Akademik ilk olaraq AMEA-nın 70 illik yubiley tədbirinin yüksək səviyyədə keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirakının və geniş nitqlə çıxış etməsinin Akademiya üçün vacibliyindən danışıb. Bildirib ki, ölkə başçısı proqram xarakterli nitqində Azərbaycan elmi qarşısında bir neçə mühüm məsələlərə qaldırıb. Vurğulayıb ki, dövlət başçısı çıxışında elmimizin, o cümlədən, Akademiyanın ölkənin sosail-iqtisadi inkişafında daha yaxından iştirak etməsi, Azərbaycanın bundan sonrakı inkişafının, müasirləşməsinin elmi əsaslar üzərində aparılması, elmin milli mənafelərin keşiyində dayanması kimi əhəmiyyətli tələblər irəli sürüb.
İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin humanitar və ictimai elm qarşısında qoyduğu ən mühüm məsələlərdən biri də müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsər yaratmaqdır. Bu təklifin həm də diqqətimizi müstəqillik dövrünün problemlərinə, onların öyrənilməsinə yönəldən əhəmiyyətli bir çağırış olduğunu vurğulayıb.
Akademik bildirib ki, müstəqillik uğrunda mübarizənin dərin tarixi kökləri nəzərə alınmaqla AMEA-nın institutlarında müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, müstəqillik dövrü Azərbaycan tarixi, müstəqillik dövrü Azərbaycan iqtisadiyyatı, müstəqillik dövrü Azərbaycan mədəniyyəti şöbələri kimi yeni strukturlar yaradılmalıdır. Bu işə artıq başlanıldığını xatırladan alim Ədəbiyyat İnstitutunda Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin, Tarix İnstitutunda isə Müasir Azərbaycan tarixi şöbəsində Müstəqillik dövrü Azərbaycan tarixi sektorunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Həmçinin, müstəqillik dövrü problemlərinə aid mövzuların bundan sonrakı magistr və doktorluq işlərində, elmlər doktorluğu üzrə dissertasiyalarda ayrı-ayrı aspektlərdən yanaşılmalıdır.
Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirindəki nitqində səsləndirdiyi " müstəqilliyimizin 25 illiyi haqqında ayrıca bir elmi əsər yazmağın vaxtı gəlib çatıb" fikri diqqətimizi bu istiqamətə yönəltməyimizi ciddi şəkildə tələb edir.
Akademik bildirib ki, Azərbaycanın müstəqillik dövrünə aid əsər çoxaspektli olmalı, cəmiyyətimizin bütün istiqamətlərdəki inkişaf problemlərini əhatə etməlidir, tarix, iqtisadiyyat, elm, mədəniyyət, sosial həyatın digər sahələri bu elmi əsərin bir hissəsinə çevrilməlidir. Qeyd edib ki, müstəqillik dövründə demoqrafik inkişaf məsələsi də ayrıca bir fəslin mövzusu olmalıldır.
İsa Həbibbəyli vurğulayıb ki, əsərdə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə tarixi də əks oluncaq. İlkin layihənin AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim edildiyini deyən akademik işçi qrup təşkil edilməsi ilə bağlı tapşırıq verildiyini əlavə edib. Vurğulayıb ki, əsər Azərbaycan üçün əhəmiyyətli olmaqla yanaşı, xarici dillərə tərcümə edilməklə müasir müstəqillik dövrü Azərbaycan tarixinin gerçəkliyini dünyaya çatdırmalıdır.
İsa Həbibbəyli çıxışının sonunda ölkə başçısı İlham Əliyevi və AMEA-nın prezidenti, akademik Akif Əlizadəni əmin edib ki, Humanitar və İctimai elmlər sahəsinin nümayəndələri qarşıya qoyulan vəzifələri məsuliyyətlə yerinə yetirəcəklər.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.