Akademik ƏLİ ƏLİYEV (1950)

Akademik ƏLİ ƏLİYEV (1950)
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Əli Veys oğlu Əliyev
M.T.Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin
istilik mühərrikləri və qurğuları kafedrasının müdiri,
Fizika‑riyaziyyat elmləri doktoru, professor

Əliyev Əli Veys oğlu - 1950-ci il martın 20-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun Daşlıqullar kəndində anadan olub.
1973-cü ildə Leninqrad Mexanika İnstitutunu, 1978-ci ildə Udmurtiya Dövlət Universitetini qiyabi bitirib. 1973-1977-ci illərdə İjevsk maşınqayırma zavodunda mühəndis-konstruktor işləyib. 1977-1979-cu illərdə İjevsk Mexanika İnstitutunun aspiranturasında oxuyub. Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edəndən sonra İjevsk Mexanika İnstitutunda (indiki İjevsk Dövlət Texniki Universiteti - İjDTU) mühərriklərin layihələndirilməsi kafedrasında işə başlayıb.
Ə.Əliyev 1987-ci ildən İjDTU-nun istilik mühərrikləri və qurğuları kafedrasının müdiri, 2011-ci ildən İjDTU-nun riyaziyyat və təbiət elmləri fakültəsinin dekanıdır.
1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1992-ci ildə Ə.Əliyevə professor elmi adı verilib. Onun namizədlik və doktorluq dissertasiyaları müasir uçuş aparatları üçün mühərrik istehsal edən sahə müəssisələri ilə silsilə işlər əsasında hazırlanıb.
Ə.Əliyev uçuş aparatları mühərriklərinin kameradaxili proseslər mexanikası sahəsində mütəxəssisdir. Bərk yanacaqlı raket mühərriklərinin (BYRM) riyazi modelləri və qeyri-stasionar iş rejimləri mexanikası onun elmi tədqiqatlarının əsas istiqamətləridir.
Ə.Əliyev BYRM-in daxili ballistikası məsələlərinin həlli texnologiyasını işləyib hazırlayıb. Bu texnologiya mürəkkəbliyinə və dəqiqliyinə görə bir-birindən fərqlənən müxtəlif riyazi modellərdən istifadə etməklə, sərbəst konstruktiv sxemli mühərrikin işini tədqiq etməyə imkan verir.
O, həmçinin tətbiqi daxili ballistika məsələlərinin həllində daha səmərəli olan orijinal hesablama alqoritmlərini də işləyib hazırlayıb. Məsələn, qaz dinamikası məsələlərinin həllində istifadə olunan iri hissəciklər metodu alqoritmlərinin Eyler mərhələsində modifikasiya olunan (Eyler mərhələsində qeyri-aşkar sonlu fərqlər sxemləri, metodun Eyler mərhələsinə Riman invariantlarının tətbiqi və s.) iri hissəciklər metodunun sonlu həcm versiyaları.

Ə.Əliyev tərəfindən müxtəlif təyinatlı istilik mühərriklərində proseslərin təhlili ilə bağlı bir sıra praktiki məsələlərin həllində sınaqdan çıxarılan yüksək sürətli qaz və maye axınında akustik fon yaratmağa imkan verən riyazi modellər və alqoritmlər yaradılıb. Müasir iri BYRM-in işinin başlanğıc mərhələsində qanunauyğunluqlarının analizi qəza ilə nəticələnə bilən faktorları müəyyən etməyə imkan yaradıb.
Ə.Əliyev iri mühərriklərin deformasiyaya uğrayan dar boşluqlarında yerləşən bərk yanacağın alovlanması və yayılması qanunauyğunluqlarının analizi üzrə silsilə
tədqiqatlar aparıb. Bu da rezonans hallarının mühərrikin kamerasında inkişafına və başqa ştatdankənar variantlarına təsir göstərən amilləri müəyyən etməyə imkan
verib. Tənzimlənən BYRM tərkibində istifadə olunan orijinal məsrəf tənzimləyiciləri konstruksiyaları seriyası üçün qeyri-standart şəraitdə məsrəf əmsallarının qiymətlərinin müəyyən edilməsi üzrə silsilə tədqiqatlar aparılıb. Qazvurma stansiyaları tərkibində tətbiq edilən rekuperativ qurğuları olan qaz-turbin kompressorları
qurğularının qeyri-normal iş rejimi tədqiq edilib. Onlarda qəza hallarını istisna edən konstruktiv həllər təklif edilib.
Ə.Əliyev 180-dən çox elmi işin, o cümlədən 3 monoqrafiyanın, ali məktəblər üçün 2 dərs vəsaitinin, 18 ixtiranın və patentin müəllifi və həmmüəllifidir. Rusiya Elmlər Akademiyasının akademiki A.M.Lipanov ilə birgə yazdığı “Bərk yanacaqlı raket mühərriklərinin layihələndirilməsi” dərsliyi uçuş aparatları ilə bağlı ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Ə.Əliyevin Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının (RRAEA) dəstəyi ilə 2007-ci ildə “Maşinostroyeniye” nəşriyyatında çapdan çıxan “BYRM-in daxili ballistikası” monoqrafiyası praktiki əhəmiyyət daşıyır.
Ə.Əliyev məhsuldar alimdir. O, doktorluq dissertasiyalarının müdafiəsi üzrə dörd ixtisaslaşdırılmış şuranın, REA-nın Kimyəvi Fizika İnstitutu, REA-nın Ural bölməsinin Tətbiqi Mexanika İnstitutu və Baltik Dövlət Texniki Universiteti tərəfindən təşkil edilən yanma və daxili ballistika məsələləri üzrə beynəlxalq və Rusiya miqyaslı ənənəvi konfransların təşkilat komitələrinin üzvü, habelə bu konfransların əsərlərinin redaktoru və tərtibçisidir. Ə.Əliyev 1997-ci ildə Rusiya Raket-Artilleriya Elmləri Akademiyasının müxbir üzvü, 2006-cı ildə RF Hərbi Elmlər Akademiyasının akademiki seçilib.
Ə.Əliyevin rəhbərliyi ilə 2 elmlər doktoru, 5 elmlər namizədi hazırlanıb. O, İjDTU-nun aspiranturası və doktoranturasında müvəffəqiyyətlə “istilik mühərrikləri” və “maye, qaz və plazma mexanikası” ixtisasları üzrə elmi kadrlar hazırlayır.
Ə.Əliyev digər ölkələrdə də tanınır. O, müxtəlif illərdə Çin (Pekin, Şanxay), Misir (Qahirə), Suriya (Dəməşq, Hələb) və Slovakiyada (Trençin) mühazirələr oxuyub.

Ə.Əliyev elmi və pedaqoji fəaliyyətində qazandığı uğurlara görə hökumət və sahə mükafatlarına layiq görülüb. 2000-ci ildə ona “Udmurtiya Respublikasının Əməkdar Elm Xadimi” adı verilib, 2002-ci ildə “Rusiya Federasiyasının fəxri ali peşə təhsili işçisi” döş nişanı ilə təltif edilib. “Sankt-Peterburqun 300 illiyi şərəfinə” medalı, RRAEA-nın “Silahlanmanın və hərbi texnikanın inkişafında xidmətlərinə görə” medalı, Rusiya Kosmonavtika Federasiyasının akademiklər S.P.Korolyov, V.P.Qluşko M.V.Keldış adına medalları ilə mükafatlandırılıb. Onun adı “Kosmonavtika” Ensiklopediyasına (müəllif A.Jeleznyakov), “Rusiya raket-artilleriya elmləri” sorğu nəşrinə, “D.F.Ustinov adına Baltik Dövlət Hərbi Mexanika Texniki Universiteti və onun məzunları” kitabına (müəlliflər A.R.Romanov, M.V.Tribel, S.P.Çernixov, 2006, 2008) daxil edilib.

Biz də dəyərli soydaşımız, çox hörmətli akademik Əli Əliyevi
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və
Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, şərəfli fəaliyyətində və
elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: