Professor ƏSGƏR ƏHMƏDOV (1963)

Professor ƏSGƏR ƏHMƏDOV (1963)
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Əsgər Cahangir oğlu Əhmədov
Volqoqrad Dövlət Aqrar Universitetinin
yer quruluşu və kadastrlar kafedrası müdirinin müavini,
texnika elmləri doktoru, professor.

Əhmədov Əsgər Cahangir oğlu - 1963-cü il fevralın 5-də qədim Borçalı mahalının Başkeçid - indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Yaqublu kəndində çoxuşaqlı ailədə anadan olub.
1990-cı ildə Volqoqrad Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirib. Diplom müdafiəsindən sonra Volqoqrad Dövlət Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı hidrotexniki meliorasiya və geodeziya kafedrasında laboratoriya müdiri kimi əmək fəaliyyətinə başlayıb, eyni zamanda, aspiranturada qiyabi təhsil alıb.
1996-cı ildə Ə.Əhmədov Moskvada namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi olub, 2006-cı ildə isə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Namizədlik və doktorluq dissertasiyaları ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin müxtəlif üsullarla suvarılması ilə məşğul olan sahə təsərrüfatları barədə silsilə işləri əsasında hazırlanıb.
2012-ci ildə professor elmi adı alan Əsgər Əhmədov meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatlarının ümdə istiqamətlərini riyazi planlaşdırma tətbiq etməklə torpaqdaxili və damcı üsulu ilə suvarma sistemlərinin mühüm parametrlərinin əsaslandırılması təşkil edir.
Professor Ə.Əhmədovun bilavasitə iştirakı ilə Aşağı Volqaboyunun müxtəlif torpaq-iqlim şəraitində torpaqdaxili və damcılı suvarmanın inkişafı və nəzəriyyəsinin bir sıra mühüm istiqamətlərində nailiyyətlər əldə olunub. İlk növbədə, bu, hazırda müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunan torpaqdaxili və damcı üsulu ilə suvarmaya, həmçinin çiləmə üsulu ilə suvarmanın fərqli rejiminə aiddir.
Araşdırmalar zamanı Ə.Əhmədov tərəfindən meliorasiya və suvarma sistemlərinin istismarı sahəsində orijinal nəticələr əldə edilib, torpağın köksalma qatında su rejiminin proqnozlaşdırılmasının torpaqdaxili və damcı ilə suvarma sistemləri xarakteristikasının əsas parametrləri ilə əsaslandırılmış riyazi modeli yaradılıb. İlk dəfə Volqa-Don çayarası yer şəraitində torpaqdaxili suvarmanın birtərəfli lokal quruluşu tədqiq olunub, Aşağı Volqaboyu şəraitində suvarma üsullarının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına, artımına və inkişafına təsiri, eləcə də kənd təsərrüfatı bitkilərinin müxtəlif suvarılma üsullarının səmərəliliyinin enerji-iqtisadi qiymətləndirilməsi öyrənilib.
Professor Əsgər Əhmədov müxtəlif beynəlxalq konfrans, konqres və simpoziumlarda, sərgilərdə fəal iştirak edib. O, 300-dək elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 8 dərs vəsaitinin müəllifi və həmmüəllifidir. “Şəhər mühitinin mühafizəsi və monitorinqi”, “Şəhər ərazilərinin idarə edilməsi”, “Təbiətin sahmana salınması investisiya layihələrində qiymətqoyma və smeta-maliyyə hesablamalar” dərs vəsaitləri ali aqrar təhsil müəssisələrinin yer quruluşu və kadastrlar istiqaməti və iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələri üçün dərslik kimi Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən buraxılıb. Son illər professor Ə.Əhmədov və onun tələbələri tərəfindən hazırlanmış 60 tədris-metodik və elmi-tədqiqat materialları Rusiyanın və xarici ölkələrin mərkəzi nəşriyyatlarında çap edilib.
Fəal alim olan Ə.Əhmədov torpaqların mühafizəsi, rekultivasiyası və meliorasiyası istiqamətində doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvüdür. O, aspirantura çərçivəsində yüksək ixtisaslı kadr hazırlığı sahəsində böyük iş aparır. Aparılan araşdırmalar prosesində əldə edilən elmi nailiyyətlərin bir çox nəticələri tədris prosesində istifadə olunur.
1990-cı ildən indiyədək Volqoqrad Dövlət Aqrar Universitetində çalışan Ə.Əhmədov orada müxtəlif illərdə müxtəlif vəzifələrdə işləyib:
Volqoqrad Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı və geodeziya kafedrasının laboratoriya müdiri;
Volqoqrad Dövlət Kənd Təsərrüfatı Akademiyasının təbiət quruluşu texnologiyaları kafedrasında assistent, dosent, professor;
geodeziya və daşınmaz əmlak kadastrları kafedrasının professoru; yer quruluşu və torpaq kadastrı kafedrasının müdiri.
Ə.Əhmədov hazırda ekologiya-meliorasiya fakültəsinin metodik şurasının sədri, fakültə elmi şurasının üzvüdür.
Professor Ə.Əhmədov Moskvada “Qızıl payız” Rusiya aqrosənaye sərgisinin qızıl medalına (2008) və iki bürünc medalına (2010, 2014) layiq görülüb. “Volqoqrad Dövlət Kənd Təsərrüfatı Akademiyası qarşısında xidmətlərinə görə” 3-cü və 4-cü dərəcəli döş nişanları ilə təltif edilib.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından
Volqoqrad Dövlət Aqrar Universitetinin
yer quruluşu və kadastrlar kafedrası müdirinin müavini,
texnika elmləri doktoru, dəyərli soydaşımız,
çox hörmətli professor Əsgər Cahangir oğlu Əhmədovu
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və
Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, şərəfli fəaliyyətində və
elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: