Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Nizami Məmməd oğlu Həsənli
Fizika‑riyaziyyat elmləri doktoru,
Orta Şərq Texniki Universitetinin professoru

Həsənli Nizami Məmməd oğlu - 1941-ci il sentyabrın 15-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonunda anadan olub.
1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə, sonradan SSRİ Elmlər Akademiyasının Leninqrad Fizika-Texnika İnstitutunun (indiki Rusiya Elmlər Akademiyasının A.F.İoffe adına Fizika-Texnika İnstitutu) aspiranturasına qəbul olub. 1972-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün “İndium antimonid əsasında sərt məhlulların rəqsi spektri və udma kənarı” mövzusunda dissertasiyasını, 1986-cı ildə “A3B6 tipli anizotrop yarımkeçirici kristalların rəqsi vəziyyətinin optik spektroskopiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, fizika‑riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb.

N.Həsənli əmək fəaliyyətinə 1964-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika fakültəsində elmi işçi kimi başlayıb. 1972-ci ildən 1991-ci ilədək həmin universitetin müəllimi, baş müəllimi, dosenti, fizika fakültəsinin professoru olub, 1989-1991-ci illərdə fizika fakültəsinin dekan müavini işləyib.
1992-ci ildə Orta Şərq Texniki Universitetinın (Ankara) fizika fakültəsinə dəvət olunub. O vaxtdan indiyədək həmin ali məktəbdə professor vəzifəsində çalışır.

Çoxsaylı konfranslarda (Böyük Britaniya, Almaniya, Rusiya, Yunanıstan, Macarıstan, Azərbaycan və başqa ölkələrdə) iştirak edib. Bir çox xarici universitetlərdə, o cümlədən Sərt Cismin Fizikası İnstitutu, Regensburq Universiteti (Almaniya, 1984), Vihuri Fizika Laboratoriyası, Turku Universiteti (Finlandiya, 1991) və başqalarında mühazirələr oxuyub.

Professor N.Həsənli 250-dən çox elmi işin müəllifidir.
Onun rəhbərliyi altında Bakıda 2 elmlər doktoru, 8 elmlər namizədi,
Türkiyədə 1992-2013-cü illərdə 24 Ph.D hazırlanıb.


Biz də dəyərli soydaşımız, çox hörmətli professor Nizami Həsənlini
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və
Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, şərəfli fəaliyyətində və
elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: