Ramiz Məmmədov ilk olaraq Coğrafiya İnstitutunun alimlərinin əməyini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Alim rəhbəri olduğu müəssisənin əməkdaşlarından bir nəfərin "Əməkdar elm xadimi" və bir nəfərin "Əməkdar mədəniyyət işçisi" adına, 3 nəfərin isə "Tərəqqi" medalına layiq görüldüyünü əlavə edib. Vurğulayıb ki, bu diqqət əməkdaşların gələcək fəaliyyəti üçün stimuldur.
Akademik qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində çıxışı zamanı toxunduğu məsələlərdən biri də əhalinin sayının artması, demoqrafik inkişaf problemləridir. 1990-cı ildə Azərbaycanda əhali artımının hər min nəfərə 19-20 nəfər olduğunu deyən alim 90-cı illərin ortalarında bu rəqəmin 7-8 nəfərə düşdüyünü vurğulayıb. Prezident İlham Əliyevin 2004-cü ildə qəbul etdiyi "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"ndan həmçinin, sosial vəziyyətin yaxşılaşması, stabil siyasətin bərqərarından sonra hər min nəfərə düşən təbii artımın 13-14 nəfərə yüksəldiyini deyib. Ramiz Məəmədov bu gün ölkədə illik orta əhali artımın 1,2 faiz təşkil etdiyini, bu göstəricinin qonşu Gürcüstan və Ermənistandan dəfələrlə çox olduğunu diqqətə çatdırıb.
Alim insan coğrafiyasının Qərb coğrafiyasında əsas istiqamət olduğunu və ən çox tədqiqat aparılan sahələr sırasında yer aldığını deyib. Bu məsələnin ölkə başçısı tərəfindən coğrafiyaçılar üçün bir çağırış olduğunu vurğulayan akademik artıq müvafiq istiqamətdə hədəfin müəyyənləşdirildiyini əlavə edib.
Ramiz Məmmədov institutda İnsan coğrafiyası bölməsi yaradılmasının nəzərdə tutulduğunu söyləyib. Bildirib ki, bölmənin tərkibində Demoqrafik inkişaf və əhali məskunlaşması coğrafiyası, Sosial-iqtisadi və siyasi coğrafiya və Turizmin inkişafının elmi əsasları coğrafiyası adlı laboratoriyalar fəaliyyət göstərəcək. Alim vurğulayıb ki, turizmin inkişafı Prezident İlham Əliyevin çıxışlarında toxunduğu mühüm məsələlərdən biridir. Qeyd edib ki, ölkədə turizmlə məşğul olanların sayı çoxluq təşkil edir, bununla belə, Elmlər Akademiyası olaraq bu sahənin elmi problemlərini araşdırmaq və tədqiq etmək qarşıya məqsəd qoyulub.
Akademik yaradılacaq şöbənin bir neçə mühüm istiqamətlər üzrə fəaliyyət göstərəcəyini bildirib. Əhalinin əraziboyunca və yüksəklik üzrə məskunlaşmasından danışan alim vurğulayıb ki, ölkədə ərazilər üzrə sıxlıq müxtəlifdir. Abşeron yarımadasında yüklənmə vəziyyəti mövcuddursa, yüksəkliklərdə yavaş-yavaş boşalma prosesi gedir. Bununla belə, müşahidələr göstərir ki, bəzi dağ kəndlərində əhalinin sayı çoxalır. Müxtəlif təbii-coğrafi vilayətlərdə istiqsadi və inzibati rayonlarda əhalinin məskunlaşması, inkişafının təbii və antropogen amilləri, demoqrafik inkişafın və məskunlaşmanın infrastruk məsələlərinin - avtomobil və dəmir yolları, məktəblər, xəstəaxanalar, poçt, içməli su və kənd təsərrüfatının su ilə təchizatı, elektrik enerjisi təchizatının, əhali məskunlaşmasının hündürlük, relyef, torpaq bitgi örtüyü və iqlim şəraitlərinin, demoqrafik inkişaf ilə əlaqədar yeni iş yerlərinin yaradılmasının təbii və iqtisadi amillərinin coğrafiyasının əhalinin məskunlaşmasına və inkişafına təsirinin şöbədə tədqiq olunacaq istiqamətlərdən olduğunu vurğulayıb. Abşeron demoqrafik potensialın böhranı problemindən danışan alim bu məsələnin də həlli ilə məşğul olmağın vacibliyini irəli sürüb. İnzibati rayon mərkəzləri olan kiçik və orta şəhərlərin inkişafının həyata keçirilməsi problemlərin həllinin Abşeron yarımadasına axınların qarşısının alınmasına və orada iş yerlərinin açılmasına kömək edə biləcyini söyləyib.
Hazırda əmək qabiliyyətli yaşda əhalinin xüsusi çəkisinin 71,8 faiz olduğunu deyən Ramiz Məmmədov bu mənada əhalinin yaş tərkibində çox ciddi uyğunsuzluq yarandığını bildirib. Vurğulayıb ki, yaxın 10-15 ildə təqaüd yaşlı əhalinin sayı və onların ümumi əhali arasında payı bir neçə dəfə yüksələcək. Bu isə əhali sayının artımı və işçi qüvvəsi ilə təminat üçün ciddi problem ola bilər.
Sonda akademik şəhərlərin planlaşdırılması sahəsində işlərin aparılması, onların müəyyən edilmiş plan əsasında inkişafının təşkilindən, Abşeron yarımadasına əsas kütlənin demoqrafik vəziyyətinin, böhranın qarşısının alınması yollarından danışıb. Bildirib ki, yerlərdə yeni şəhərlərin salınması, mövcud rayon mərkəzlərinin şəhər kimi inkişaf etdirilməsinə ehtiyac var.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.