Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Sitarə Mirmahmudovanın Azərbaycan və rus dillərində yeni nəşr edilmiş “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təqdim olunan kitabın elmi və tarixi əhəmiyyətindən danışdı.
Bildirdi ki, yeni nəşr 1986-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun dissertantı Sitarə Mirmahmudovanın “Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin tədqiqi” mövzusunda müdafiə etdiyi dissertasiya işidir.
Təəssüf ki, 1981-1986-cı illərdə tədqiq olunmuş elmi iş keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən
təsdiq olunmayıb.
Sitarə Mirmahmudovanın “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” monoqrafiyası təkcə dilçilik və coğrafiya elmləri sahəsinin deyil, bütünlükdə müstəqillik dövrü Azərbaycan humanitar və ictimai elmlərinin mühüm nailiyyətlərindən biri kimi dəyərləndirən akademik İsa Həbibbəyli adıçəkilən əsərin milli düşüncəmizin azərbaycançılıq istiqamətində mühüm yer tutacağını
diqqətə çatdırdı.
Yeni kitabı siyasi-ideoloji cəhətdən bu gün daha aktual olan dəyərli və əhəmiyyətli bir mənbə kimi səciyyələndirən akademik İsa Həbibbəyli qeyd etdi ki, nəşrdə cəmləşdirilmiş çoxsaylı tarixi faktlar, indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan-türk mənşəli oykonimlərin ermənişdirilməsinə dair rəsmi sənədlər, nadir tarixi faktlar, demək olar ki, ilk dəfə olaraq tədqiqata cəlb olunan digər arxiv materialları, o cümlədən erməni və Azərbaycandan kənar digər mənbələrdən istifadə olunması əsərin elmi dəyərini daha da artırır.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Həsən Zeynalovun təşəbbüsü və təqdim etdiyi materiallar əsasında
Dövlət Mükafatı laureatı, tarix elmləri doktoru Kərim Şükürovun ön sözü və tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun redaktorluğu ilə Azərbaycan və rus dillərində işıq üzü görmüş kitabın dünyanın bir sıra digər dillərinə də tərcümə edilərək yayılmasının vacibliyini diqqətə çatdırdı.
Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Sitarə Mirmahmudovanın “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” kitabı və Azərbaycan onomastikasının inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış etdi və müəlliflə bağlı xatirələrini söylədi.
Digər çıxış edənlər - Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli və başqaları aktuallıq kəsb edən kitabın elmi əhəmiyyətini xüsusi vurğulayaraq tədqiqat işini yüksək qiymətləndirdilər.
Çıxışlarda yeni nəşrin qədim Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və bu ərazidə erməni dövlətinin yaradılması proseslərinin bütün istiqamətlərinin tədqiqi ilə məşğul olan, o cümlədən təcavüzkar Ermənistan dövlətinin monoetnik ölkəyə çevrilməsinin səbəb və nəticələrini araşdıran, eləcə də Azərbaycan xalqının məruz qaldığı çoxistiqamətli erməni təcavüzü məsələsinə maraq göstərən tədqiqatçılar üçün əsaslı mənbə olacağı vurğulandı.
Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Həsən Zeynalov kitabın müasir dövrdə türk dünyası üçün əhəmiyyətini diqqət mərkəzinə çəkib.
Tədbirdə akademiyanın tarix, ədəbiyyat, coğrafiya, dilçilik elmləri üzrə elmi əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri
iştirak edirdilər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.