Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası ÖLKƏMİZDƏ ƏRƏBŞÜNASLIĞIN İNKİŞAFINDA GÖRKƏMLİ ALİMİN ÖZÜNƏMƏXSUS ROLU VAR

Ərəb ədəbiyyatının öyrənilməsi, tərcümə və tədqiqi Azərbaycan şərqşünaslığının mühüm sahələrindən biridir.

Azərbaycan ədəbi-bədii irsinin Şərq ədəbiyyatı ailəsinə mənsub olaraq ümumi və yaxın ənənələri ehtiva etməsi klassik irsimizin bir sıra qaynaqlarını, məhz, ümumşərq mədəniyyəti kontekstində öyrənməyə əsas vermişdir. Sözügedən cəhətin Azərbaycan ərəbşünaslığının inkişafında başlıca istiqamətlərdən olduğunu qeyd etməklə, bu elm sahəsinin ölkəmizin inkişafında bütün nəsillərin nümayəndələrinin iştirak etdiyini söyləmək lazımdır.

Ötən əsrin 70-ci illərindən sonra ərəb ədəbiyyatının müxtəlif sahələrinin, ayrı-ayrı ərəb ölkələrində ədəbi-bədii yaradıcılığın araşdırılması, Azərbaycan-ərəb ədəbi əlaqələrinin genişlənməsi sferasında xüsusi canlanma başlanmışdır. V.Məmmədəliyev, M.Mahmudov, A.İmanquliyeva, G.Baxşəliyeva, E.Əlizadə, M.Qəmbərli, V.Cəfərov, A.Qasımova, M.Quliyeva, K.Şərifli kimi görkəmli ərəb ədəbiyyatı mütəxəssislərinin fəaliyyəti şərqşünaslığımızın inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu gün çox böyük məmnunluq hissi ilə söyləmək olar ki, belə ərəbşünas alimlərdən biri də ömrünün böyük bir qismini elmə və elmi kadrların hazırlanmasına həsr etmiş, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. İmamverdi müəllimin fəaliyyət dairəsi çoxşaxəli olmaqla elmi problematikası da ərəb ədəbiyyatının çeşidli məsələlərini əhatə edir. Hələ 1999-cu ildə AMEA-nın müxbir üzvi Yaşar Qarayev yazırdı: "İmamverdi müəllimin apardığı elmi tədqiqatları Azərbaycan-ərəb ədəbi əlaqələrinin çoxsahəli yönlərini əhatə edir, yeni maraqlı nəticələri ilə son iki on ilin araşdırmaları sırasında nəzəri-tarixi və mətnşünaslıq dəyərləri ilə seçilir".

Keçən əsrdə ərəbşünaslığın inkişaf xüsusiyyətlərinə diqqət yetirsək, ərəb ədəbiyyatının öyrənilməsi istiqamətində və bütövlükdə, Azərbaycan-ərəb ədəbi əlaqələri müstəvisində tərcümələr, tədqiqlər və ədəbi mövzuların işlənməsini ayrı-ayrı sahələr kimi müşahidə edə bilərik. İlk on ilini yola saldığımız XXI əsr də eyni tendensiyanı davam etdirir. Tədqiqatların daha çox düzxətli inkişafı, ədəbi mövzuların işlənmə tempinin zəiflədiyi və tərcümələrin sırf orijinaldan çıxış etdiyini göstərməklə ümumi inkişaf dinamikasının uğurlarını təsəvvür etmək mümkündür. Bu sahədə isə İ.Həmidovun böyük rolu, əzmkar fəaliyyəti danılmaz həqiqətdir. Vaxtilə görkəmli şərqşünas Ziya Bünyadov hörmətli professoru "İmamverdi Həmidov ərəb mənbələrinə yaxşı bələd olan, nadir qaynaqlarla bağlı tədqiqat aparmağı bacaran alim" kimi qiymətləndirmişdir.

Ərəbşünas alimi fərqləndirən ən başlıca cəhətlərdən biri elmi araşdırmaları çərçivəsində bir neçə istiqaməti ehtiva etməsidir. Ümumiyyətlə, son əlli ildə ərəbşünaslarımızın əsərlərinə diqqət yetirsək, ərəb ədəbiyyatının öyrənilməsi ilə bağlı belə bir təsnifatı müşahidə edə bilərik; qədim və orta əsrlərə aid mənbələrin tədqiqi (ərəbdilli Azərbaycan ədəbiyyatının öyrənilməsi də bu kontekstdə müşahidə olunur); islam mədəniyyətinin ədəbiyyatla bağlı məsələlərinin araşdırılması; yeni və ən yeni dövr ərəb ədəbiyyatının tədqiqi məsələləri; Azərbaycan-ərəb ədəbi əlaqələrinin izlənilməsi; Şərq poetikası sferasında ərəb ədəbi-nəzəri sisteminin təhlili; Azərbaycan şərqşünaslığı çərçivəsində milli ərəbşünaslıq tarixinin öyrənilməsi. Təqdim olunan bu təsnifatda İmamverdi müəllimin əsərləri yalnız bir bölmə ilə məhdudlaşmır. Belə ki, şərqşünas alimin beş kitab və yüzdən artıq elmi məqaləsi həm qədim və orta əsrlərə aid ərəb və ərəbdilli mənbələri, həm azərbaycanlı məvali şairlərin, həm də Azərbaycan-ərəb ədəbi əlaqələrinin, xüsusilə də çox mühüm və az tədqiq olunan sahə kimi ərəb ədəbiyyatşünaslığında ədəbiyyatımızın öyrənilməsi məsələlərini əhatə edir. Qeyd olunan cəhət də İmamverdi müəllimin Azərbaycan və ərəb ədəbiyyatına dərindən bələd olması, ərəb ölkələri ilə intensiv şəkildə həyata keçirdiyi mədəni əlaqələrin məhz elmi tədqiqatlara istiqamətləndirməsindən xəbər verir. Təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyev bildirir: "Hazırda Azərbaycan ərəbşünasları arasında İmamverdi Həmidov layiqli yer tutur. Onun tədqiqatları və beynəlxalq konfranslarda çıxışları həmişə maraqla qarşılanır".

Qədim dövr ərəb ədəbiyyatının və ərəbdilli mənbələrin tədqiqi sahəsində ərəbşünas alimin "İbn Quteybə Dinəvəri (həyatı, suubiyyə, "ədəb" və ədəbi tənqidə aid əsərləri)" (1998) və "Əbu Bəkr əl-Valibi və onun "Əxbarul-Məcnun va əş`aruhu" (1999) kitabları çox mühüm mənbələrdəndir.

"İbn Quteybə Dinəvari" monoqrafiyası IX əsr ərəbdilli ədəbiyyatın görkəmli nümayəndəsi İbn Quteybənin həyat və yaradıcılığına həsr olunmuşdur. Əsərdə İmamverdi müəllim tərəfindən problemlə bağlı elmi-nəzəri mülahizələr araşdırılmış, İbn Quteybə yaradıcılığının tədqiqi məsələləri zəngin mənbələr əsasında dəyərləndirilmişdir. Akademik Həmid Araslı İmamverdi müəllimin sözügedən sahədəki tədqiqatlarını yüksək qiymətləndirirdi: "İmamverdi Həmidovun İbn Quteybə haqqında tədqiqatları, ümumiyyətlə ərəbdilli ədəbiyyatın, o cümlədən, Azərbaycan ərəbdilli ədəbiyyatının öyrənilməsini xeyli asanlaşdırır, bir sıra qaranlıq məsələləri aydınlaşdırmağa imkan verir".

İbn Quteybə Dinəvarinin "Ədəb əl-katib", "Uyun əl-əxbar", "Əş-şir va-ş-şüara" əsərləri kitabda geniş şəkildə tədqiqata cəlb olunmuşdur. "İbn Quteybə gözəl forma və dərin mənası ilə seçilən şeirləri xüsusilə fərqləndirir" deyən şərqşünas IX əsr filoloqunun özündən əvvəlki və müasirləri olan filoloqlardan bir sıra keyfiyyətləri ilə seçildiyini ön plana çəkərək maraqlı nümunələr təqdim etmişdir. Ərəbşünas alimin fikrincə, İbn Quteybənin "Şeir və şairlər" toplusu müxtəlif məziyyətləri ilə yanaşı, azərbaycanlı məvali şairlər İsmayıl İbn Yəsər, Musa Şəhavət və Əbül Abbas əl-Əma haqqında ilk dəfə məlumat verməsi baxımından da qiymətli mənbədir. Gördüyümüz kimi, bir tədqiqat çərçivəsində İ.Həmidov milli təəssübkeşlik hissi ilə ədəbiyyatımızın bir sıra məsələlərinə də aydınlıq gətirməyə çalışır.

İ.Həmidovun qeyd olunan ikinci kitabı Leyli və Məcnun əfsanəsinin ilk mənbələrindən biri kimi tanınan Əbu Bəkr əl-Valibinin "Əxbarul-Məcnun va əş`aruhu" ("Məcnunun əhvalatları və şeirləri") əsərinin tədqiqi və tərcüməsini təqdim edir. Kitab eyni zamanda ərəb ədəbiyyatının öyrənilməsi və tərcümə olunması baxımından dəyərli nümunədir ki, bunun əhəmiyyətli cəhətlərini xüsusi vurğulamaq lazımdır. Tədqiqatçıya görə, "Məcnun ləqəbli Qeys İbn Müləvvəhin şeirlərini və onunla bağlı əhvalatları toplamaq sahəsində əl-Valibinin əsəri ilkin sayılmalıdır". Əsərin araşdırılması və Azərbaycan dilinə tərcümə olunmasının ən mühüm əhəmiyyəti, ilk növbədə, sözügedən cəhətlə bağlıdır ki, bu da İmamverdi müəllimin problemə yanaşma meyarlarından irəli gəlir.

Ərəbşünas alim, Əbu Bəkr əl-Valibinin əsərində verilmiş bədii nümunələrin həqiqətən Məcnun adı ilə tanınmış Qeys ibn əl-Müləvvəhə aidliyini bir sıra faktoloji arqumentlərlə əsaslandırmış, müqəddimə çərçivəsində elmi-nəzəri aspektdən mühüm qənaətləri təqdim etmişdir.

Qeyd etdik ki, İmamverdi müəllimin fəaliyyət sahəsi genişdir. Bu baxımdan, ədəbi əlaqələrin öyrənilməsi dairəsində ərəbşünas alimin son dövrlərin ən uğurlu tədqiqat əsərlərindən olan "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" (2007) monoqrafiyası qiymətli mənbə kimi seçilir. Əsərdə XX əsr ərəb ədəbiyyatşünasları tərəfindən dahi Azərbaycan ədibləri Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığının öyrənilməsi məsələləri araşdırılır. "Ərəb ölkələrində Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsinə marağın yaranmasında əsrin 40-cı illərində N.Gəncəvinin 800 illiyi və şairin vəfatının 750 illiyi (1953-cü ildə), sonralar Füzulinin 400 illik yubileylərinin keçirilməsinin təsiri olmuşdur" deyən ərəbşünas alim ayrı-ayrılıqda hər üç dahi ədibin ərəb ədəbiyyatşünaslığındakı tədqiqi xüsusiyyətlərini araşdırmışdır. Tədqiqatda ərəb alimlərindən Məhəmməd Quneymi Hilal, Hüseyn Mucib əl-Misri, Əbdunueym Məhəmməd Həsəneyn, Bədi Məhəmməd Cumə Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçıları kimi dəyərləndirilmişdir. Bu tipli tədqiqatların ərəbşünaslıq tariximizdə daha az müşahidə olunduğunu nəzərə alsaq, monoqrafiyanın mühüm əhəmiyyətini bir daha təsdiq etmiş olarıq. Akademik İsa Həbibbəyli əsərə çox yüksək qiymət vermişdir: "Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında" tədqiqatı İmamverdi Həmidovun simasında geniş dünyagörüşə, yüksək elmi-nəzəri hazırlığa və aydın elmi mövqeyə malik olan mükəmməl bir ərəbşünas, yaxud kamil şərqşünas alimin yetişib formalaşdığını təsdiq edir".

İ.Həmidovun ədəbiyyatımızın əlaqələri sahəsində daha öncə nəşr etdirdiyi "Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr" (2002) kitabı da ayrı-ayrı aktual mövzulu məqalələrin məcmusundan ibarətdir. Tədqiqatçı alimin "Ərəb-islam xəlifəliyində şüubilik", "Yətimətud-dəhr…" təzkirəsində "Azərbaycan şairlərinin poetik irsi", "Füzuli yaradıcılığı Misir aliminin tədqiqatlarında", "Azərbaycan ədəbiyyatı İraqda", "Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi məsələlərinə dair" məqalələri Azərbaycan-ərəb ədəbi əlaqələrinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Sözsüz ki, bu gün də İmamverdi Həmidovun istər ərəb ölkələri ilə ədəbi-mədəni əlaqələrin inkişafi və yeni sahələrinin formalaşmasında, istərsə də ərəb mənbələrinin öyrənilməsi və tərcüməsindəki geniş fəaliyyəti davam edir. Ən başlıca tərəflərdən biri kimi, şərqşünas alimin bütün elmi işlərinin uğurlu nəticələri gənc tədqiqatçıların qaynaqlandıqları və bir çox məsələləri öyrəndikləri mənbələrdir. Ömrünün 75 yaşını yaşayan İmamverdi müəllimə həm ərəbşünaslığımızın inkişafı, həm də sonrakı nəsil tədqiqatçılara örnək olması naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Vilayət CƏFƏROV
Filologiya üzrə elmlər doktoru, professor
Bəsirə ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: