Alim bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev ölkəmizin tarixi keçmişinin hərtərəfli və dərindən araşdırılmasını təhriflərdən və saxtalaşdırmalardan təmizlənməsini daim diqqət mərkəzində saxlayır və tarix elminin inkişafına xüsusi qayğı göstərir. Prezidentin 2011-ci il aprelin 26-da AMEA-nın illik yığıncağında və 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illiyinə həsr olunmuş təntənəli yığıncaqda yenidən Tarix İnstitutunun fəaliyyətinə yüksək qiymət verdiyini deyən Yaqub Mahmudov onun tarixçilər qarşısında duran vəzifələri konkret şəkildə müəyyənləşdirdiyini vurğulayıb.
Son 10 ildə AMEA Tarix İnstitutunda aparılan tədqiqat işlərinin birbaşa ölkə başçısının təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirildiyini xatırladan alim məhz ölkə başçısının birbaşa tapşırığı ilə “itirilmiş torpaqlarımızın” tarixinin daha dərindən araşdırılmasına başlanıldığını, Qarabağın, Naxçıvanın, İrəvan xanlığının mükəmməl tarixinin yazıldığını, ölkəmizin hər bir bölgəsində erməni quldurlarının törətdiyi soyqırımlarına ayrı-ayrı elmi əsərlər həsr olunduğunu, tarixdə 26 Bakı Komissarları adlandırılan cinayətkar daşnak-bolşevik guruhunun soyqırım vəhşilikləri daha dərindən araşdırıldığını və nəşr olunduğunu diqqətə çatdırıb. Dünyanın müxtəlif ölkələrindən və tədqiqat mərkəzlərindən, o cümlədən Moskva, Sankt-Peterburq, London, Paris, Berlin, Ankara, İstanbul, Dehli və başqa şəhərlərin arxiv və kitabxanalarından instituta çoxsaylı sənədlər gətirildiyini və bunların xeyli hissəsinin sənəd topluları halında nəşr olunduğunu bildirib.
Yaqub Mahmudov qeyd edib ki, institut Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycanın tarixi İrəvan xanlığı ərazisinə, habelə Qarabağa və digər torpaqlarımıza ermənilərin xüsusi plan əsasında XIX əsrdə köçürülüb gətirilməsi faktını ilk mənbələr əsasında araşdırıb, bu istiqamətdə çoxsaylı əsərlər nəşr etdirib.
Bildirib ki, Azərbaycan tarixi həqiqətlərini beynəlxalq elmi konfrans və simpoziumlarda dünya ictimaiyyətinə çatdırmaq məqsədilə mühüm layihələr həyata keçirib. Qubada I və II Beynəlxalq soyqırımı elmi konfransları, Gəncədə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı, ortaq türk tarixinin yazılmasına həsr olunmuş beynəlxalq konqres və digər çoxsaylı konfrans və simpoziumları bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdəndir.
Yaqub Mahmudov qeyd edib ki, Tarix İnstitutunun nəşr etdirdiyi əsərlər dünya dillərinə tərcümə olunaraq Moskva, London, Nyu-York, Vaşinqton, İslamabad, Kiyev, Los-Anceles və başqa şəhərlərdə nəşr edilib. Qarabağın və İrəvan xanlığının tarixi dünyanın bir çox dillərinə tərcümə olunub və ölkə başçısının göstərişinə əsasən Xarici İşlər Nazirliyi vasitəsi ilə yayılıb. Həmçinin, yaxın vaxtlarda “İrəvan xanlığı” əsərinin Meksikada Latın Amerikası ölkələri üçün, Qahirədə isə ərəb ölkələri üçün nəşr olunması başa çatdırılacaq.
Tarix İnstitutun elmi tədqiqat fəaliyyətinə görə Avropanın ən yaxşı elmi tədqiqat müəssisəsi diplomuna layiq görüldüyünü bildirən Yaqub Mahmudov İnstitutun bir aliminin dünya elminin inkişafına verdiyi töhfələrə görə XXI əsrin ən görkəmli alimləri siyahısına daxil edildiyini, eyni zamanda Ölkə başçısının fərmanı ilə institutun 13 aliminin Dövlət mükafatına layiq görüldüyünü vurğulayıb.
Yaqub Mahmudov institutun ölkə başçısının təşəbbüs, tövsiyyə və tapşırıqlarını rəhbər tutaraq qarşıdakı illərdə Azərbaycan tarixinin bir sıra problemləri ilə, xüsusilə İrəvan, Zəngəzur tarixi, Qarabağ tarixi, xalqımıza qarşı soyqırımları problemləri ilə bağlı tədqiqat işlərini daha da genişləndirəcəyini, Azərbaycan tarixi həqiqətlərinin dünya miqyasında təbliğində, əsərlərimizin dünya dillərinə tərcümə olunmasında konkret plan əsasında fəaliyyət göstərəcəyini, Azərbaycan tarixinin yeni üçcildlik nəşrinin yazılması işinin başa çatdırılacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Akademiyanın 70 illiyik yubiley tədbirindəki nitqində tarix elmindən ayrıca danışdığını və tarixçilər qarşısında uzun müddət üçün konkret vəzifələr müəyyən etdiyini bir daha xatırladan alim bunların hər birinin institutun elmi tədqiqat planına daxil edilərək dərindən araşdırılacağını qeyd edib. Həmçinin, yubiley tədbirində tarix elminin inkişafından bəhs edərkən Prezident Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə müstəqillik dövrü tarixinin yazılmasını tarixçilər qarşısında mühüm vəzifə qoyduğunu bildirib. Bununla əlaqəda Tarix İnstitutunda xüsusi Elmi Şura keçirildiyini, müəllif heyəti müəyyənləşdirildiyini və müstəqillik dövrü tarixinin yeni mərhələsinin mükəmməl elmi tədqiqat əsəri kimi, müstəqilliyimizin 25 illiyinin qeyd olunması münasibətilə oxuculara təqdim olunması barədə qərar qəbul olunduğunu deyib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.