016-cı il yanvar ayının 4-də
79 yaşında vəfat edib.
AMEA-nın müxbir üzvü Əliyar Səfərli - 28 dekabr 1937-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Anabat kəndində anadan olmuşdur.
Ordubad şəhərindəki Pedaqoji məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır.
1960-68-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışmış, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
1968-ci ildən Bakı Dövlət Universitetində müəllimlik etməyə başlamışdır. 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir.
1973-cü ildə yenidən Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətini davam etdirmişdir.
1983-cü ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
BDU-nun professoru və kafedra müdiri olmuşdur.
Ə.Səfərli 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Alim Orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı əsərləri tədqiq etmiş, ilkin əlyazmalarını araşdıraraq mətn, lüğət və şərhlərlə çap etdirmişdir. «Şəhriyar», «Dastani-Əhməd Hərami» dastanlarını, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Əmani, Məsihi, Məhcur Şirvani, Məhəmməd Füzulinin «Hədiqətüs-süəda» əsərlərinin elmi-tənqidi mətnini hazırlayaraq nəşr etdirmişdir. İlk dəfə Məsihinin «Divan»ını aşkarlayaraq geniş ön söz, lüğət və şərhlərlə elmi ictimaiyyətə təqdim etmişdir. Son illərdə «Divan ədəbiyyatı sözlüyü» kitabı və «Kitabi Dədə Qorqud» abidəsi üzərində tədqiqatlar aparırdı.
1994-1998-ci illərdə İran İslam Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir.
1998-2002-ci illərdə BDU-da, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir.
2015-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən «İlin alimi» fəxri adına layiq görülmüşdür.
AMEA-nın müxbir üzvü Ə.Səfərli hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Azərbaycan elmində əvəzsiz xidmətləri olan AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..
Müşfiq BORÇALI,
ZiM.Az
Foto-şəkillər AMEA-nın müxbir üzvü Əliyar Səfərli 1987-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyatı kafedrasında elmi-pedaqoji ezamiyyətdə olarkən çəkilmişdir.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.