Tədbiri giriş sözü ilə AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Professor Məmməd Əliyev açaraq, bütün əməkdaşları yeni – 2016-cı il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik etdi. Sonra sözü professor Məhərrəm Qasımlıya verdi.
M.Qasımlı, AMEA Ədəbiyyat İnstitutunun il ərzində gördüyü işlər barədə məlumat verdi. Qeyd olundu ki, əvvəlki illərlə müqayisədə 2015-ci ildə 814 elmi məqalə çap edilib, müxtəlif elmi-tədqiqat işləri, beynəlxalq elmi konfranslar keçirilib ki, bu da ədəbiyyat sahəsində böyük nailiyyət hesab olunur. Ədəbiyyat İnstitutu Həmkarlar təşkilatının sədri Asif Rüstəmli öz çıxışında QHT-lərin bu cür fəallığını alimlərə verilən yüksək qiymət kimi dəyərləndirdi.
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova tədbirdə çıxış edərək, alimlərimizə rəğbət və hörmət hissini bildirdi. Qeyd etdi ki, Ədəbiyyat İnstitutu ilə əməkdaşlıqdan qürur duyur. O, rəhbərlik etdiyi Birliyin son bir il ərzində həyata keçirdiyi uğurlu layihələrdən danışdı. Dedi ki, 2015-ci il mayın 6-da Bakıdakı “Alov qüllələri” Kompleksində Dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım mərasimi keçirilib. Azərbaycanın Macarıstandakı Səfirliyinin dəstəyilə bu ölkənin paytaxtında “Yeni Yurd” un maliyyə dəstəyilə çəkilən “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” filminin təqdimatı olub. Dəfələrlə döyüş bölgələrində, internat məktəblərdə tədbirlər keçirilib. “Yeni Yurd” ictimai birliyinin maliyyə dəstəyilə hazırlanan “Xoş gəldin, Ramazan!” adlı klipin təqdimatı məhz Ramazan ayında “Niaqara” restoranında təşkil olundu.
Daha sonra EA Ədəbiyyat İnstitutunun alimləri - filologiya elmləri doktoru Gülər xanım Abdullabəyova, filologiya elmləri doktoru Mahirə xanım Quliyeva, filologiya üzrə elmlər doktoru Almaz xanım Ülvi və filologiya üzrə fəlsəfə doktoru Zakirə xanım Əliyevaya “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin təsis etdiyi “Xurşudbanu Natəvan” mükafatı təqdim edildi.
Tədbirin sonunda Milli Elmlər Akademiyasının fəaliyyətindən bəhs edən sənədli film nümayiş edildi.
Şamil Sabiroğlu,
Səadət Abbasova.
“Ana harayı” qəzetinin müxbirləri
Fotolar "Kanal 24" İnternet Televiziyasının rəhbəri Tural Əhmədova məxsusdur
Bakı, 30.XII.2015.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.