Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi... Görkəmli türkoloq və dilçi-alim Mədəd Çobanov 40 günə yaxındır ki, haqq dünyasına qovuşub. Onu tanıyanlar – qohumları, dostları, elm ictimaiyyəti bu itkini ağrı ilə qarşılayıblar.

İyulun 12-də məzarüstü abidəsinin qarşısında mərhum kədərlə anılacaq, amma bir müddət sonra Mədəd müəllim­dən söz düşəndə hər kəsin xoş duyğular­la, iftixarla danışacağına, ona sidq ürəklə Allahdan rəhmət diləyəcəyinə əminik. Çünki o, Azərbaycan elminin tanınmış simalarından biri, istedadlı ədəbiyyatnə­vis, məşhur qorqudşünas, onomastika və toponomika sahələrində dəyərli sözünü demiş zəhmətkeş tədqiqatçı, təcrübəli pedaqoq, vətənpərvər insan kimi ad qo­yub gedib...


1937-ci ilin aprelində qədim Borçalı mahalında, Bolnisi rayonunun Darbaz kəndində dünyaya gəlmiş Mədəd Na­maz oğlu orta təhsilini doğma yurdunda alıb, Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qi­yabi təhsil alıb.

Azərbaycan dilinə, ədəbiyyatına, mə­dəniyyətinə olan sonsuz sevgisi Mədəd müəllimin elmi mövzusunda da öz əksi­ni tapıb. Namizədlik dissertasiyası “Bor­çalı–Bolnisi rayon şivələrinin leksikası” mövzusunda idi. O, yaxşı bilirdi ki, bo­ya-başa çatdığı torpaq Azərbaycanımı­zın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələri, onomastikası, toponimləri, antroponimləri (şəxs adları) və s. onun elmi tədqiqatının ana xəttini təşkil edib. 36 yaşında namizədlik disser­tasiyasını uğurla müdafiə edərək, həmin ildən vaxtilə ali təhsil aldığı Tbilisi Dövlət Pedaqoji İnstitutunda 25 ilə qədər çalışıb, orada müəllim, dosent, professor, kafed­ra müdiri olub.

1994-cü ildə Gürcüstanda baş verən ictimai-siyasi hadisələr üzündən Bakıya köçəndə o, artıq doktorluq dissertasiya­sını uğurla müdafiə etmiş və professor olmuşdu. Görkəmli alim qalan ömrünü Azərbaycan paytaxtında elmi-pedaqoji sahədə davam etdirib. Bir sıra özəl və dövlət ali məktəblərində çalışıb. 2000-ci ildə Türk Dil Qurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siyası Ekspert Şurasının üzvü, Respub­lika “Təhsil” Mərkəzinin baş direktoru və digər vəzifələrin öhdəsindən layiqincə gəlib. Yüzlərlə müəllimin, minlərlə gənc kadrın yetişməsində danılmaz zəhməti olan Mədəd Çobanov 80-dən çox kitabın, o cümlədən 15 monoqrafiyanın, 10-dan artıq dərslik və dərs vəsaitinin, 60 elmi əsərin müəllifi idi.

Görkəmli professorun geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabların­dan biri Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıq dastanı”dır. Həmin monoqrafiyanın 2-ci hissəsi "Borçalıda Dədə Qorqud izləri" adlanır. Qismətə baxın ki, görkəmli alim artıq 40 günə yaxındır, Bakıdakı "Dədə Qorqud" qəbristanlığında uyuyur və ruhu Qorqud babasının ruhuna qovuşub.

Mədəd Çobanovun “Görkəmli strate­giyaçı” kitabı isə 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevə həsr olunub. Onun müxtəlif mövzulu ki­tabları, dərslik və dərs vəsaitləri Azər­baycanla bərabər, qardaş Türkiyə, qonşu Rusiya və Gürcüstan, habelə Orta Asi­ya ölkələrində çap edilib, tanınmış elm mütəxəssisləri tərəfindən yüksək qiymət­ləndirilib.

İşıqlı şəxsiyyət olan Mədəd Çobano­vun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tbilisidə, Marneulidə və doğma Darvaz kəndində təntənə ili qeyd olunub, haqqın­da filmlər çəkilib, tele-radio verilişləri ha­zırlanıb, elmi konfranslar, sessiya və se­minarlar keçirilib, kitablar yazılıb.

Şərəfli əməyinə görə layiq görüldüyü Prezident təqaüdü, orden və medallar, qazandığı ad-san onun şöhrət əmanət­ləridir. Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, Əməkdar tibb işçisi Rima xanımla birlikdə 5 layiqli övlad – 5 ziyalı böyüdüb boya-başa çatdırıb. O, həm də bəxtəvər baba sayılırdı: 9 nəvəsi və 15 nəticəsi var.

Tanınmış şair Səadət Buta bir şeirin­də ustad alim Mədəd Çobanovu Mehralı bəy yurdunda, Darvaz elində nurdan ya­ranmış varlıq adlandırıb:

Səpdin, dən-dən oldu bitirdiklərin,
Alim, aqil oldu yetirdiklərin...
Damladan göl oldu götürdüklərin
Elmə arxalandın, Mədəd müəllim!


Haqqında keçmiş zamanda danış­maq çətin olsa da, deməyə məcburuq: eldən və elmdən gedən ziyalımız idi Mə­dəd müəllim. O, cismən aramızda deyil, amma mənən həmişə bizimlə olacaq, xa­tirəsi hər zaman əziz tutulacaq.

Allah rəhmət eləsin!

Nurdan yaranmışdı – nur oldu, getdi...

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”,
09 iyul, 2023-cü il


https://xalqqazeti.az/az/sosial-heyat/132324-nurdan-yaranmisdi-nur-oldu-getdi


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: